“Dünyada ən çox dostu olan insan mənəm…”-İlqar Türkoğlu ilə müsahibə

Dünyada ən çox dostu olan insan mənəm…

– Xoş gördük! Hüquqşünas, şair, Türkçü və dost İlqar Türkoğlu! Sizi kənardan belə tanıyırlar. Bəs öz nöqteyi-nəzərinizdən yanaşdıqda bu adlardan hansına daha çox üstünlük verərdiniz?

– Günaydın, Narıngül xanım! Xoş gördük! Doğrusu, heç vaxt özümü nə şair kimi görmüş, nə də bu qisimdə təqdim olunmağımdan xoşlanmamışam. Şeir mənim üçün fikir və düşüncələrimi müxtəlif tədbirlərdə insanlara çatdırmaq üçün bir vasitədir. Yazdıqlarımın çoxu əsasən, yaşadığımız həyatın – bu günümüz və sabahımızın neqativlərini özündə əks etdirməklə cəmiyyətimizi bir çox pis vərdişlərdən uzaqlaşmağı təbliğ edən şeirlərdir. Bu şeirlərdə öz daxili aləmimi, xarakterik cizgilərimi dərhal hiss etmək olar. Mən, əsasən bir amal olaraq, türkçülüyə, milli dəyərlərə sonsuz sevgi bəsləyir və bu yola həyatımın önəmli hissəsini sərf etmişəm. Amalı, əməli doğru olanların təbii ki, dəyərli dostları da çox olar. Bu baxımdan, mən dostlarımla fəxr edə bilərəm.

-Deməli, Türkçü sözünü adınızın qarşısından böyük hərflərlə yazmaq olar. “Türkoğlu” təxəllüsünü seçməyiniz də yəqin ki, təsadüfi deyil…
Ümumiyyətlə,Türkçülük nədir sizin üçün?

– Sualınıza cavab verməzdən öncə bildirim ki, milli taleyimiz, milli azadlığımızla, eləcə də türk xalqlarının mənəvi birliyi və mədəni-siyasi əlaqələri ilə bağlı bir sıra elmi və siyasi məqalələr yazılmış, müxtəlif ictimai və kütləvi tədbirlər keçirilsə də, bu günümüz və sabahımızla bağlı olan bir sıra ciddi problemlər öz həllini gözləməkdədir.
Əsas sualınıza cavab olaraq bildirim ki, uzun illər sovet-rus ideoloqlarının “panturkizm” və “panturanizm” barəsində elmi və tarixi həqiqətlərdən uzaq olan uydurmaları Azərbaycan türkünün və digər türk xalqlarının milli özünüdərk prosesinin qarşısını müəyyən dərəcədə alsa da, bu istəyi tamamilə söndürə bilmədi.
Məlumdur ki, Şərqi Avropadan tutmuş Orta Asiyaya, Şərqi Sibirə, Altaya və Saxalinədək ərazilərin aborigen sakinləri olan qədim türk xalqları yaşamaqdadır ( türkdilli xalqlar yox, məhz türk xalqları!).
Təəssüf ki, bu gün də milli radio və televiziyalarımızda, eləcə də bəzi mətbuat səhifələrində heç bir məntiqə sığmayan, imperiya ideologiyasının ”ixtirası” olan “türkdilli xalqlar” ifadəsi işlədilir.
Məlum həqiqətdir ki, müxtəlif ərazilərdə yaranan və formalaşan müxtəlif adlı dövlətərdə yaşayan ərəb və slavyan xalqlarını nə “ ərəbdili” nə də “ slavyandilli xalqlar” adlandırmırlar. Belə olan halda, bu gün hər şeyi öz adı ilə çağırmaqda, görəsən, bizə nə mane olur?
Bu baxımdan, təbii, Türkoğlu təxəllüsünün seçilməsi təsadüfi olmamışdır. Hələ uşaqkən, 40-45 il öncədən ata nənəmin Nikolay dövründən qalma (ata nənəmlə ata babam əmiqızı, əmioğlu olublar) əski slavyan(staroslavyan)- kiril qrafikasında yazılmış döğum sənədini oxuduqda, milliyət (nasionalnost) bölümündə türk (turçanka) yazılmışdır. Nənəm 1880-1992 ci il doğum tarixi olaraq 112 il ömür sürmüşdür. Bu, o zamanlar idi ki, türk anlayışı Osmanlıda yox dərəcədə idi. Bugün bir çox etnik qurumların nümayəndələrinin türk adına çox aqressiv yanaşmasını heç cür anlaya bilmirəm. Mən, hər zaman, Azərbaycanda yaşayan bütün azsaylı xalqları öz ulusumun doğma övladları hesab etmişəm, bu gün də o fikirdəyəm. Lakin, iki cüt, bir tək sayı olan etnik öz milli mənsubiyyəti ilə öyünərkən TÜRK nə səbəbdən türklüyü, böyüklüyü ilə fəxr edə bilməsin?!

-Türkçülükdən söz düşmüşkən, siz Türkiyənin Adana şəhərində yerləşən Çukurova Ədəbiyyatçılar Dərnəyinin (ÇED) Azərbaycan təmsilçisisiniz. Mümkünsə, bu dərnək və oradakı fəaliyyətiniz barəsində danışardınız…

– Çukurova Ədəbiyyatçılar Dərnəyi (ÇED) uzun illərdi, Halise xanım Təkbaşın rəhbirliyi ilə, Türk Dünyası şair, yazar və sənətçilərlə ədəbiyyat və sənət tədbirləri, festivallar düzənləyir. Bütün bunlar, birlik və bərabərliyimiz yolunda, çox böyük rol oynayan tədbirlərdir. Bu, ÇED-in onursal başkanı olaraq, mənim hər hansı rəsmi vəzifə daşımağım anlamına gəlmir. Ümumtürk ideyalarının daşıyıcısı olaraq, fəaliyyətimizi qutsal dəyərlərimizin, ədəbi və mədəni əlaqələrimizin üzərində qurduğumuzdan mən təkcə Azərbaycanda yox, həm də Orta Asiya türk respublikaları və Rusiya Federasyonunda yaşayan türklərlə koordinatorluq işlərini aparıram.

-Dərnəyin keçirdiyi ədəbiyyat və musiqi festivalları ilə bağlı Adanaya olan məlum səfərləriniz heç də həmişə birmənalı qarşılanmır. Sizin təşkilatçılığınızı yüksək qiymətləndirənlərlə yanaşı, umu-küsü edənlər, nümayəndə heyətinin tərkibindən narazılıq edənlər də tapılr. İştirakçıları seçərkən hansı meyarlara daha çox üstünlük verirsiniz və nümayəndələr sizcə, Azərbaycan ədəbiyyatını layiqincə təmsil edə bilirlərmi?

-Bildiyiniz kimi, sizin də ikinci dəfə qatıldığınız, sayca 5- ci olan, bu festivallar hər il Adanada Çukurova Ədəbiyyatçılar Dərnəyinin təşkilatçılı ilə düzənlənir. Düzdür, festivallara Azərbaycandan hər il çoxsaylı şair, yazar və sənətçilər, eləcə də qonaq qismində qatılanlar olur. Etiraf edim ki, iştirakçılar arasında zaman- zaman özünü doğrultmayan, bu tədbirlərə özünün əyləncə məkanı kimi baxan insanlar da olub. İş olan yerdə qüsurlar qaçılmaz olur. Seçim meyarlarına gəldikdə isə, çalışıram ki, hər il daha çox ədəbi cameənin tanınmış simaları, əsil qələmi, ictimai mövqeyi ilə tanınan insanları dəvət edim. Bütün qüsurlara rəğmən, özünüz də şahidi olmusunuz, Azərbaycandan gedən qrup üzvlərinin çıxışlarının festivalın daha maraqlı və şən keçməsində müstəsna rolu olub.

-Türkiyədə çox olursunuz. Bu qardaş ölkəyə olan sevginiz bəllidir. Ordakı Azərbaycan sevgisi necə, sizin sevgiylə tən gəlirmi?

– Maraqlı sualdır. Təbii, Türkiyəmizin Azərbaycana olan qardaşlıq sevgisi çox böyükdür. Mən istərdim ki, bu sevgi digər türk qövmlərinə də eyni dərəcədə olsun. Neçə ildir ki, hamımızın umduğu, haqlı olaraq güvənc yeri hesab etdiyimiz Türkiyəmizdə müxtəlif tədbirlərə qatılıram. Yeri gəlmişkən, 2014-cü ilin aprel-may ayında Türkiyə Milli Düşüncə Mərkəzində oldum. Mövzu 1915 ci illərdə baş verən hadisələrə, erməni sorununa həsr olunmuşdu. Bütün çıxış edənlər, tarixçi-araşdırmaçı alimlər, demək olar ki, məsələyə eyni mövqedən yanaşırdı. 1915-ci illərdə rus-erməni birləşmələrinin Qarsda,Vanda, Ərzurumda türklərə qarşı törətdikləri qətliamları, soyqırım faktlarını söyləyirdilər.Yekunda mən söz alaraq, çıxış edən tarixçi alimlərə sual verdim ki, siz bir tarixçi olaraq bilmirdinizmi ki, bu qətliamların başında duranların biri bugünkü Məsud Bərzaninin dədəsi (babası) Molla Mustafa Bərzani olub? Niyə bu gün Türkiyənin dövlətçiliyini təhtid edən kürdlər, PKK barədə bir kəlmə danışılmır? Niyə Çində, İraqda, Krımda, Qarabağda hüquqları pozulan, öldürülən türklərə biganəlik göstərilir? Niyə ərəb, fələstinli, kürd qardaşlarımız deyib, car çəkirsiniz? Bu nə milli düşüncədir? Onlara bildirdim ki, bu günlərdə Estoniyada keçirilən və Türkiyənin iştirak etmədiyi Uluslararası tədbirdə mənim ölkəmin prezidenti çıxış edərək,”Türkiyə burada olmasa da biz qardaşlarımızı əvəz edirik, onun yanındayıq” söyləmişdi. İndi görün, kim daha milli təssübkeşçi, daha çox millidir, türkçüdür. Özləri də sonradan bu məqamı dönə-dönə etiraf etdilər. Ümumiyyətlə, mənim Türkiyəmizlə bağlı, onun dövlətçiliyinə yaranan təhlükə ilə ilğilı çox narahatçılıqlarım var.

-Səbəbini bilmək olarmı?

– Çünki insanların əksəriyyətinin dini baxışlarında, bir ümmətçilik , bir ərəb sevdalılığı hökm sürür. Ancaq bununla bərabər onu da qeyd edim ki, Türkiyənin qürurverici İstiqlal savaşının bitdiyi məkanda noyabr ayında İzmir tədbirindən sonra, az da olsa, rahatlıq tapdım. Burada, Türkiyənin İstanbul və Ankaradan sonra 3-cü böyük şəhərində böyük Atatürkə çox böyük sevginin şahidi oldum.

-Bu günlərdə çox böyük və türkçülük üçün əhəmiyyətli olan bir layihəyə imza atmısınız. “ Dünya Türklərinin Koordinasiya Mərkəzi” adlı təşkilat yaratmısınız. Bu ideya hardan yarandı və mərkəz hansı prinsiplər əsasında fəaliyyət göstərəcək?

– Əslində, bugün dövləti, dövlətçiliyi olan, eləcə də yarımmüstəmləkə şəklində yaşayan türk xlqları özgürlükləri və birlikləri üçün müxtəlif qurumlar yaratmaqla təşkilatlanmağa çalışırlar. Bu qurum və qrupların fəaliyyətinin koordinasiya olunması isə çox önəmlidir. Bunun üçün, ilk öncə, bu təşkilatlar arasında ədəbi və mənəvi körpülərin salınmasına böyük ehtiyac duyulur. Bəllidir ki, bu təşkilatların fərdi fəaliyyətinin effektsizliyindən bu günədək hər hansı uğura nail olunmayıb. Hansı türk dövləti olmasından asılı olmayaraq, orda fəaliyyət göstərən milli düşüncə mərkəzləri ilə əlaqələrin qurulması üçün bir Koordinasiya Mərkəzinin yaradılması ideyası çoxdan məni düşündürürdü.

-Təşkilatın fəaliyyəti barəsində məlumat verərdiniz…

-Bu, sadəcə, hələ təşkilatın adının elan olunmasıdır. Hazırda DTKM-in Nizamnaməsi üzərində işləyirəm. Təşkilati prosedurlardan sonra, müzakirə üçün, Nizamnaməni ictimaiyyətə təqdim edəcəm. Bu, bütün təklif və rəylər nəzərə alınmaqla ümumi bir sənəd olacaq. Buna nə dərəcədə nail olunmasını isə gələcək göstərəcək.

– Siz həm də təcrübəli hüquqşünassınız. Təbii ki, bir hüquqşünas kimi yazılmış qanunların pozulmasına hüquqi tərəfdən sədd çəkməyi bacarırsınız, bəs yazılmamış qanunların pozulması sizə necə təsir edir?

– Uzun illər bu sahə üzrə fəaliyyət göstərmişəm.Hazırda ”İntellektual Hüquq Mərkəzi” nin təsisçisi və direktoru vəzifəsində çalışıram. İşimiz əsasən, Mülki, İnzibati, Cinayət, Müəlliflik və Əlaqəli Hüquqlar, eləcə də vergi, audit xidmətlərinin göstərilməsindən ibarətdir. Hər zaman haqqın yanında olub, ədalətin qələbəsini arzu etmişəm. Di gəl ki, çox zaman baş verən ədalətsizliklər qarşısında aciz qalmalı olursan. Qanunu Şah olan cəmiyyətlərdə ən yüksəkdə insan hüquqları, insani dəyərlər hökm sürür. Belə ölkələrdə kriminogen durum da çox sabit olur. Ölkəmiz müstəqillik əldə edəndən sonra Beynəlxalq Qanunlara bərabər səviyyədə Normativ Hüquqi Aktlar bazası işlənib hazırlandı.Təssüflər olsun ki, bu qanunlara məhəl qoymayıb öz şəxsi marağını güdənlər hələ də çoxluq təşkil edir.

– Dostluğa çox qiymət verən insansınız. Ətrafınızda o qədər dostlarınız var ki, hətta sizə qibtə etmək də olar. Yəqin ki, bu sizin dostlara qarşı olan səmimiyyət və sadaqətinizdən qaynaqlanır. Bəs dostlarınız necə, sədaqətlidirmi sizə?

– Mənə elə gəlir ki,mən dünyada ən çox dostu olan bir insanam. Dostluqlarına hədsiz önəm verdiyim dostlarımla fəxr edə bilərəm. Doğma qardaşıma əsirgədiyimi dostuma çox məmnunluqla verə bilərəm. Həyatdır, naxələf çıxanlar da bəzən olur.

-Dostlara həsr etdiyiniz bir şeiriniz də vardı…

-Bu şeirim dostlarıma həsr etdiyim ən saf duyğularımdır:
Yaxşının yolunda daş dayanmasın,
Qurunun oduna yaş da yanmasın,
Nəyimə gərəkdi, qaş dayanmasın,
Dostları qoymuşam gözümün üstə!
Tən olsun cavana- qocaya dostu,
Tanrı qaldırıbdı ucaya dostu,
Bölmədim a dostlar, hecaya “dost”u,
Dost kimi durmuşam sözümün üstə!
Haqqın işığına çəni qatmayın,
”Vergülü qatmayın, “və”ni qatmayın.
Heç vaxt əyri işə məni qatmayın,
Hazıram ölməyə “düz”ümün üstə!
Əzəldən könlümün gözləri toxdu,
Quruca daxmamın əyarı çoxdu.
Görsəniz yalandı, heç biri yoxdu,
Söyləyin günahı üzümün üstə!
Seçib zərrə- zərrə Yaradan, belə,
Ağı ağdan belə, qaradan, belə.
Damcı su da keçməz aradan, belə
Bir Ocaq yandırın közümün üstə!

-Gözəl şeirdir… Müxtəlif mətbuat orqanlarında, sosial şəbəkələrdə şeirlərinizə rast gəlirik. Poeziya sizi nə vaxtdan çəkməyə başladı? Ümumiyyətlə, şeir nədir sizin üçün?

– Hələ orta məktəbdə oxuyanda şeir yazmağa başlamışdım. Ara- sıra rayon qəzetində şeir və məqalələrim dərc olunurdu. Sonradan ordu sıralarında hərbi xidmətdə olmağım, universitet illəri, idman məni bu sahədən uzaq saldı. Demək olar ki, 20 ildən artıq bir zamanda, respublikada baş verən ictimai- siyasi təlatümlər, Qarabağ müharibəsi mühitində şeir yazmaq könlümdən keçmədi. Gənclikdə yazdığım 96 vərəqlik şeir dəftərim sanatoriyada itdikdən sonra uzun illər yazmaq həvəsim olmadı. Sonralar yazdıqlarımın çoxunu da əvvəlki facebook profilimin silinməsində yox etdim. Bu sahədə çox səhlənkar olduğumdan şeirləri yığmaq mənim üçün çox müşkül bir məsələdir.

-Necə oldu şeirə qayıtdınız?

-Son illər, daha çox, ictimai fəaliyyətimlə bağlı tədbirlərdə yaradıcı insanlarla, şair və yazarlarla tez- tez görüşlərimiz məni yenidən poeziyaya- şeirə qaytardı. Şeir nəsrdən fərqli olaraq daha məntiqli və lakonik olduğundan ictimai- siyasi duruma təsir etdiyindən daha çox oxunur.

-Müxtəlif səpkili şeirlərinizə rast gəlinsə də, sevgi şeirləriniz daha çox diqqət çəkir. Sizin sevgi şeirləriniz həsrət və nisgil dolu, bədbin ruhda yazılmış ənənəvi sevgi şeirlərindən fərqlənir. Bu şeirlərdə bir qədər də incə yumor, xoş əval-ruhiyyə, sevgiyə inam nikbin notlarla özünü biruzə verir. Həyatda necə əbədi sevgiyə inanırsınızmı?

-Sosial şəbəkələrdə, xüsusilə də facebookda, problemlərini insanlara “sırıyanlardan” heç vaxt xoşlanmamışam. Təbiətən narahat, hər şeyi tez ürəyinə salan biri kimi paylaşılan “xəbərlər”dən uzun müddət özümə gələ bilmirəm. Bu səbəbdən də facebbokda az- az görünürəm. Əhvalımın ən pis olduğu vaxtlarda da nəsə şən, insanların kefini oxşayan bir əhvalat, yaxud bir sevgi şeiri paylaşmağa çalışmışam. Dostlarla tez- tez məclis qurub, yeyib- içən biri kimi, nə qədər “meyxanələrdə” vaxtımı “öldürsəm” də, qadına- gözəlliyə olan sevgilərimi saf və səmimi dilə gətirir, bəzən incə yumorla misralara düzürəm. Çoxlarının yarızarafat, yarıciddi qarşıladıqları şeirlərimdəki detallar, nöqtə- vergülünə kimi, öz yaşadıqlarım, öz həyatımdır:

Daha qaçıb dadı-tamı aşımın,
Daha gülmür o sevdalı baxışlar.
Azalmayır çən-dumanı başımın,
Sıxıldıqca gözlərimdə yağışlar.

Yol azdırır uçuq-sökük səkilər,
Mən gələnə qədəhləri dəst elə.
Kafelərdə zəhlə tökür saqilər,
Dodağının şərabında məst elə.
Aradabir sicilləmə sorğular,
Qısqanırsan feyisbuka,yutuba.
Qoy öldürsün sətiraltı vurğular,
Quzu kəsim dilindəki xitaba.
Sərildikcə ayağına güllərim,
Sevincini gözlərindən içirdim.
Saçlarında dolandıqca əllərim,
Divarları ürəyimdən keçirdim.
Uzaqları çəkib yaxın elədim,
Bilirəm ki, ürəyimə sən ovda.
Saya-saya ulduzları ələdim,
Ötən deyil,bitən deyil bu sevda.

– Özünüzün də qeyd etdiyiniz kimi, şeirlərinizdə vətən sevgisi, doğma yurdun təəssübkeşliyi və bir qədər də uşaqlıq illərinin nostaljisi də diqqəti çəkir. Uşaqlıq illərinizi necə xatırlayırsınız?

– Hər birimiz qayğılı, bəzən qayğısız uşaqlıq illərini nostalji hisslərlə xatırlamağı sevirik. Mən bir dağ kəndində doğulub, böyüyüb, boya-başa çatmışam. Uşaqlıq illərim təbiətin dilbər guşəsində keçməklə yanaşı, onun kaprizləri də yaddaşımda bir çox izlər qoyub.Vətənə, torpağa bağlılıq da canla, qanla duyulan bir hissdir.
Səndən ayrılalı, saçlarımda dən,
Uşaqlığım itdi elə o gündən.
Elə darıxmışam, darıxmışam mən.
Həsrətdən a kəndim, sıxılıb ürək,
Səninlə görüşə qayıdam gərək!
Bir bulaq həsrətdən dolubdu indi,
Qaraxal lalələr solubdu indi,
Söyüdlər saçların yolubdu indi,
Son bahar dözməyib, bir az da kövrək
Səninlə görüşə qayıdam gərək!
Əlimdə daşların xınası qalıb,
Gözümdə suların aynası qalıb,
Hələ toxunmamış xanası qalıb,
Yatmayıb bir ana, gecə sübhədək
Səninlə görüşə qayıdam gərək!
Boşalıb el-oba, azalıb sayı,
Gözləyən qızların bir oğlan payı.
Ata ocağında bir övlad hayı,
Ana ürəyində min arzu, istək
Səninlə görüşə qayıdam gərək!

Bu şeirimdə isə yağmalanmış vətən torpağının acısına bürünmüş hiss və duyğularıma hakim ola bilmədim:

Xocalıda qurulmuşdu”oyunu”
Bölündükcə bəyə-xana, vətənin.
Bir lalənin, bir fidanın toyunu
Boyadılar bayrağına vətənin.
Qulağımda səsləndikcə ağılar,
Sıralanır gözlərimdə “axı”lar.
Başa keçib, sahib olur yağılar,
Həm balına, həm yağına vətənin!
Başım üstən çəkilmədi, getmədi,
“Min bir gecə” min ildi ki, bitmədi.
Farsa- rusa əyildikcə, yetmədi,
Çiyinlərim dayağına vətənin.
Bazar açıb, top əvəzi at alar,
Düşmənini tanımayan atalar.
Xəyanətin ürəyindən atalar,
Daş dəyməsin ayağına vətənin!
O tay, bu tay, hələ yarı gedirəm,
Canımda can, gücüm varı, gedirəm.
Bir yol tutub Tura sarı gedirəm,
Ümid olub mayağına vətənin.

-2015- ci ildə ilk şeirlər kitabınız çıxıb. Yeni şeirlər kitabınızı nə vaxt görəcəyik?

– İlk növbədə şeirlərimə tez-tez öz səhifəsində yer ayıran müxtəlif sayt və portallara, mətbuat orqanlarına təşəkkürümü bildirirəm.
Deyim ki, gənclikdə yazdığım 96 vərəqlik şeir dəftərim sanatoriyada itdikdən sonra uzun illər yazmaq həvəsim olmadı. Sonralar yazdıqlarımın çoxunu da əvvəlki facebook profilimin silinməsi nəticəsində “yox etdim”. Bu sahədə çox səhlənkar olduğumdan şeirləri yığmaq mənim üçün çox müşkül bir məsələdir. Gələn ildə, ayrıca, həm özümün şeirlər kitabımı, həmdə Tatarıstan Yazarlar Birliyi İdarə heyətinin üzvü, “Kazan odları” jurnalının baş redaktoru Rüstəm Kaliullindən tərcümə etdiyim, təxminən 300 səhifədən ibarət olan hekayələr kitabını nəşr etdirmək planımda var.

-Və sonda… Uğura inanırsınızmı?

-Uğur, əlini əlinin üstə qoyub, Tanrıdan diləməklə hasil olmur. İnsanların, tənbəllikdən, çox vaxt özünün bacara biləcəyi işə “mistik varlıqları” qoşmalarını, köməyə çağırmalarını anlamıram. İnsan həyatın sərtliklərini, daşlı- kəsəkli yollarını keçməklə uğura nail ola bilir. Təsadüfi uğurları gəldiyi kimi bir anda qeyb də edə bilərik. Özümə gəldikdə isə, hələ öyünəcək elə ciddi uğura imza atmamışam, bununla belə, planladığım bir çox işlər var ki, onları uğurla hədəfə çatdıracağıma inanıram.

– Eləysə, sizə bol-bol uğurlar diləyirik!

– Təşəkkür edirəm! Var olun !

(Veten-Tv)

Narıngül

Share: