Bu gün Prezident İlham Əliyev bir sıra ərazilərimizin işğaldan azad olunması ilə bağlı “Twitter” hesabında paylaşım edib.
İşğaldan azad edilən kəndlərindən biri də Azərbaycanın, eləcə də, dünyanın ən qədim yaşayış məntəqələrindən biri olan Xocavənd rayonunun Azıx kəndidir.
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov da Azıx kəndində yerləşən Azıx mağarası ilə bağlı “Twitter” hesabında paylaşım edib.
“Azıx Mağarası 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən akarlanıb və dünyanın ən qədim insan məskəndir. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Onlar 1954-cü ildə qəbul edilən Haaqa Konvensiyasını pozaraq, qanunsuz qazıntılar aparıblar. Hazırda Azıx mağarası azad edildi”.
#Azykh cave is one of the oldest proto-human settlements in the world,discovered in 1960 by #Azerbaijani archeologist M.Huseynov, was occupied by #Armenian armed forces since 1992 & illegal excavations carried out in violation of 1954 Hague Convention. Now Azykh cave is liberated pic.twitter.com/xLqeAWQjLo
— Anar Karimov ?? (@Anar_Karim) November 9, 2020
Azıx mağarası Azərbaycanda insanların yaşadığı ən qədim mağaradır. Bu mağara dünyanın ən qədim insan məskənlərindən biridir.
Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan üç kilometr aralıda, Quruçayın müasir yatağından 100-120 metr yuxarıda yerləşir.
Azıx mağarasının sahəsi 800 kvadrat kilometrdir.
Burada uzunluğu 600 metrə qədər uzanan səkkiz dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20–25 metrə qədərdir.
Azıx Mağarası 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın Paleolit Arxeoloji Ekspedisiyası tərəfindən aşkar olunub.
Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanıb. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilib.
1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit Arxeoloji Ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunub.
Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə üzərində professor Dəmir Hacıyev uzun müddət elmi tədqiqat işləri aparıb.
Azərbaycanın daş dövrü düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarının bəşər sivilizasiyasının tarixini tədqiq etmək üçün əvəzsiz arxeoloji mənbələr olduğunu əsas tutan Fransa, İtaliya, İspaniya, Rusiya, Azərbaycan və Gürcüstan alimləri 2001-ci ildə Beynəlxalq İNTAS-2000 adlı proqram hazırlayıblar.
Proqram 2001-ci ilin iyul ayında Fransanın Totavel şəhərində keçirilən beynəlxalq elmi konfransda təsdiq olunub.