Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda istedadlı şair, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsinin məsləhətçisi, “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin və “Zərif” Ədəbi Qadınlar Birliyinin rəhbəri Xatirə Fərəclinin rus dilinə tərcümə olunmuş “Qış ağacları” adlı şeirlər toplusundan ibarət kitab-almanaxın təqdimatı keçirildi.
Təqdimatı giriş sözü ilə açan tənqidçi, ədəbiyyatşünas Əsəd Cahangir şair Xatirə Fərəclinin yaradıcılıq fəaliyyətindən geniş bəhs edərək bildirdi ki, “Mədəni İnkişafın Təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ədəbiyyatımızın, mədəni irsimizin dünyada tanıdılması təşəbbüsləri çərçivəsində “Dünyada biz” layihəsinə əsasən icra olunan bu kitab-almanaxın rus dilində nəşri, məhz rusdilli oxucular üçün nəzərdə tutulubdur. Azərbaycan ədəbiyyatında sevilən simalardan biri olan Xatirə Fərəclinin şeirlərinin dünya miqyasında tanıdılması məqsədi ilə tərcümə olunan kitab-almanaxın ərsəyə gəlməsində əziyyəti olan tərcüməçilərdən Giya Paçxataşvili, Fəxrəddin Qəribsəs, Serqey Televnoy və Vaqif Rəsul, redaktor Samirə Şaqavatova, rəssam Sehran Allahverdi və korrektor Şəbnəm Hüseynovanın əməyi böyükdür. Layihənin rəhbəri Xatirə Fərəcli ölkəmizin hər bir bölgəsində, o cümlədən işğaldan azad edilən Qarabağ torpağımızda, doğma Şuşamızda dəfələrlə olub, keçirilən dövlət əhəmiyyətli tədbirlərdə yaxından iştirak edibdir. Vətənə məhəbbət, sevgi dolu şeirlərində ədəbiyyatımızda sözünü demiş, bir sıra tanınmış şairlərlə dialoqa girib mübarizə aparmağı bacaran qələm sahibini Səməd Vurğun, Rəsul Rza və başqalarının davamçısı hesab etmək olar. Seirlərdəki fikir, məfhum, məna oxşarlığı, yəni analoji və eyni zamanda psixoloji təsirlər Xatirə xanımı özünəməxsusluğu ilə ədəbiyyatımızda daha çox sevdirir və tanıdır.
Qızmar avqust günündə keçirilən tədbirdə Azərbaycanın tanınmış şəxsiyyətləri, şairlər, yazıçılar, jurnalistlər, alimlər, professorlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri və müxtəlif peşə sahibləri iştirak etdi. Onlardan Sabir Rüstəmxanlı, Şövkət Zərin, Yusif Nəğməkar, Giya Paçxataşvili, Vaqif Rəsul, Firudin Qurbansoy, Ənvər Həzərxanov, Aida Eyvazlı, Əlisəmid Kür, Nazir Rüstəm, Hümbət Həsənoğlu, Mayıl Tağıyev, Mədaxil Cavadlı, Əliyar Mərdiyev, Rəfael Həbiboğlu, Narıngül Nadir, Güləmail Murad, Arzu Nehrəmli, Şəfəq Sahibli, Aləmzər Sadıqqızı, Aydın Əbilov, Maşallah Məftun, Hikmət Fərzəli, Nəcibə İlkin, Aygün Hacıyeva, Qəmzə Yusubova, Aynurə Ulduz, Fəxrəddin Teyyub, Fəxrəddin Meydanlı, Esmira Rəhimova, Səringül Qurbanova və başqaları çıxış edərək “Qış ağacları” adlı kitab-almanaxın oxucular üçün dəyərli olduğunu və başqa millətlərin də ədəbiyyatımızla tanış ola biləcəyini söylədilər.
Çıxış edənlər məfkurəvi simasına hopmuş və poetik duyğularla ağ varaqlar üzərinə süzülən daxilindəki əbədi nurun sahibi Xatirə Fərəclinin yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirərək onun fədakarlığından, səmimiyyətindən, sadəliyindən, Vətəninin hər daşını, kəsəyini, çölünü, çəmənini, çiçəyini ürəkdən sevməsindən danışaraq qayğıkeş ana, bacarıqlı rəhbər, təşkilatçı olduğunu bildirdilər və müəllifə yeni yaradıcılıq uğurları arzuladılar.
Məktəbli Hacıyeva Nəzrin və Əsgərov Nurlan rus dilində Xatirə Fərəclinin şeirlərini səsləndirdilər.
Sonda söz şair Xatirə Fərəcliyə verildi. Çıxışlara və söylənilən fikirlərə münasibətini bildirən layihənin rəhbəri, şair Xatirə Fərəcli vaxt ayırıb tədbirdə iştirak edənlərin hər birinə, həmçinin layihənin gerçəkləşməsində və icra olunmasında qələm sahiblərinə lazımi şəraiti yaradan, yaxından dəstək olan dövlət başçısına, ziyalılara dərin minnətdarlığını bildirdi.
“Dünyada biz” layihəsinə əsasən ədəbiyyat tarixində mənalı və təsirli şeirləri ilə iz qoyan, sevimli şair kimi imzası ilə möhürünü vuran Xatirə Fərəclinin rus dilinə tərcümə olunmuş şeirlər toplusundan ibarət “Qış ağacları” adlı kitab-almanaxın təqdimat mərasimi öz rəngarəngliyi ilə yadda qaldı.
RƏNA TƏBƏSSÜM
AJB üzvü