Dünyanın ən qədim yaşayış məskənləri — Fotolar

Dünyanın ən qədim yaşayış məskənləri — Fotolar

Bəşəriyyət yarandığı gündən insanlar dünya üzərində yaşamlarının müxtəlif izlərini miras qoyublar. Onların ilk məskunlaşdığı ərazilər isə bizə tarixin başlanğıc səhifələri haqqında məlumat verir.

“Qafqazinfo” xarici KİV-ə istinadən yer üzündə indiyə qədər kəşf edilmiş ən qədim yaşayış strukturlarını təqdim edir:

Göbeklitəpə

Eradan əvvəl 9-cu minillikdə Türkiyənin Şanlıurfa vilayəti yaxınlığında tikilən Göbeklitəpə dini bina kimi inşa edilib. Dünyanın ən qədim məbəd mərkəzi sayılan Göbeklitəpə 2018-ci ildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil olub.

20 mənzildən ibarət tikilidə 200-dən çox sütun var. Hündürlüyü 6 metr olan sütunların üzərində heyvan təsvirləri və rəsmləri mövcuddur. Sütunların hər birinin çəkisi 7 tondan artıqdır.

Tell Qaramel

Eradan əvvəl 11.000-9670-ci illərində mövcud olan və Suriyanın Hələb şəhərindən 25 km şimalda yerləşən Tell Qaramel Göbeklitəpə ilə birlikdə tarixin ən qədim tikilisi hesab olunur.

Ticarət üçün çox əhəmiyyətli bir yerdə olan və əlverişli çay vadisində yerləşən arxeoloji kurqanda Neolit ​​dövrünə aid yaşayış məskənlərinin qalıqları var.

Yerixo qülləsi

Eradan əvvəl 8000-ci ildə mövcud olan Yerixo Fələstində İordan çayının yanında yerləşən yaşayış məntəqəsidir.

Hündürlüyü 8,5 metr olan Yerixo qülləsi Neolit ​​dövründə tikilib. Qüllə Göbeklitəpə və Tell Qaramel ilə birlikdə ən qədim tikililərdən biridir. Lakin qüllənin niyə tikildiyi və necə istifadə edildiyi hələ də məlum deyil.

İşlənmiş daşlardan tikilmiş qüllə 22 pilləli daxili pilləkənə malikdir.

Çatalhöyük

Eradan əvvəl 7400-cü ildə mövcud olan və Konya yaxınlığında yerləşən Çatalhöyük Neolit ​​dövrünə aiddir. Çatalhöyükdə təxminən 8000 nəfər yaşayırdı ki, bu da ovçu-yığıcı və köçəri həyatdan oturaq nizama və şəhərləşməyə keçidin ilk nümunəsi idi.

Xirokitia

Eradan əvvəl 5800-cü ildə mövcud olan və Aralıq dənizinin ən qədim yaşayış məskənlərindən biri Kipr adasındakı Xirokitiadır. Bu qəsəbədə dam örtüyü çiy kərpicdən tikilmiş dairəvi evlər mövcud olub. Evlərin içərisində soba, kasa kimi əşyalardan da istifadə olunub. Qədim şəhərin başqa bir xüsusiyyəti də onların erkən mütəşəkkil cəmiyyət kimi müdafiə divarları çəkmələridir.

Abidə 1998-ci ildə YUNESKO tərəfindən Ümumdünya İrs Siyahısına daxil olub. O, həmçinin, Şərqi Aralıq dənizinin ən mühüm və ən yaxşı qorunan yerlərindən biridir.

Durankulak

Bolqarıstanın şimal-şərqində yerləşən müasir Durankulak şəhərində eramızdan əvvəl 5500-cü ilə aid qalıqlar tapılıb.

Paleolit ​​dövrünə aid tikililərlə yanaşı, son Neolit ​​yaşayış məskəni təbəqəsi də arxeoloqlar tərəfindən aşkar edilib.

Perpericon

Eradan əvvəl 5000-ci ildə mövcud olan məbəd Balkanlardakı ən böyük meqalit sahəsidir. Bolqarıstanın Kırcali şəhərindən 15 km şimalda qayalı təpədə yerləşir. Eramızdan əvvəl 5000-ci ilə aid xarabalıqlarda çoxsaylı sivilizasiyaların izləri tapılıb. Tunc və Erkən Dəmir dövrü nümunələri ilə yanaşı, Roma dövrü xarabalıqları da var.


Share: