Dünya şöhrətli alimdən ilginc açıqlamalar

Professor Rafiq Əliyev: “Ancaq 3-5 nadan adam hesab edər ki, Rafiq Əliyev niyə pulu özünə götürmədi, ora verdi”
“Oğluna da yazdım ki, bunun 1 dolları da Rafiq Əliyevin özəl ehtiyaclarına istifadə olunmayacaq”

Ötən ay vəfat etmiş böyük azərbaycanlı alim Lüfi Zadənin yaxın dostu, elmi irsinin varisi professor Rafiq Əliyevlə müsahibəni təqdim edirik: 

– Rafiq bəy, yaxın dostunuz Lütfi Zadənin vəfatından sonra sizinlə danışmaq imkanımız olmayıb. Dostunuzun sizə bağışladığı mirasdan imtinanız haqqında atdığınız ibrətamiz addım çoxlarına müsbət mənada təsir edib. Hər zaman olduğu kimi, yenə də nümunə göstərdiniz.

-Çox minnətdaram.

-Necə oldu ki, Lütfi Zadənin sizə bağışladığı mirası bağışlamaq qərarını verdiniz? Bu, uzun düşüncələrin məhsulu oldu, yoxsa qəfildən qərar verdiniz ki, belə bir addım atacaqsınız?

-Yox, mən başqa cür də edə bilməzdim. Axı, biz bir-birimizi həm də ailəvi tanıyırıq. Siz bilirsiniz ki, Allah nəfsimi mənə qul eləyib. Mənim pula, şəhvətə, başqa şeyə qəti ehtirasım yoxdur. Digər tərəfdən, axı, Zadənin irsini necə yaşatmaq olar? O cür yaşatmaq olar ki, onun əsərləri, nəzəriyyələri davam eləsin. Məsələn, mən fikirləşmişəm ki, Zadə haqqında esselər yazılsın, müsabiqələr keçirilsin. Yaxud gənc alimlər bu sahədə işləyirlərsə, xaricdəki konfranslara gedə bilmirlər, onlara dəstək üçün, ya da tələbələri gələcəyin sahəsinə, texnologiyalara cəlb etmək üçün dəstək verə bilək. Vallah bu, ani, emosional qərar deyildi. Düzdür, informasiya qəfil oldu, yüzdə-yüz qəti mənim xəbərim yox idi bu məsələdən. Amma axı, bilirsiniz də mənim ABŞ-da çıxan kitablarım hamısı qərar qəbuletməyə həsr olunub. Bu ay 544 səhifəlik kitabım çıxır. Orda da üz qabığında qəribə bir şey vermişəm, vaxtınız varsa, deyim.

-Əlbəttə, buyurun, lütfən.

-Qaranıq meşədir, yol iki tərəfə haçalanır, bir tərəf it hürəndir, digər tərəf işıq gələn. Bu, bizim köhnə nağıllarda, bir də Ramiz Rövşənin şeirində var. Hansı tərəfə getmək lazımdır? Qeyri-müəyyənlikdir. Bəlkə işıq evin “gözü”dür, ya canavarın gözüdür. İt hürən tərəfdə nə var? Ora getsən, nə olar? Yəni mənim son 15-20 ildə işlədiyim qərar qəbuletmə nəzəriyyəsidir. Ona görə də bu, emosional nəzəriyyə deyildi. Fəhmlə gələn qərar da deyildi. Ancaq ani olaraq hesablaya bildim ki, ən düz qərar budur. Oğluna da yazdım ki, bunun 1 dolları da Rafiq Əliyevin özəl ehtiyaclarına istifadə olunmayacaq.

-Bizim insanlar adətən, vəsaitin miqdarı haqda xüsusi maraqlanırlar. Sirr deyilsə, nə qədər vəsaitdən söhbət gedir?

-Təxminən 15 dəqiqə bundan qabaq başqa bir jurnalist mənim yanımda oturmuşdu, elə ordan çıxdım, maşına oturdum. Həmin sualı verdi. İcazə verin, cavab verməyim.

– Etiraz etmək hüququm yoxdur. Professor, Lütfi Zadənin oğluna yazdığınız başqa bir məktub da var: dekabrda nəşr olunacaq kitabdan əldə olunacaq vəsaitdən də imtina edibsiniz…

-Bəli. Deməli, onun tarixçəsi belədir…Bu boyda bir alim olasan, yəni Nyutonla, Eynşteynlə bir sırada olan…Vallah hətta mən deyə bilmərəm ki, kim birincidir, kim üçüncüdür. Maraqlısı budur ki, bu adam kitab yazmayıb. Həmişə məqalələr yazıb, özü də tək. Bir məqalə yazar, bütün dünya bunun ətrafında işləyər, yüzlərlə kitablar yazılar. Amma özü kitab yazmayıb. Hardasa 1 il bundan qabaq – biz onunla hər həftə danışırdıq – mənə məktub göndərdi ki, gəl bu qeyri-səlis məntiq barədə bir kitab yazaq, tarix üçün qalsın. Və bu kitab iki hissədən ibarət olsun. Birinci hissəsini – nəzəriyyəni biz yazırıq, yəni Zadə-Rafiq Əliyev. İkinci hissə isə bu 50 ildə dünyada seçilmiş, bu sahələri iqtisadiyyata, təbabətə, başqa yerlərə tətbiq edənlər yazır, biz redaktor oluruq. Mən də ABŞ-dakı “World Scientific” nəşriyyatı ilə kontrakt bağladım, müqavilənin surətini ona göndərdim, dedim ki, o kitabı dekabrda verəcəyik. Orda olan qonorar da…Demək ürəyinə dammışmış, mənə yazmışdı ki, əgər bir ekstremal hadisə olsa – deməmişdi ki, dünyamı dəyişsəm – qonorarımı oğlumun adına keçirərsiniz.

-Ata kimi oğluna münasibəti təbii qarşılana bilər. Bəs, Zadənin oğlunun maddi vəziyyəti necədir?

-Oğlu milyonerdir. Həqiqətən milyonerdir. Özü təqaüdlər təyin edir, tələbələrə köməklik göstərir. Üstəlik, özü də professordur.

-Elə isə ortaya belə sual çıxa bilər: Lütfi Zadə bu vəsaiti milyoner oğluna yox, bir azərbaycanlı qaçqın, yaxud şəhid ailəsinə vəsiyyət edə bilməzdimi?

-(Gülür) Bu, bir az başqa məsələdir. Qədir Rüstəmovun məsələsinə oxşadı. Bir jurnalistə dedim ki, ayıb deyil belə şey yazırsan? Bir dəfə yazılmışdı ki, Zadənin ən çox xoşladığı musiqi Qədir Rüstəmovun “Sona bülbülləri”dir. Amerika həyatını başa düşmək lazımdır. Amerika həyatı təmiz başqa şeydir.

-Rafiq müəllim, inanın ki, mən sadə azərbaycanlının sizə bu yerdə ünvanlayacağı sualı səsləndirdim. Bir sıra hallarda müzakirələr aparılır, hətta oğlunun dəfn mərasimində iştirak etmək üçün Azərbaycana gəlməməsi, buna ehtiyac görməməsi də suallar doğurdu. Yəqin sizin bu məsələlərə cavabınız var.

– Mənim cavabım odur ki, Amerika həyatını yaşayıb bilmək lazımdır. Amerika həyatı başqadır. Oğlu ehtiyac bilmədi deyil. Bir az əvvəl həmkarınız da bu sualı mənə verdi. Bu suala cavab vermək üçün Amerikada yaşamaq lazımdır. O, 18 yaşından sonra çıxır gedir, 3 il, 5 il, 10 il nə ata görür, nə ana. Orada ailə münasibəti bir az başqadır. Amma oğlu dəfninə qədər nə lazımdırsa, hər bir şeyi elədi, bir övlad kimi vəzifəsini yerinə yetirdi. Amma dedi ki, o basdırılacaq, mən burda hər bir şeyi elədim. Amerika həyatı başqadır.

-Maraqlıdır, Lütfi Zadənin oğlu sizin addımlarınıza necə reaksiya verdi?

-Çox yaxşı reaksiya verdi. Mənə məktub yazdı ki, bəs, təşəkkür edirəm ki, bu cür edirsiniz, atamın irsi yaşayır. Özü də mənə elə gəlir ancaq 3-5 nadan adam hesab edər ki, ə, Rafiq Əliyev niyə pulu özünə götürmədi, ora verdi? Mənə belə gəlir. O da başa düşdü ki, bu vəsait ancaq Lütfi Zadənin irsini yaşatmaq üçün istifadə olunacaq.

-İrsin yaşadılması üçün yetərli vəsaitdirmi? İlkin addımlara bəs edəcəkmi?

