Prezident İlham Əliyev: “Azərbaycan özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir”
Azərbaycan hazırda çox müsbət və uğurlu enerji siyasəti həyata keçirir. Neft və qaz resursları təkcə ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi üçün deyil. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz rolunu gücləndirib. Mayın 31-də 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış Azərbaycanın enerji potensialının daha bir göstəricisidir. Bu sərgilər, eyni zamanda Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurları xarici investorlara nümayiş etdirmək üçün çox geniş imkanı yaradır. Hər il Azərbaycan Prezidentinin açılış mərasimində iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışındakı çıxışıında bu beynəlxalq tədbirin əhəmiyyətini vurğulayıb: “1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin ildə “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu”. Sözün həqiqi mənasında “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın neft strategiyasının əsası qoyulub. Bu, da Ulu Öndər Heydər Əliyevin düşünlümüş enerji siyasətinin əsas tərkib hissəsidir. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyini əkst etdirir. Bütün bunlar, həmçinin Azərbaycanın siyasi müstəqilliyininin də möhkəmlənməsinə rəvac verib. Cənab Prezident də çıxışında deyib ki, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi: “Ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar sərmayəçiləri bir növ qorxudurdu. Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Ona görə də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı buraya dəvət edə bilək”. Məhz bundan sonra ölkəmizin dayanıqlı inkişafının əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycanın enerji strategiyasının müsbət effekti özünü çox keçmədi ki, göstərdi. Ölkə dinamik iqtisadi inkişafa nail oldu. Neft gəlirlərinin düzgün istiqamətləndirilməsi ilə ölkəmiz dirçəldildi, əhalinin rifah halı yüksəldildi. Eyni zamanda ölkəmizdə əhəmiyyətli sosial-iqtisadi layihələr həyata keçirildi. Hətta qlobal böhran illərində belə, bir çox layihlərin icrası dayanmadan davam etdirildi.
Azərbaycan beynəlxalq investorlar üçün cəlbedici ölkəyə çevrilib. Hər halda Xəzər neft-qaz sərgisinə ildən-ilə marağın artması budan irəli gəlir. Prezident İlham Əliyevin fikrincə, Azərbaycan özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir. “Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın və lider, aparıcı ölkə olsun”, – deyə dövlətimizin başçısı əlavə edib. Artıq Azərbaycan dünyanın enerji xəritəsində öz mövqeyini möhkəmləndirib. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Cənab Prezident bu gün Azərbaycanın istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaratdığını bildirib. Prezident İlham Əliyev tərəfindən neft-qaz, eləcə də bərpaolunan enerji sahələrində uğurla siyasət həyata keçirilib. Bunun nəticəsidir ki, Azərbaycan enerji sahəsində beynəlxalq əhəmiyyətli layihələrdə aparıcı rol oynayır. Bu sahəsində əldə edilən uğurlar Azərbaycanın ümumi inkişafına da çox böyük töhfə verib. Neft və qazadan əldə olunan gəlirlər əhalinin rifah halının yaxşılaşdırılması üçün istifadə edilib. Eyni zamanda insan kapitalı amili diqqətdə saxlanlıb. Təbii sərvətlərimizin xalqımızın sosial təminatına və milli maraqların qorunmasına yönləndirilməsi dövlətimizin ali məqsədidir.
İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor