“Tarixə düşmək özü də uğur hesab edilir, amma ən böyük uğur tarixin qatarında bu günə gəlib-çatmaq və gələcəyə getməkdir”.
(Əbu Turxan)
Türkçülük Türk milliyyətsevərliyinin adıdır. Türklər tarixin ilk dövrlərindən etibarən öz millətini, öz vətənini sevmişlər. İlk Türk yazı nümunələri sayılan Orxon(Göytürk) abidələrində biz Bilgə xaqanın dediyi, Yolluğ tiginin də yazdığı “Üstdə göy çökməsə, altda yer dəlinməsə, Türk milləti sənin elini törəni kim məhv edə bilər?! Türk milləti özünə dön!” və s. kimi, sonraki dövrlərdə isə məsələn Mahmud Qaşğarlının “Türk adını onlara Tanrı verdi və dövlət günəşini onlar üzərində ucaltdı” kimi türkçü ifadələri görürük. Türkçülük məfkurəsi ideologiya olaraq ilk olaraq Osmanlı, Azərbaycan, Krım və Kazanda formalaşmağa başlamışdır.
Türk kökənli xalqlar dünyanın ən qədim xalqlarındandır. Onlar şimali-şərqi Çindən tutmuş Şərqi Avropaya qədər olan geniş ərazilərdə yaşamışlar. Orta Asiya, Sayan-Altay dağlarının şimal-qərb bölgəsi, Yenisey və İrtis çayları boyu, Ural, Volqa boyu, Balxaş gölü, Xəzər dənizinin bütün ətraf bölgələri türk mənşəli xalqların daim yaşadığı ərazilər olmuşdur . XX əsr Azərbaycan – türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan Əli Bəy Hüseynzadə yazırdı ki, “Türklər səhnəyi-tarixiyəyə miladi-İsadan 2000 il əqdəm çıxıb, o vaxdan bəri cinsən və lisanən müxtəlif və mütəəddid təsirata məruz qalmışlardır: Asiya qitəsinin şərqində mancu, moğul və çinlilərlə, qərbində isə irqi-qafqazidən olan aqvam ariya və samiya ilə, yəni hindi, irani, islay, çərkəz, kürd, ərəb və s. nəsillərlə qarışmış olduqlarından bu gün hər tərəfdə şəklən, cinsən və lisanən qayət müxtəlif bir qövmdür” .
Türklərin az-çox müstəqil bir etnos olaraq meydana çıxması eramızdan əvvəl IV minilliyin sonu III minilliyin əvvəllərinə aiddir. Həmin dövrə qədər türklər neçə min illər monqollar və tunqus-mancurlarla Altay birliyinin tərkibində olmuşlar. Zəngin mifoloji dünyagörüşü əsasında Tanrıçılığa (tək Tanrı təsəvvürünə) qədər gəlib çıxan türklərin ata yurdu Mərkəzi Asiyadakı Tanrı dağlarının ətəkləri idi. Onlar tədricən Cənuba, Qərbə və Cənub- Qərbə doğru münbit çöllərə yayılmağa başladılar. Çin tarixçiləri miladdan öncə 2000-1000-ci illər arasında ilk türk hökümdarlarından bəhs edirlər. Deməli, türklərin bizə məlum olan tarixi 4000-illik bir tarixi əhatə edir .
Tarixin müxtəlif vaxtlarında 115-ə qədər türk dövlətləri yaranmış, onlardan 15-i imperatorluq-xaqanlıq, 38-i imperatorluq olmayan dövlət, 34-ü bəylik, 4-ü atabəylik, 18-i xanlıq, 6-sı isə respublika olmuşdur. Lakin sonralar 600-ildən çox yaşayan, Asiyada Anadolu, Suriya, Fələstin, İraq, Misir, Avropada Bolqarıstan, Macarıstan, Serbiya, Makedoniya, Albaniya və başqa əraziləri özündə birləşdirən Osmanlı imperiyası istisna olmaqla türk xalqlarının tarixin müxtəlif zamanlarında mövcud olmuş dövlət və dövlət qurumları parçalanıb dağılmış və iri dövlətlərin- Rusiya, Çin, İran, Avstriya-Macarıstanın qəsbkar siyasətlərinin qurbanı olmuş, onların əsarəti altına düşmüşlər. Türk mənşəli xalqların parçalanmasının iqtisadi və siyasi səbəblərinə aşağıdakı kimi qiymətləndirmək olar: Tarixən kök salmış feodal pərakəndəliyi; Silah gücü ilə yaradılmış türk dövlətlərinin iqtisadi cəhətdən zəif olması,iri təcavüzkar dövlətlərə qarşı birgə müqavimətin zəif olması; Bu dövlətlərin zəngin yeraltı və yerüstü sərvətlərə malik olmaları və bunlara qarşı iqtisadi, siyasi və hərbi maraqların güclü olması; Müxtəlif dinə və təriqətlərə parçalanma mövcudluğu.
Ata süvar olaraq qitədən-qitəyə, nəhrdən-nəhrə varan , bir-birinin ardınca dünya düzənində ən parlaq qələbələrə imza atan bir qövm başı zəfərlərə qarışdığından tarixini yazmağa “vaxt tapmayıb”. Təkcə öz tarixini deyil, dünya tarixini yaratsa da, yazmağa vaxt tapmayıb. Amma etiraf etmək lazımdır ki, dünya düzəni Türk fəthləriylə formalaşıb, inkişaf etmişdir. Elə bundan dolayı da, dünya xalqlarının mədəniyyəti tarixən bir-birindən təcriddə deyil, əksinə, qarşılıqlı təsir dairəsində inkişaf edib, yüksək mənəvi dəyərlər qazanıb. Şərti də olsa, dünya mədəniyyətinin iki qütbü kimi səciyyələndirilən Şərq və Qərb mədəniyyətləri bir-birinə bağlılıq və təsir nəticəsində müasir sivil mərhələyə yetişə bilib. Hər bir xalqın mədəniyyəti həmin xalqın yaşadığı ərazi, region, mühit və s. amillərlə bağlı olsa da, onun dünya mədəniyyətinin inkişaf xətti ilə əlaqə və yaxınlığı şəksizdir. Türk xalqlarının mədəniyyəti və ədəbiyyatı bu mənada dünya mədəniyyəti və ədəbiyyatının ayrıca qolu və mərhələsi olmaqla yanaşı, həm də əsas tərkib hissəsidir. Türklər dünyanın qədim və qüdrətli xalqlarındandır. XX əsr türk ədəbiyyatının məşhur nümayəndəsi Ə.Nesinin təbirincə desək, “hər bir millətin böyüklüyü onun əhalisinin çoxluğuna və ərazisinin genişliyinə görə müəyyənləşdirilmir. Hər bir xalqın böyüklüyü onun tarix və mədəniyyətinin qədim və zənginliyinə görə müəyyənləşdirilir.”
Bu mənada türklər öz tarix və mədəniyyətlərinin qədimliyi, zənginliyi baxımından dünya xalqları arasında böyüklüyünü, aparıcılığını tam şəkildə təsdiqləyə biliblər. Türklərin təxminən dörd min il bundan əvvəl Altay-Sayan dağları boyunca yaşamaları tarixi fakt kimi təsdiqlənib. Lakin türklərin tarixinin daha əvvəllərə aid olduğu şəksizdir. Türklərin 3500 il siyasi təşkilatlanma (ilk türk hökmdarı e.ə. 1500-cü ildə Turgitay), 2700 il ədəbiyyat, 2500-3000 il yazı tarixinə malik olmaları bu fikrin həqiqiliyinə tam əminlik yaradır.
Türk yazı tarixi 2500-3000 il bundan əvvələ qədər gedib çatsa da, türklərin ilk yazılı mətnləri VIII əsrə aid olan Orxon-Yenisey abidələri hesab olunur. Ancaq 2500-3000 il yazı tarixi olan millətin ilk yazılı abidəsinin ona məxsus yazı tarixindən təxminən 2000 il sonra yaranması inandırıcı görünmür. Çünki Çin mənbələrində miladdan öncəyə aid türk mətnlərinin (məsələn, türkcədən tərcümə edilmiş bir şeir parçasının) və Çin sarayına Hunlar tərəfindən göndərilən məktubların (məsələn, Metenin Çin dövlətinə göndərdiyi məktublar) olması, Saxa imperatorluğu zamanında rəsmi məktublaşmaların aparılması, eləcə də digər tarixi sənədlərdə Hunlar və Göytürklər dövründə türk yazılarının mövcudluğu, Xəzər və Avar xaqanlığında türk yazılarından istifadə edilməsi, Atillanın katiblərinin sənədləri türkcə hazırlaması və s. haqqında verilən məlumatlar türk yazı tarixinin daha qədim dövrə aid olduğunu təsdiqləyir.
Çox təəssüf ki, belə böyük futuhata, zəfərlərlə dolu bir tarixə sahib olan xalqın tarixi başqa-başqa mənbələrdən gəlib dövrümüzə çatmış, əcnəbi araşdırıcılar tərəfindən şərh edilərək günümüzə yetişmişdir. Sovetlər dönəmində Türk tarixi sadəcə yasaq edilmiş, araşdırılmaya cəlb edilməmişdir. Sovetlər dönəmində Turan və qədim türklərin tarixinin araşdırılması qadağan olunmuşdu və bu qadağaya məhəl qoymayan elm adamları pantürkist damğası ilə repressiyalara məruz qalırdı. Həm Sovetlər ittifaqında, elə Dünyada da Türkofobiya deyilən bir şəkk olduğundan mövzu tabu olaraq yasaqlanmışdı. Müstəqillik dönəmindən başlayaraq mövzuya kompleks baxış sərgilənmiş, Türkçülük tarixi köklü araşdırılmışdır. Mövzü ətrafında çoxlu fundamental əsərlər yazılmış, köklü tədqiqatlar aparılmışdır. Elə bu baxımdan da, tarixçi – araşdırmaçı Ələsgər Siyablının Bakı, “Köhlən” nəşriyyatında 2021-ci ildə nəşr olunan 635 səhifəlik “Dünya tarixinin Turan dövrü” kitabı arada olan bütün boşluqları doldurur. Kitab gərgin əməyin zəhməti olaraq araya-ərsəyə gəlmişdir.
Ələsgər Siyablı 1949-cu ildə Naxçıvanda anadan olmuşdur. Orta təhsilini Naxçıvanın Şərur rayonunda və Şuşada almışdır. Azərbaycan Dövlət Universitetinin Tarix fakultəsinin məzunudur. 1979-1994-cü illərdə İnşaat və Memarlıq Universitetində öncə tarix, sonralar isə Fəlsəfə kafedrasında müəllim olaraq çalışmışdır. Azərbaycan Dövlət Universitetinin Aspiranturasını bitirmiş və “Türkiyə ictimai fikrində islam xə social tərəqqi” mövzusunda dissertasiya müdafiə etmişdir.
Ələsgər Siyablı adı gedən əsərdə kompleks elmi tədqiqat işi aparmış, ümumilikdə yeddi yüzə yaxın sənəd, arxiv material və fundamental elmi əsərlərdə müraciət edərək elmi baxışlarını isbat etməyi bacarmış və sonuc olaraq toplum şəkildə bir elmi əsər ortaya qoymuşdur. Əsər bütövlükdə Giriş hissə və otuz beş fəsildən ibarətdir. Müəllif tərəfindən Dünya tarixinin Turan dövrü ayrılıqda deyil, dünya tarixi kontekstində araşdırılmış, özünəqədərki elmi müddəalara yeni nəfəs gətirilmişdir. Əsər təkcə Turanın tarixini deyil, onun ərazilər üzrə tarixi xülasələrini və tarixşünaslığını əks etdirir. Əsərdə XVII-XIX əsr və XX əsrin başlanğıcında fəaliyyət göstərmiş Avropa müəlliflərinin arxivlərində saxlanılan və yalnız bir dəfə nəşr olunaraq elmi dairələrin diqqətindən kənarda qalaraq unudulan çoxsaylı kitab və elmi məqalələrdən istifadə olunmuşdur. Bu dəyərli elmi əsərlərdə Turanın və Ön Türklərin tarixinə aid çox önəmli elmi fikirlər və dəlillərin bir çoxu ilk dəfə olaraq bu kitabda öz əksini tapmışdır. Avropanın XVIII-XIX əsr və XX əsrin əvvəllərinin görkəmli şumeroloq, orientalist, tarixçi, arxeoloq və etnoqraflarının əsərlərində əksini tapmış elmi dəlillər, aşkar edilən artefaktlar nəticəsində Turan ölkəsinin güman edildiyi kimi irandilli dastan, əfsanə və miflərdə əks olunmuş xəyal məhsulu deyil, tarixi bir gerçəklik olduğu sübut olunmuşdur. Bu müddəa da heç şübhəsiz bir çox Rus-sovet və müasir rus tarixçilərinin böyük əksəriyyətinin , eləcə də bir çox Qərb bilim adamlarının Turanın mövcudluğunun gerçək tarixi hadisə olduğunu qəbul etməyərək bunun İran dilli dastan və rəvayətlərin xəyali və əfsanəvi bir anlayış olması fikirlərini fiaskoya uğratmışdır. Çox təəssüf ki, hələ bu gün kompleks gerçəkliyə əsaslanan dəlillərin bolluğuna baxmayaraq Rus şovinist elmi dairələri arxeoloji, toponimik faktları inkar edərək tarixin saxtalaşdırılması fəaliyyətlərini müasir dövrdə də, davam etməkdədir. Elə bu mənada da dəyərli vətənpərvər tarixçi Ələsgər Siyablının “Dünya tarixinin Turan dövrü” fundamental əsəri “ekspansiyaya” tutarlı əks-arqument, əsaslı, elmi cavabdır. Əsər həm də özünəqədərki müəlliflərdən fərqli olaraq mövzuya yeni baxış sərgiləyir.
Əsərdən ali və orta ixtisas məktəblərinin professor-müəllim heyəti, tələbələr, Türkçülük –Turançılıq tarixi ilə maraqlanan, elmi araşdırma aparan bütün şəxslər istifadə edə bilərlər.
Leyla Qadir qızı Məcidova
Tarix üzrə Fəlsəfə doktoru,
Lənkəran Dövlət Universiteti
baş müəllim