-Bilirsiniz, mən istərdim ki, əgər mümkün olsa, bu yazını bir çağırış kimi vermək lazımdır. Bu, sizdən asılıdır.

-Buyurun, professor.

-Burda əsas söhbət…Təbii ki, onun göndərdiyi miras elə də böyük deyil ki, bu qədər böyük işlərə sərf olunsun. Elə də böyük deyil. Bəzi yazılarda qeyd olunur ki, böyük miqdarda pul mirası qoydu. Sən bilmirsən nə miqdardır. Elə deyil axı. Bu, bir çağırışdır ki, ay Azərbaycan alimləri, oliqarxları, iş adamları, Zadədən danışırsınız, Zadədən yazırsınız, vətənpərvərlikdən yazırsınız…Zadə ölümü ilə bu torpağa bir möhür vurdu, torpağı şöhrətləndirdi, sən də bir şey elə də, bu Zadəni yaşatmaq üçün!

-Professor, yəqin ki, Zadə sizin Nobel alacağınız günü görməyi çox arzulayırdı. Bizim də hər birimiz o günün arzusundayıq. O günlə bağlı bizə bir müjdəniz varmı?

-(gülür) Allah ona min rəhmət eləsin! O Finlandiyaya, başqa yerlərə müraciət etmişdi, bu barədə məktublarının surətini mənə göndərirdi. Ora elə bir yerdir ki, dünyada heç kim ora təsir edə bilmir. Mən buranı ən obyektiv yer sayıram. Düzdür, sülh sahəsi, ədəbiyyat sahəsində yox, elm sahəsində ədalətli yer sayıram. Zadənin mənə axırıncı dediyi bu idi ki, Rafiq bu işə onlar adət eləməlidirlər. Bir dəfə, iki dəfə, üç dəfə, adət eləməlidirlər. İndi sağlıq olsun, Allahın izni ilə.

-Bəs, Lütfi Zadədən sonra Nobel işində sizə dəstək olacaq məşhur isim varmı?

-Zadənin də dəstəyi bilirsiniz necə idi? Həmin komitədə Zadə yoxdur. Amma Zadə o sahədə Nobel mükafatı almış adamlara məktub yazırdı. İndi bilmirəm, əgər layiq olsaq, verəcəklər. Sağlıq olsun.

-Zadənin oğlu sizə əvvəlki münasibəti saxlayırmı? Maraqlıdır, sizə necə müraciət edir?

-“Əzizim Rafiq”. Belə xitab edir. Onun hardasa 66-67 yaşı var. Bir az yaş fərqimiz var.

-Əlaqələr bundan sonra da davam edəcəkmi?

-Təbii ki. Biz onlarla ailəvi dost olmuşuq. Mənim həyat yoldaşımla Fey Zadə çox yaxın rəfiqə olub. Yaş fərqləri böyük idi, amma bir-birinə simsar, yaxın idilər. Yəni ailəvi yaxınlığımız olub həmişə, ona görə də bunu unutmaq olmaz ki.

-Allah hər ikisinə rəhmət eləsin! Lütfi Zadənin məzarını ziyarət edirsinizmi?

-Şübhəsiz. Bu günlərdə Ramiz Rövşənlə, Musa Yaqubla danışdım, hamımız yığışıb gedəcəyik məzarı başına.

– Lütfi Zadənin adını daşıyan təşkilatın hədəfləri barədə nə deyə bilərsiniz?

-Bu təşkilatı təxminən 20 il bundan qabaq yaratmışıq. Yəni qanuni yolla, qeydiyyatdan keçirilib. Amma bundan sonra daha da güclənəcək. Çünki onun özü yoxdur, onun irsini yaşatmaq üçün xeyli işlər görəcəyik. Hələ mən düşündüyüm budur. Tələbələr, gənc alimlərlə bağlı düşüncələrim var. Esselər yazılmalıdır və s. Oturub plan tutacağıq.

-Azərbaycan dövləti Zadəyə prezident səviyyəsində sahib çıxdı, ən yüksək səviyyədə dəfni təşkil edildi. Ola bilərmi ki, sizin bu təşkilatın aparacağı işlərə, tələbələrin, alimlərin dəstəklənməsinə dövlət səviyyəsində də qayğı göstərilsin? Siz şəxsən belə münasibəti gözləyirsiniz?

-Vallah onu deyə bilmərəm. Eləsə, çox yaxşı olar.

Elşad PAŞASOY

Share: