Dünyamalı Məmmədov: Görkəmli şəxsiyyət, el ağsaqqalı…

Dünyamalı Məmmədov: Görkəmli şəxsiyyət, el ağsaqqalı…

(Yüksək etika və mədəniyyət sahibi, hər zaman dövlətçilik və insanlıq dəyərlərinə öz sədaqəti ilə tanınan və sevilən ziyalı və müdrik şəxsiyyət Dünyamalı müəllim Məmmədova ithaf olunur!)

Bu qısa yazıda əziz oxucuların doğma yurdumuz Cəlilabadın öz yüksək mədəniyyəti, xeyirxahlığı, müdrikliyi, Vətənə və Dövlətçiliyə sədaqəti, həmçinin bir çox digər dəyərləri ilə tanınan və hörmətə layiq görülən əziz və hörmətli ziyalı şəxsiyyət Dünyamalı Məmmədovla daha yaxından tanış olmasına çalışacam:

Qısa bioqrafik məlumat:
Məmmədov Dünyamalı Böyükxan oğlu. 1952-ci il oktyabrın 3-də Cəlilabad rayonunun Həziabad kəndində bir təmiz və zəhmətkeş ailədə dünyaya göz açmışdır.
1959-cu ildə doğulduğu Həziabad kənd 8 illik məktəbdə I sinifə daxil olmuş, 1967-ci ildə həmin məktəbdə səkkiz illik təhsilini bitirmişdir. Ardınca 1967-ci ildə keçmiş Prişib (indiki Göytəpə) şəhər I saylı orta məktəbin IX sinifinə daxil olmuş, 1969-cu ildə adıçıkilən məktəbdə tam orta təhsilini uğurla başa vuraraq Attestatını almışdır.
1969-1974-cü illər ərzində Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini, 1990-1993-cü illər ərzində isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsini bitirmişdir.

Əmək fəaliyyəti:
Doğma yurdumuzun tanınmış və hörmətli ziyalı şəxsiyyətlərindən sayılan Dünyamalı müəllim Məmmədovun əmək fəaliyyəti olduqca zəngin və parlaqdır. Əslində onun əmək fəaliyyəti gənc yaşlarından etibarən başlamışdır. Burada ixtisara riayət edərək uyğun sahədə aşağıdakı məlumatları təqdim etmək olar:
– 1974-1975-ci illər ərzində Salyan rayonunda Salyan Kolxozlararası Tikinti İdarəsində tikinti ustası vəzifəsində çalışmışdır.
– 1975-1982-ci illər ərzində Cəlilabad RİK Yol İstehsalat sahəsində baş mühəndis vəzifəsində işləmişdir.
– 1979-cu ildən etibarən Cəlilabad RİK-də Komsomol katibi vəzifəsində işləmişdir.
– 1979-cu ildən 1984-cü ilədək Dövlət İdarələri İşçilərinin Həmkarlar İttifaqının Cəlilabad Rayon Komitəsinin sədri vəzifəsində çalışmışdır.
– 1982-1988-ci illər ərzində Cəlilabad RİK Yol İstehsalat sahəsinin rəisi vəzifəsində çalışmışdır.
– 1988-1990-cı illər ərzində Azərbaycan KP Cəlilabad RK-da təlimatçı vəzifəsində işləmişdir.
– 1990-1991-ci illər ərzində Cəlilabad Rayon Xalq Nəzarət Komitəsinin sədri vəzifəsində işləmişdir.
– 1992-ci ilin aprel ayının 16-dan sentyabr ayının 21-nə qədər Cəlilabad Rayon İcra Başçısının müavini vəzifəsində çalışmışdır.
– 1992-1993-cü illər ərzində 35 saylı SMD-nin sədri vəzifəsində işləmişdir.
– 1993-cü ildə Cəlilabad Rayonun təsərrüfat hesablı “Göytəpə Ticarət Müəssisəsi” üzrə direktor müavini vəzifəsində çalışmışdır.
– 1993-1995-ci illər ərzində Cəlilabad Rayon İcra Başçısının I müavini vəzifəsində çalışmışdır.
1993-cü ilin oktyabr ayından etibarən I Qarabağ Müharibəsində Cəlilabad Bataliyonunun yaradılmasında bir-başa iştirak etmişdir. Qeyd etmək lazımdır ki, hörmətli D.Məmmədov ehtiyatda olan leytenant hərbi rütbəsinə malikdir.
– 1995-2000-ci illər ərzində 96 №-li Cəlilabad şəhər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş və bu müddət ərzində öz deputatlıq vəzifələrini ləyaqətlə icra etmişdir. Deputatlıq vəzifəsini daşıdığı illər ərzində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komissiyasının üzvü olmuşdur.
– 2001-2006-cı illər ərzində Azərbaycan Respublikası Milli Məclisinin sədrinin köməkçisi vəzifəsində çalışmışdır.
– 2005.02.01 tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq “Dövlət qulluğunun baş müşaviri” ixtisas dərəcəsinə layiq görülmüş, 14.03.2005-ci il tarixində isə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununun 15-ci maddəsinə əsasən, Dövlət qulluqçusunun andını içmişdir.
Dünyamalı müəllim 1998-ci ilin 23-31 mart tarixində Azərbaycan Respublikasının Milli Məclisinin nümayədə heyətinin tərkibində Norveç səfərində olmuşdur.
Azərbaycan və rus dillərini mükəmməl bilir. 2000-ci ilin mart ayından etibarən Yeni Azərbaycan Partiyasının üzvüdür. Onun tanınmış və bacarıqlı ginekoloq Rəfiqə xanım Teymurova ilə xoşbəxt evlilik həyatından Elvin, Elşən və Elnur adında 3 oğul övladı var. Elvin və Elşən alitəhsilli, Elnur isə ortatəhsillidir.
D.Məmmədov doğma Cəlilabadın tanınmış dövlət məmurları, hörmətli ziyalı şəxsiyyətlərindən biri olaraq hər zaman müstəqilliyimizin ilk illərində Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışmış və əhali arasında böyük hörmət sahibi olan Tofiq müəllim Bağırova dərin hörmət bəsləyir və öz üzərində onun haqqı olduğunu bildirir. Məlumat üçün qeyd etmək lazımdır ki, hörmətli şəxsiyyət Dünyamalı müəllim Məmmədov barədə Toğrul Şəmil oğlu Xəlilov tərəfindən “Ləyaqətli insan” adlı kitab yazılmış və həmin kitab 2010-cu ildə Bakı şəhərində “Adiloğlu” Nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr olunmuşdur.

