Gənc və yeniyetmə rəssamların yaratdığı rənglər dünyası, sənətdən boylanan xoş enerji və dinamizm… Bu təəssürat Beynəlxalq Aktivist Sənətçilər Birliyinin Azərbaycan və Orta Asiya üzrə təmsilçisi, tanınmış rəssam Nəvai Mətinin ideya müəllifi olduğu “İstedad sorağında” adlı rəsm sərgisində yaşanır.
Bir-birindən maraqlı və ovqatyaradıcı sənət əsərlərinin nümayiş edildiyi sərgidə 50-dən çox gənc fırça ustasının 80-dək rəsm əsəri yer alır. Ekspozisiyada rənglərin yaratdığı sehr insanlığı sülhə, əmin-amanlığa səsləyir, hər kəsi dünyanı sənətin xilas edə biləcəyi həqiqətə kökləyir. Burada yer alan sənət əsərləri bəşər övladının xilaskarlığı naminə, incəsənətə – mədəniyyətə diqqət və marağı artırır. Sərgi çərçivəsində eyniadlı kitab-kataloqun təqdimatı da insanlığa verilən ən önəmli mesajları özündə ehtiva edir.
Layihə ilə bağlı “XQ”-yə ətraflı məlumat verən tanınmış rəssam Nəvai Mətin bildirdi ki, bu işə ötən ilin ortalarından başlanılıb. O söylədi ki, bundan öncə də bir neçə layihələr olub ki, paytaxt və regionlarda tədbirlə çıxış ediblər. Onun sözlərinə görə, “Dünyanı sənət xilas edəcək” layihəsi bu ilin sonuna kimi nəzərdə tutulur.
-Biz bu layihə çərçivəsində hər ay 2-3 tədbir təşkil edirik. Daha çox rayonların küçə və meydanlarında sərgilər açırıq, plenerlər təşkil edirik. İlk dəfə bir kitab-kataloqun təqdimatını etmişdik. Orda 35 dövlətdən olan böyük rəssamların əl işlərindən ibarət rəsmlər yer alırdı. Həmin kataloqda xarici ölkələrdən ölan fırça ustalarının da əsərlərini görmək mümkündür. Hazırkı “İstedad sorağında” kitab-kataloqda gənc və yeniyetmə rəssamların əl işlərindən ibarət əsərlər toplanıb. Kitabda 100-dək ölkədən gənc istedadların əl işləri var. Tədbirin və kitab-kataloqun hazırlanmasında məqsəd gənclərimizin sənətə olan marağını daha da artırmaq, onlara həm də bu yöndə motivasiya verməkdir. Çünki gözəllik dünyanı necə xilas edəcəksə, sənət də elə dünyanı xilas edəcək. Çünki sənət özü elə gözəllik deməkdir. Dünyada bütün xalqların sülh içində olması, mehriban münasibətlərin qurulmasında mədəniyyət müstəvisindəki əməkdaşlığın müstəsna rolu var. Ona görə, biz də öz layihələrimizlə bu işə töhfə vermək istəyirik. Yaxın vaxtlarda böyük rəssamların əl işlərindən ibarət kitab-kataloqun 2-ci hissəsini də hazırlayacağıq.
Tədbirdə Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Qazax Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov və yazıçı-jurnalist Şəmistan Nəzirli çıxış edərək, layihənin önəmindən, gənc istedadların sənətə maraqlarının artırılmasından və dünya xalqlarının mədəni ortamda əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyindən danışdılar.
Sonra sərginin açılışı oldu və “İstedad sorağında” kitab-kataloq təqdim edildi.
Qeyd edək ki, tədbir Beynəlxalq Aktivist Sənətçilər Birliyinin təşəbbüsü və Aktivist Rəssamlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.
Ceyhun ALIŞLI (xalq qəzeti)