
2025-ci il 9 aprel tarixində Atatürk Mərkəzində “Dünyanın 100 Qadın Rəssamı” adlı beynəlxalq kataloqunun rəsmi təqdimat mərasimi baş tutdu. Kataloqun müəllifi və layihənin rəhbəri tanınmış rəssam, uluslararası aktivist sanatçılar birliyi (UASB) Azərbaycan və orta Asiya təmsilçisi, “Dünyanı Sənət Xilas Edəcək” platformasının təsisçisi Nəvai Metin Məmmədoğludur.
Azərbaycan, türk və ingilis dillərində nəşr olunan kataloqda müxtəlif ölkələrdən müraciət edən 100 qadın rəssamların əsərləri yer alıb. Nəşrdə həmçinin Azərbaycanın ilk qadın rəngkarı Vəcihə Səmədova haqqında məlumat və sənət nümunələrinə də xüsusi yer ayrılıb.
Layihə “Dünyanı Sənət Xilas Edəcək” (UASB) Assosiasiyası və Femin ART təşkilatının dəstəyi ilə həyata keçirilib. Kataloqun məqsədi qadın rəssamların yaradıcılığını beynəlxalq platformada tanıtmaq, onların sənətdəki mövqeyini gücləndirmək və sənət vasitəsilə mədəni əlaqələri inkişaf etdirməkdir.
Təqdimat mərasimində bir sıra nüfuzlu şəxslər – ziyalı Rəşid Mahmudov, kulturoloq Fuad Məmmədov, əməkdar rəssam Rais Rəsulzadə, rəssam Firdovsi Atayev, Dərbənd xeyriyyə cəmiyyətinin rəhbəri Nurulla Əliyev, tənqidçi Bəsti Əlibəyli, ziyalı Ramiz Göyüşov və başqaları çıxış edərək layihənin sənət və cəmiyyət üçün əhəmiyyətindən danışıblar.
Tədbir çərçivəsində kataloqda təmsil olunan yerli qadın rəssamlara nəşr olunmuş kataloq və iştirak sertifikatları təqdim olunub. Bu jest, onların sənətinə verilən dəyərin və təşəkkürün bir simvolu kimi dəyərləndirilib.
Qeyd edək ki, bu nəşr ilə “Dünyanı Sənət Xilas Edəcək” layihəsi uğurla yekunlaşdırılmış hesab olunur. Nəvai Metin Məmmədoğlu növbəti mərhələdə “Sülh Naminə Sənət” adlı yeni beynəlxalq layihə ilə fəaliyyətini davam etdirməyi planlaşdırır. Bu layihənin də əsas məqsədi sənət vasitəsilə qlobal sülhə çağırış etmək və sənətkarların birliyini möhkəmləndirmək olacaq.