“Mən doğulan günü evimizdə şənlik var idi. Hansısa qonaqlıq olub. Atam da deyib ki, bir halda belə bir xoş gündə oğlum dünyaya gəlib, adını qoyuram – Xoşbəxt! Belə də ki, bu yaşa gəlib çatmışamsa elə xoşbəxtəm ki, xoşbəxt…”- söyləyir.
Bir başqa aləmdir, yaşının az qala bir əsr olmasına baxmayaraq, onunla ünsiyyətdə olanda elə təəssürat yaradır ki, sanki qosqoca kişi ilə deyil, bir gənclə üz-üzə dayanmısan. Ötən əsrin 60-cı illərinin bakılı gəncləri kimi yerli ləhcəylə danışır. Hər söhbətində bir məzə, bir şirinlik var. Ömründə bir dəfə ərizə yazıb, o da o vaxt işə qəbul olunanda…
1930-cu ildə Bakının Pirşağı kəndində dünyaya gəlib. 1947-ci ildə orta məktəbi bitirərək indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloji-kəşfiyyat fakültəsinə daxil olub. Oranı 1952-ci ildə “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” üzrə bitirərək “dağ mühəndisi-geoloq” ixtisasına yiyələnib. Elə o vaxtdan da neft sənayesində işləyir. Adi mühəndislikdən dövlət neft şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifəsinədək yüksələ bilib. Ölkədə dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin məşhur iştirakçılarından və rəhbərlərindən biri kimi tanınınır. Necə deyərlər, bu sahənin magikanlarından biridir. Xidmətlərinə görə Azərbaycan Respublikasının ən mötəbər orden və medalları ilə təltif olunub. Bundan əlavə uzunluğu 141, eni 16,9 metr olan “Akademik Xoşbəxt Yusifzadə” tankeri və Pirşağıda orta təhsil aldığı 112 saylı məktəb onun adını daşıyır…
Deyir ki,- “Kim deyir ki, neftimiz tükənəcək, yalan söbətdir, neftimiz olub, var, olacaq da!..”
Necə deyərlər, o, Xəzərə bağlıdır, Xəzər də ona. Bütün ömrü boyu dənizlə dostluq edib. Dəniz ona inanıb, öz sirlərini ona açıb, neft yataqlarının yerini ona pıçıldayıb…
“Adam gərək ad günündə bir az səliqəli geyinsin, telefon zənglərinə hazır olsun. Amma öz aramızdır, deyilən xoş sözlər adma ləzzət eləyir, yaşadığına çox sevinirsən.”- söyləyir…
Bəli, yanvarın 14-də haqqında söhbət açdığım Xoşbəxt Yusifzadənin nə az, nə çox 93 yaşı tamam olur. Məzəli söhbətləri ilə ürəkləri fəth edən ağsaqqalımıza möhkəm cansağlığı, ağrı-acısız günlər arzulayıram.
Çox yaşayın, ey dünyanın xoşbəxti, Xoşbəxt müəllim!..
Elman Eldaroğlu