Xüsusiyyətləri:
Doğma elimizin görkəmli simaları və ziyalı-şəxsiyyətlərindən sayılan hörmətli Dünyamalı müəllim sanki bütün varlığı, əqidəsi, davranışı və danışığı ilə büsbütün insanlığı tərənnüm edən bir şəxsiyyətdir.
İndiyədək bu əziz və dəyərli şəxsiyyəti ilk əvvəllər uzaqdan, son illər ərzində isə yaxından tanıyıb onda müşahidə etdiyim bir çox insani keyfiyyətlərin vurğunu olmuşam. Bu barədə ixtisara riayət edərək aşağıdakı xüsusiyyətləri sadalamaq olar:
1. Həyatda əqidəli;
2. Səmimiyyət və şəffaflıq (açıq-aydın və şəffaf mövqe sahibi);
3. Sözün həqiqi mənasında ziyalı şəxsiyyət;
4. Həyatda mərhəmətli və xeyirxah insan;
5. Yüksək mədəniyyət və etika sahibi;
6. Vətənə və Dövlətə sıx bağlılıq (vətənpərvər və dövlətçi);
7. Sadə və təvazökar;
8. Səmimi və pozitiv insan;
9. Kübar və elit şəxsiyyət;
10. Dərin düşüncə və zəka sahibi;
11. Adı-sanı və şəxsiyyəti ilə el-obaya fəxarət bəxş edən insan;
12. Ləyaqətli ağsaqqal;
13. Zamanın nəbzini tuta bilən insan;
14. Mehriban ata və gözəl ailə başçısı və s…
Burada doğma yurdumuzun tanınmış və görkəmli ziyalılarından və müdrik şəxsiyyətlərindən simalarından sayılan, həmçinin bu diyarın “Canlı ensiklopediyası” kimi tanınan Əməkdar Mədəniyyət İşçisi hörmətli Cahangir Muradovun Dünyamalı müəllim barədə yazdığı qısa təqdimatı xatırlatmaq yerinə düşərdi. Cahangir müəllim bu barədə özünün Facebook sosial şəbəkə hesabında belə yazmışdır:
“18 min növ üzrə yaranmışlarda ən mürəkkəbi və dərk edilməsində çətinlik törədəni insandır. Bu yaranmışı öyrənmək üçün kimsə deyir ki, gərək yoldaşlıq edəsən, kimisə deyir ki, uzun müddət otur-dur edəsən, bir qisim də deyir ki, gərək öncəgörən olasan.
Dünyamalı müəllimi tanımaq, bilmək, dərk etmək üçün yuxarıda yazdığlarımın heç biri lazım deyil. Onun daxili aləmi çöhrəsində təcəlla edib. Onun danışığı, üzündəki cizgilər, baxışı (daha doğrusu utancaq baxışı), münasibəti, təvazökarlığı, sadəliyi, ziyadə səmimiliyi, tərəfmüqabili səbirlə dinləməsi, həmsöhbətinə, yoldaşlıq edəninə rahatlıq gətirir.
Yazdıqlarıma və yaza bilmədiklərimə görə onu tanıyanlar tam olaraq əksərən Dünyamalı müəllimi BÖYÜK ŞƏXSİYYƏT kimi qəbul edilir. Səhv etmirəmsə bu yaxınlarda İlqar İsmayılzadə “HƏMƏŞƏRA” səhifəsində Dünyamalı müəllim haqqında bir yazı vermişdi. Mən həmin yazıya münasibətdə Düyamalı müəllimin çox gənc yaşında MÜDRİKLİK SƏLAHİYYƏTİ qazanmasını yazmışdım və bu titul onun haqqıdır.
Dünyamalı müəllimin hərəkətində, davranışında insaniyyətliyə aid ancaq və ancaq yaxşı məziyyətləri görə bilərsən…” (03.10.2022)

Subyektiv baxışım:
Dünyamalı müəllim barədə daha geniş və daha ətraflı danışmaq, məqalə və kitablar yazmaq mümkün olsa da, burada yalnız ixtisara riayət edərək onun şəxsiyyəti barədə subyektiv baxışımı, öz ürək sözlərimi yazmaq istərdim:
Heç şübhəsiz, yaşadığımız bu fani və ötəri dünya həyatında heç bir kəsin haqqında olmayan sözləri dilə gətirmək və kimisə şişirtmək doğru yanaşma deyil. Bir insan olaraq üzərimizə düşən əsas vəzifə yalnız olanları söyləmək və qələmə almaqdan ibarətdir. Bu baxımdan, həmin prinsipi nəzərə alaraq hörmətli Dünyamalı müəllim barədə öz ürək sözlərimi təqdim etməyə çalışacam…
Əslində mən doğma yurdumuzun fəxarətlərindən sayılan Dünyamalı müəllimi uzun illər boyu qiyabi olaraq tanıyır və cəmiyyətin müxtəlif təbəqələrindən onun haqqında çox gözəl sözlər, müsbət fikirlər eşidirdim. Onun haqqında eşitdiyim əsas müsbət xüsusiyyətlər sırasında dövlətçi, vətənpərvər, mərd, xeyirxah və yüksək mədəniyyət sahibi olması idi… Nəhayət, son illər ərzində onu yaxından ziyarət etmək mənə nəsib oldu. Dünyamalı müəllimlə bir neçə saatlıq görüş və səmimi söhbət apardıqda onun sözün həqiqi mənasında kübar, elit, mədəni və çox qiymətli bir şəxsiyyət olduğuna şahid oldum və bildim ki, uzun illər boyu barəsində qiyabi olaraq müsbət təriflər və gözəl sözlər eşitdiyim şəxsiyyət sözün əsil mənasında görkəmli bir ziyalıdır.
O, bütün davranış və danışıqlarında yalnız etika, mədəniyyət, təvazökarlıq və sadəlik, eyni halda əzmkarlıq və mərdlik xüsusiyyətlərini təsbit edir. Dünyamalı müəllim ötən illərdə olduğu kimi bu gün də hamımız üçün fəxr ediləsi görkəmli şəxsiyyət, ləyaqətli bir ziyalıdır. Kənardan onu müşahidə edib barəsində fikir yürütmək istədikdə, onun dövlətçilik, mədəniyyət, kübarlıq və mərhəmət nümunəsi olduğu ilk olaraq hər bir səmimi insanın zehnindən keçə bilər.
Heç şübhəsiz o, bütün bunları Ulu Tanrının ona bəxş etdiyi dəyərlərdən əlavə, həm də öz zəhməti və öz üzərində çalışması ilə əldə etdiyi kamillik və müdriklik sayəsində qazanmış və buna görə də, Cəlilabad rayonu və eləcə də, ətraf rayonlar və Cənub bölgəsində böyük hörmətə layiq bir şəxsiyyət, görkəmli bir sima olaraq qəbul edilmişdir.
Bu gün Dünyamalı müəllimin yaşı 70-i ötsə də, bu qədər ömür yaşını onda müşahidə etmək çətindir. Çünki -Ulu Yaradana şükürlər olsun!- hələ də, gənclik ruhu və sağlamlıq xüsusiyyətlərini özündə qoruyub saxlaya bilmişdir. Əslində zamanın nəbzini tutmağı bacardığı üçün 71 yaşı ona uyğunlaşdırmaq çox çətindir. Onun malik olduğu pozitivlik və kübarlıq xüsusiyyətləri isə daşıdığı çoxsaylı insani dəyərlərə xüsusi bir qatqı qatır…

Arzu və diləyim:
Ulu Tanrıdan doğma diyarımızın tanınmış və görkəmli simaları, ziyalı və müdrik şəxsiyyətlərindən sayılan əziz və hörmətli Dünyamalı müəllim Məmmədova uzun və mənalı ömür, həyat xoşbəxtliyi, həmçinin, işlərində yeni-yeni uğurlar diləyirəm!

İlqar İsmayılzadə (Fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və “Qızıl Qələm” Media Mükafatı Laureatı)
[email protected]
23.02.2023

Share: