Dünya rekordçusu Bakıda da qızıl medal sahibi oldu — Fotolar + Yenilənib

Dünya rekordçusu Bakıda da qızıl medal sahibi oldu — Fotolar + Yenilənib

Atıcılıq idmanı üzrə dünyada son 5 ilin ən böyük oyunu Bakıda davam edir.

“Qafqazinfo” xəbər verir ki, dünya çempionatının bugünkü final yarışları 25 metr məsafəyə tapançadan atəş üzrə qadınların mübarizəsi ilə başlayıb.

Yarışın qızıl medalına 40 xalla Almaniya təmsilçisi Doren Vennekamp sahiblənib. Ukrayna isə yığması dünya çempionatında ilk medalını əldə edib.

Belə ki, ukraynalı Olena Kosteviç 31 xalla öz komandasına gümüş medal qazandırıb. 25 xalla bürünc medala yiyələnən Latviya atleti Aqate Rasmane komandasının bu dünya çempionatında ilk uğuruna səbəb olub.

Bu yarışda finala düşmüş Latviya, Tailand, Cənubi Koreya və Tayvan komandasının üzvləri öz ölkələrinə “Paris-2024” Yay Olimpiadasında iştiraka lisenziya qazandırıblar.

***

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında qadınlar arasında 25 metr məsafədə pnevmatik tüfəngdən atəş açma yarışlarında qızıl medal qazanan Doreen Vennekamp bu növdə 2023-cü il üzrə ən yüksək reytinqə malik olan atletdir.

Dünya rekordçusu olan idmançı yarış haqda təəssüratlarını bölüşüb:

“Finala kimi hər şey mənim üçün yaxşı oldu. Həlledici yarışda isə istəyimə çata bildim. Gördüyünüz kimi, medal boynumdadır. Ukrayna təmsilçisi Olena Kosteviçlə aramızda çox yaxşı rəqabət oldu. O, finalın gedişində önə keçə bildi. Bu, təsadüf deyildi. Olena olimpiya medalları qazanan çox güclü idmançıdır. Diqqətimi toplayıb sona yaxın bir neçə sərrast atışla onu keçə bildim”.

28 yaşlı atıcı iddialı danışaraq birinci pilləyə layiq olduğunu bildirib:

“Qızıl medal mənim üçün sürpriz olmadı. Çünki, reytinqdə birinci sıradayam. Yarışdan qabaq Olena mənə yaxınlaşıb dedi ki, məğlub edilməzsən, bunu göstər. Final göstərdi ki, mən həqiqətən birinci yerə layiqəm”.


Share: