Mayın 19-u Böyük Britaniyada kral ailəsində təntənəli toy mərasimi baş tutdu. Artıq bir neçə gündür ki, həmin toy, eləcə də, şahzadə Harri ilə ailə həyatı quran aktrisa Meqan Marklın gəlinliyi və vizajının sadə olması müzakirə mövzusuna çevrilib. Hətta məşhur “Voque” jurnalı bir neçə gündür sözügedən gəlinliklə bağlı məqalələr yayımlayır. Bəzi dəb ekspertləri isə hesab edir ki, bu toy ilin trendlərini (gəlinlik) müəyyənləşdirəcək.
Müstəqil.Az bildirir ki, məsələ ilə bağlı Kult.az-a danışan modelyer Şəlalə Maqsudova bildirib ki, Azərbaycanda son dövrlərdə xanımlar nisbətən sadə gəlinliklərə üstünlük versələr də, Avropadakı trend hələ bizə gəlib çatmayıb:
“Aktrisa Meqan Marklın gəlinliyi “Jivanşi”( Givenchy) brendinə məxsus, çox sadə ziyafət geyimi idi. Düşünmürəm ki, o qədər sadə gəlinlikdən bizim gəlinlər də istifadə etsin.
Azərbaycanda zövqlər həddindən artıq müxtəlifdir. Bizdə sadə gəlinliklər gündəmə gəlsə belə, 99 faiz xanım bər-bəzəkli gəlinlik istəyir. Hələ ölkəmizdə o dərəcədə sadəliyə meyillilik yoxdur.
Hazırda bizdə çox qabarıq, setkalardan mirvarilərdən, daş-qaşlardan çox istifdə olunmuş gəlinliklərə üstünlük verilir. Hətta belə gəlinliklər dəbdən düşsə də, xanımlar meyl edir”.
Modelyerin sözlərinə görə, digər geyimlərdə olduğu kimi, gəlinliklərdə də bir müddət sonra əvvəlki dəb təkrar olunur:
“Belə bir tendensiya var ki, dəb ildən-ilə dəyişir, amma bu il gündəmdəki gəlinliklər tam şəkildə itmir. Müəyyən vaxtdan sonra tamam yeni bir versiyada dəbə qayıdır. 1980-1985–ci illər arasında daha çox sadə, trapes ətəkli dəbdə olan gəlinliklər öz yerini güpürdən tikilmiş gəlinliklərə verdi. Daha sonra açıq-saçıq, dekoltesi çox olan gəlin paltarları aktuallaşdı. Hazırda isə qolu güpürlü, korset hissəsi qaşlarla, muncuqlarla bəzədilmiş gəlinliklər yenə gündəmə qayıdıb. Artıq gəlinliklərdə dəb getdikcə sadələşməyə doğru gedir. Amma yenə burda da zövq öz sözünü deyir. Ölkəmizdə xanımların əksəriyyəti müəyyən qədər sadə gəlinliklərə üstünlük versələr də, həddən çox bər-bəzəyə meyl edən gəlinlik seçənlər də olur. Bizdə xanımlar daha çox dəb arxasıyca qaçmır, zövqlərinə uyğun seçim edirlər”.
Müstəqil.Az