Kulis.az Loğmanın “Yer-Göy” adlı yeni yazısını təqdim edir.
İnsan biçim etibarilə yerdəndir, ancaq məna, məzmun baxımından yerdən artıqdır.
Biçim baxımından yerdir, məzmun baxımından – göy.
İnsan yerdə göy gəzdirəndir, göy daşıyandır.
Yerdə göy yaşayandır.
Yerdə həyat göyləşmək məktəbidir – göyləşmək üçündür.
Göyləşməyi bacaran insan yerdə yer cazibəsindən, yer çəkimindən azad olur.
Göyləşən insan yerdə göy mahiyyətinə çatır, göy mənasına qovuşur.
Yerdə göyün bir parçasına dönür.
Göylə bir olur, göyləşir.
Göylü aqibəti yaşayır.
Göylü aqibəti yerdəkilərə göy sevmək görküdür.
Göylü aqibəti yaşamaq ilkinliyə qayıtmaqdır.
Göylülük – göyü vətən seçmək, vətən kimi sevməkdir.
Göy mahiyyətini dərk edən göy qanunları ilə yaşayır.
Göy arzular mülküdür, ideallar məmləkətidir.
Əsillik meyarıdır, həqiqət tərəzisidir.
Dəyərlər yurdudur.
Yerdəkilərin göy həsrəti göydəki gözəllik həsrəti, sirr həsrəti, möcüzə həsrətindən doğur.
Müqəddəsliyə aşiqlikdən irəli gəlir.
Yerdəkilərin göy həsrəti arzuların göy həzzidir.
Təşnəlikdir – göy ehtirasıdır.
Yerdəkilərin göy həsrəti göy heyranlığı, göy vurğunluğudur, uçmaq sevdası, heyrətdən qanadlanmaq səadətidir.
Göy həqiqət yeridir, həqiqi olanın, əsil olanın özüdür.
İnsan ədalət həsrətlisi, həqiqət sevdalısıdır.
Yerdə ədalət, həqiqət tapmaq aldanışdır.
İnsan mahiyyətcə həqiqətçi olduğundan yerlə barışa bilmir.
İnsanın göy həsrəti bundandır.
İnsan təbiətən göylüdür.
İnsanın göyə can atması həqiqətçiliyindəndir.
Yerə göydən baxmaq arzusu göylülüyündəndir.
Ucalmaq ehtirası gölülüyündəndir.
Yerdəki böyüklüklər göylülükdəndir.
İnsanın yer missiyası göylülükdür.
İnsanı yer üzünün əşrəfi edən göylülüyüdür.
İnsanın göylülüyünü əlindən alsan, insan adına heç nəyi qalmır.
İnsanın insanlığını göylülüyü təyin edir.
Göysüz insan sürünəndir.
Yerdə göy yaşamayanların göydə yeri yoxdur.
Göylü üçün yer yoldur – sınaq meydanıdır, imtahan otağıdır, göyə çatmaq üçündür.
Yerdə göyün nişanələri var, göydə yerdən yoxdur.
Göydə yerdəkindən olsaydı, yerdəkilərin göy həsrəti olmazdı.
Yerin ən gözəl yeri göyü xatırladır.
Çünki yerin ən gözəl yeri göydəndir.
Yerdəki gözəllik göy inamından doğur.
Yerdəki yaxşılıq göy inamından doğur.
Yerdəki təmizlik göy inamından doğur.
Yerdəki yaxşılar göy inamından doğulurlar.
Göyə inanan göyünə qovuşur.
Göyə inanan qanadlıdır – göydür.
Yerin göyü inamıdır.
Yerin göyü olmasaydı, yerin göy inamçılığı olmazdı, deməli, heç nəyi olmazdı.
Yerin hər üzü göyədir.
Yerin hər üzünə göy görünür.
Göyə üz tutmaq təmizliyə, əsilliyə yönəlməkdir.
Göyə üz tutanlar göyüzlülərdir.
Göyüzlü yerlilər işıqlılar, yaxşılardır.
Çünki göyün yeri işıqdandır.
Göy ucadır.
Göylülük ucalıqdır.
Göyə can atmaq ucalmaqdır.
Göyə can atmaq ucalığa dönməkdir.
İnsan yerli olsa da, yer insana çatmır, azdır.
Çünki yer insan mahiyyətinə çatmır.
Çünki insan heyrətsiz, möcüzəsiz, sehrsiz yaşaya bilmir.
Çünki insan sonsuzluq, ölməzlik, əbədiyyət təşnəsidir.
Yer sonsuzluğu, ölməzliyi, əbədiyyəti ona verə bilmir.
İnsan yerdə ölümlüdür, məhduddur, sonludur.
Yerlə kifayətlənən insan yerdə qurtarır.
Yerlə kifayətlənməyən insan göyə can atır – mahiyyətinə doğru.
Əsl azadlıq göylülükdür, göy ölçüləri ilə yaşamaqdır.
Göylü yer ölçülərinə uyğun gəlmədiyinə görə qəribə görünür, yersiz görünür, yerdə yad görünür.
Yerdəkilər insan üçün olsa da, insan yer üçün deyil.
Dünyanın arxasınca düşmək sürünməkdir.
Dünya ilə qol-boyun olmaq yer sevdasıdır.
Dünya ilğımdır.
Bu baxımdan dünya göylünün ola bilməz.
Çünki qanadlılar sürünməyə getməz.