Asteroidlərdəki və digər səma cisimlərindəki qızıl və platin kimi qiymətli metalların çıxarılması və dünyamıza gətirilməsi, yəni “asteroid və ya kosmos mədənçiliyi” (“space/asteroid mining”) bir sektor kimi inkişaf etməkdədir.
Hesablamalara görə bir futbol stadionu ölçüsündəki asteroiddə tapılan platinin dəyəri 25-50 milyard dollar arasında dəyişir.
Lüksemburq hökuməti ölkəni “asteroid mədənçiliyi”ndə lider ölkəyə çevirmək məqsədini qarşıya qoyub. Bunun üçün: 1) 2016-cı ildə “asteroid mədənçiliyi”ndə dünyanın ən öndə gələn 2 Amerikan şirkəti ilə (Deep Space Industries və Planetary Resources) birinin səhmlərini almaq, digərinə isə innovasiya fondu dəstəyi verməklə əməkdaşlığa başladı;
2) Yenə 2016-cı ildə əsasını qoyduğu “Kosmos Resursları Təşəbbüsü” ilə dövlət büdcəsindən “kosmos mədənçiliyi” sahəsində çalışan şirkətlərə və araşdırma mərkəzlərinə 223 milyon dollar məbləğində maliyyə dəstəyi və qrantlar verdi;
3) 2017-ci ildə şirkətlərə kosmosdan çıxardıqları hər hansı təbii resurs üzərində mülkiyyət hüququ verən Avropada ilk qanunu qəbul etdi.
MODERATOR.AZ