Müstəqil.Az Migel de Servantesin “Don Kixot” əsəri haqda çəkilmiş filmlərin təhlilini təqdim edir.
Süjet: La Mançada yaşayan, artıq gənc olmayan zadəgan Alonso Kixano cəngavərlik haqda romanlara aludə olur. Və bu romanlardan ilhamlanan, özünə Don Kixot adını seçən Kixano səyahət etmək, qəhrəmanlıqlar göstərmək qərarına gəlir. O, yaraqlanıb Rosinant adlı qoca atına minərək səfərə yollanır. Sanço Pansa adlı kəndlini isə özünə köməkçi götürür.
Don Kixota ürəyinə hakim olacaq gözəl bir xanım da gərəkir ki, onun şərəfinə hünərlər göstərsin. Bunun üçün o, kənd qızı Aldonsanı seçir və onu Dulsineya adlandırır.
Dünyada ədaləti bərqərar, xeyirxahlıq etməyə çalışan Don Kixotun hərəkətləri çox zaman başqalarına ziyan gətirir və o, lağa qoyulur. O, çobanı ağasının zülmündən qurtarır. Amma çoban ağası tərəfindən daha möhkəm döyülür.
Daha sonra Don Kixot məhbusları azadlığa buraxır. Məhbuslar isə əvəzində onu daşqalaq edirlər. Don Kixot gah qoyun sürüsünü düşmən ordusu kimi qəbul edərək onları vurur, gah yel dəyirmanlarını bədheybət kimi görərək onlarla döyüşür. Hersoq və hersoginya üçün isə Don Kixot əyləncədir.
Həmkəndliləri Don Kixotu xilas etmək üçün evinə qaytarmağa çalışır. Onlar Don Kixotun bədbəxtliyinin əsas səbəbinin kitablar olduğunu düşünürlər və onlar yandırılır. Cəngavərin özü isə hesab edirdi ki, ona üz verən bütün bədbəxtliklər, insanların onu anlamaması yalnız igid adamların qismətinə yazılan bir sınaqdır.
Sonda Don Kixot cəngavərlik arzusundan əl çəkir, məyusluqla öz adi həyatına qayıdır və ölür.
“Don Kixot” (1604 -1616) romanının dəyərli cəhətlərindən biri onun ədəbiyyat tarixində, bir oxucunun bədii əsər sayəsində həyatını dəyişməsi, yetkin çağında özünü kəşf etməsidir. Əsərin digər önəmli cəhəti onun qəribə ziddiyyətində – həm cəngavərlik romanlarına parodiya kimi yazılmasında, həm də onun zaman-zaman dərin, fəlsəfi, siyasi, ictimai, dini anlamlar almasında, ümumiyyətlə, çoxtərəfli yozulmasındadır.
Don Kixotluq mübarizə formasıdır. Don Kixotluq ideologiyadır. Don Kixotluq fərdin axına qarşı getməyi bacarması, kütləvi psixoloji basqıya, istehzalara baxmayaraq əqidəsində sarsılmaması, ona səmimiyyətlə inanmasıdır. Don Kixotluq gerçəklikdə illüziyanı, kobud reallıqda idealizmi, diktaturada azadlığı qurub yaşatmaqdır.
Təsadüfi deyil ki, romanı ekranlaşdıran rejissorlar interpretasiyalarında Don Kixot obrazına parodik rakurs sərgiləmirlər, onların hər biri əhvalatda öz individual Don Kixotunu yaratmağa çalışıb…
“Don Kixot”un indiyədək otuzdan çox versiyası çəkilib. İlk ekran versiyasını 1903-cü ildə fransız rejissorları Fernan Zekka və Lyüsen Nonqe çəkib. Araşdırmaçıların fikrincə, film qəhrəmanın daxili dünyasını mərkəzə gətirib və onun təxəyülü burlesk (məzmunun ifadə tərzinə uyğun gəlməməsi, örnəyi, cəngavərin təlxək qiyafəti geyinməsi) tərzində göstərilir.
Layihədə isə dörd film haqda danışacağıq.
1933-cü ildə ekranlara çıxan “Don Kixot”un müəllifi alman rejissoru Georq Vilhelm Pabstdır. Pabst alman kinosunun əhəmiyyətli nümayəndələrindən biridir. 1929-32-ci illər ölkədə müharibə tematikasına meyil artanda, onun “Qərb cəbhəsi, 1918” filmi pasifizmi təbliğ edirdi. O, müharibənin gətirdiyi iztirabı tamaşaçının real hiss etməsi üçün filmi dokumental işləmişdi və kinematoqrafik fəndlərdən qaçmışdı.
Bertold Brextin “Üç quruşluq opera” pyesini isə şərti qurmuşdu, tutqun tonlu dekorasiyalardan istifadə eləmişdi, polislə cinayətkarlar arasındakı sıx əlaqənin olduğunu göstərmişdi.
Hitlerin hakimiyyətə gəlişindən sonra Pabst Fransada yaşayır və “Don Kixot” filmini də burada çəkir. Onun “Don Kixot”u daha çox siyasi anlam daşıyırdı. Bu, görünür, rejissorun nasistlərin hakimiyyətinə ya refleks, ya düşünülmüş reaksiyası idi. O, bu monumental əsəri minimalizmlə – minimal dekorasiyalarla, kiçik məkanlarda və əsasən bir xətt üzərində işləyir. Yəni 55 dəqiqəlik filmdə Don Kixotun saraya dəvət edilməsi, əyanların ondan məsxərə personajı düzəldərək həzz alması, ona başqa planetdən gətirilmiş qeyri-adi varlıq kimi baxmaları, yuxarı təbəqə üçün cəngavərliyin dəyər yox, keçmişin qalığı olması, sadə insana meşşan münasibəti xətti özəlliklə qabardılır. Pabstın əhvalatında Don Kixot bütün bu alçalmaları ağır xaç kimi təmkinlə daşıyan, olanlara ləyaqətlə tab gətirən İsa Məsihdir.
Rejissor dövrünün aktual problemlərini-əhalinin yerli hakimiyyətin qəddarlığından, vergilərin çoxluğundan əziyyət çəkməsini, kitabları (azad düşüncəni) yandıran diktatura rejiminin mahiyyətini də əhvalata gətirir.
Əsərin maraqlı versiyalarından birini böyük britaniyalı rejissor Terri Gilliam işləyib. Rejissor romanı hələ 1989-cu ildə ekranlaşdırmaq niyyətindəydi. Lakin müxtəlif səbəblərdən kinolayihə 30 il gecikdi. 2018-ci ildə ekranlara çıxan, İspaniya, Böyük Britaniya, Portuqaliya və Fransanın birgə istehsalı olan film müxtəlif janrların qarışığıdır.
Əsərin qəhrəmanı amerikalı rejissor Tobi (Adam Drayver) İspaniyada “Don Kixot” romanının motivləri əsasında reklam çarxı çəkir. Amma onun çəkilişləri alınmır. Reklam anturajından sıxılan Tobi uzun illər öncə diplom işini – “Don Kixot” filmini çəkdiyi, çəkiliş meydançasının yaxınlığında yerləşən kəndə gedir. Kinoya o zaman böyük iddialarla gələn Tobi diplom işində yeniliklərə cəhd eləmişdi, real adamları çəkmişdi. Ona məlum olur ki, Don Kixot roluna çəkdiyi çəkməçi Havyer (Conatan Prays) indiyədək bu obrazdan çıxa bilmir. Dulsineya rolunu oynayan sadə kəndli qızı Anhelika (Coana Ribeiro) isə indi fahişədir. Havyer Tobi ilə yenidən rastlaşanda onu Sanço kimi qəbul edir və onların birgə yolçuluğu müxtəlif macəralarla zənginləşir.
Gilliam reklam dünyasının görünməyən qatına “Don Kixot” vasitəsilə baxır. Onun əhvalatı, eyni zamanda müəllif kinosu, yəni ciddi sənətlə prodüser kinosunun qarşıdurmasıdır. Nə zamansa kinoya yüksək ideallarla gələn Tobi, özünün diliylə desək, idbar gerçəkliyə təslim olur, böyük pulların xərcləndiyi, sənətin gözardı edildiyi kinosənayedə Don Kixot olmağın mənasızlığını anlayır. Onun debüt filminin qəhrəmanlarından biri Anhelika-Dulsineya da, təmiz kino dünyasından qopandan sonra reallığa təslim olaraq bədənini satır. Yalnız qoca və inadkar Havyer gerçəkliklə barışmaq istəmir.
Rejissor müxtəlif estetikalarda və janrlarda sərbəst gəzişmələr edir. Situasiyadan-situasiyaya filmin janrını dəyişir, əhvalatı drama, sosial drama, fenteziyə, tragikomediyaya, sürreal drama-komediyaya, Roman Polanski stilində mistik trillerə kökləyir. Janrların, maskarad, sirk estetikasının sintezi, Don Kixotun arxaik dünyası ilə çağdaş dövrümüzün qlobal problemlərinin-Trampın siyasətinin, islam terrorçularının bir araya gətirilməsi dramaturji labirintdə tamaşaçını azdırır. Məkanlar, əsasən interyerlər reklam çarxlarına xas tərtibatda, gözəgəlimli, parlaq dekorasiyalarla işlənib. Bəzi epizodlarda Tobi olanları müəllif kimi izləyir və səhnələrə düzəlişlər edir. Misalçün, illər sonra Anhelika-Dulsineya ilə Don Kixot görüşəndə o, özünü çəkiliş meydançasında hiss edərək, “pafosu azaldın” əmrini verir.
Finalda Tobi bilmədən Havyeri-Don Kixotu, onun simasında cəngavərlik dəyərini öldürür. Və yaradıcı böhran keçirən, prodüserlərlə dil tapa bilməyən Tobi Don Kixot, Anhelika isə Sanço roluna girir. Bununla da Tobi öz başlanğıc əqidəsinə qayıdaraq reklama və kommersiya kinosuna üsyan edir. 71-ci Kann festivalında göstərilən film maraqlı forma və strukturuna rəğmən emosional dərinlikdən uzaqdır.
Kanada və Amerika rejissoru Artur Hiller “Lamançadan gələn adam”ı 1972- ci ildə lentə alınıb.
İtaliya və Amerika istehsalı olan film eyniadlı müzikl əsasında çəkilib. 1960-cı illərdə yazılan müziklin dramaturqları amerikalı Deyl Vasserman və Con Derrion, bəstəkarı Mitçem Lidir.
Süjetdə ispan inkvizasiyası dini ehkamlara qarşı zidd təbliğatına görə Migel de Servantesi (Piter Otul) və onun köməkçisini həbs edir. Servantes məhbuslara Don Kixotun əhvalatını danışır.
Hiller əsəri bir növ “mise en abyme” (yuxuda yuxu, hekayədə hekayə və s. anlamını verən rekursiv bədii texnika) texnikası ilə, yəni film içində film kimi qurur. Məhbuslar “Don Kixot” romanındakı personajları oynayırlar. Servantes isə Don Kixotun özünü canlandırır. Müzikl janrında çəkilən filmdə vizual təhkiyə daha çox maraqlı rəqs mizanları ilə qurulur. Qapalı məkandan-həbsxanadan naturaya, butaforiyadan gerçək əşyalara orqanik keçidlər edilir, personaj Servantesin nəqli ilə rejissorun nəqli bir-birinin içində itir.
Bu əhvalatda Don Kixot ruhsal qatda işlənib, sanki mövcud olan onun bədəni yox, ruhudur. Və Aldonsa Dulsineya – Don Kixot xətti dərin işlənib. Məhbus qadınlardan biri, fahişə Aldonsanı canlandıram Sofi Loren obrazının ağır taleyini susqunluğunda, sərtliyində, gözlərinin kədərində ifadə edir. Və ona bədən kimi yanaşan kişilərdən fərqli olaraq, yalnız Don Kixot onun ruhunu görür, ona dəyər verir. Və Don Kixot burda Servantesin alter eqosu kimi çıxış edir.
Rus rejissoru Qriqori Kozintsev “Hamlet”də olduğu kimi, 1957-ci ildə ekranlaşdırdığı “Don Kixot”u da siyasiləşdirib. Və həm üslub, həm də əsərdən seçdiyi xətt baxımından Pabstın yoluyla gedib. O, nəqlində Don Kixotun saraya dəvətini, saray əyanların sadə insanlarla kobud rəftarını, kəskin sosial təbəqələşməni, Don Kixotun və Sançoya təlxək münasibəti önə çıxarır.
Saray qadınlarından birinin yas mərasimi imitasiya edilir. Guya qadın Don Kixot onun sevgisinə cavab vermədiyi üçün ölüb. Mərasimi sonradan Don Kixotu ələ salmaq şousuna çevirən hersoq “Bu yas komediyadır, dunyada olan hər şey kimi sizin xeyirxahlığınız da gülməlidir” deyir.
Don Kixot saraydan qurtulmasını azadlığı kimi dəyərləndirir. Final epizodunda o, Sançoyla səyahətini davam etdirir. Rejissor onların sonsuz səyahətində Don Kixotun mübarizəsini əbədiləşdirir. Nikolay Çerkasovun Don Kixotu zadəgan maneraları, alicənablığı, tragikomikliyi ilə yadda qalır.
1957-ci ildə Kann festivalının əsas müsabiqəsində iştirak edən filmi Qara Qarayevin musiqisi müşayiət edir.