Dünyanın Yağıları – Soylu Atalı yazdı

Dünyanın Yağıları – Soylu Atalı yazdı

Dünya hər yöndən çalxalandırılır. Xalqlararası, dövlətlərarası münasibətlər imperializm qanunları ilə oluşdurulur. İmperializm qanunları işğal qanunlarıdır, irtica yanaşmalarıdır, dağıdıcılıq gedişləridir. Bu qanunlarla dünya – güclülərə, gücsüzlərə bölünür.

Güclülər işğal edir – qurtarıram deyir, talayır – yedirirəm  deyir, öldürür – sağlamlaşdırıram deyir. Bir sözlə, hər işinə humanizm donu geyindirir. Hamı bunu görür, ancaq heç kim əməllərə deyil, dona baxır. Bunun adına siyasət deyirlər, heç kim bu gedişə qarşı dirəniş göstərmək istəmir, hamı bu gedişin içində özünə yol axtarır. Bu gedişdən qıraqda həqiqət axtarana geri düşuncəli kimi baxırlar, Zamandan geri qalmış sayırlar. Hər kəsi bu qəlibin içində aktiv görməyi doğru bilirlər. “Əgər dünya belə qurulubsa, başqa cür düşünmək, davranmaq vaxt itkisidir” deyirlər. Siyasəti həyatımıza buraxmamaq gərəkdiyi halda, siyasət həyatımızın özüdür deyirlər. Əslində belə bir siyasi düzən heyvanat ortamı yaradır. Adam İnsanlaşmaq yerinə heyvanlaşmaq zoruna boyun əyir. Döyüşlər, yarışlar (rəqabətlər) antiinsani xarakterdədir. “Belə olmalıdır, hamı oldu gözü qıpıq, sən də ol gözü qıpıq. Yoxsa neyləyə bilərsən, sən yaşamında mənəviyyat ölçüsü yaratmağınla böyük güclərin qarşısında necə duruş gətirə bilərsən?!”. Budur dünyanın məntiqi. İnsanlığı, vicdanı, ədaləti qaranlığa gömürlər – bu, heç kimi qorxutmur. Biri o birinin eybəcərliyini ifşa edəndə belə, insanlığın ölçüsü ilə eləmir, siyasətin ölçüsü ilə eləyir. Yəni İnsanlığın dirçəlməsi onu düşündürmür, rəqabətdə qabağa çıxması düşündürür. Heç yerdə arı niyyət, qabaqcıl düşüncə görünmür. Kapitalizmin – İmperializmin eybəcərliklərinə qarşı Birliklər yaranmır, bir-birini qırmaq, xalqları qırğına vermək üçün Birliklər yaranır. “Birlik” sözü xarakterini dəyişir, heyvani anlam daşıyır. Bir sözlə, bəşəriyyət özü-öz məhvini hazırlayır.

Guya dünyada tərəqqi var, insana azadlıq verilir, onun haqqı qorumur. Hər halda, qabaqcıl sayılan dünyada belə görüntü yaradılır. Ancaq Ağalığın başlıca tələbi – insanı əzmək, onu köləyə çevirməkdir. Bunsuz Ağalıq yaşaya bilməz. Kimə qarşı qullanırsan qullan, hansı ölkədə insanı əzirsən əz, məsələnin mahiyyəti dəyişmir. Yəni əgər Amerika öz xalqından deyil, başqa xalqlardan terror şəbəkəsi düzəldirsə, öz çirkin niyyəti üçün insanları qurban verə bilirsə, hansı tərəqqidən, insan haqlarından danışmaq olar?! Bu dediklərimiz başqa güclərə (Rusiyaya, Fransaya, Çinə…) də özgündür. Deyirlər, Amerika, deyək ki, Azərbaycanda insan haqlarının pozulmasına görə rahatsızdır. Bu səmimiyyətsizliyi necə doğru yanaşma saymaq olar. Nədən biz ölkəmizdə insanlarımızın alçaldılmasına dirəniş göstərməyi Amerikadan umuruq?! Dünyanı çalxalayan, hər yerdə insanların qırğınına səbəb verən Amerika hansı insanların haqqını qoruyur, necə qoruyur axı?! Sadəcə hakimiyyətlə xalq arasında qarşıdurma yaradır, özünün guya yardımçı kimi gərəkliyini şüurlara yeridir. Bununla da sömürgəçilik siyasətini qoruyub saxlayır. Biz, xalq olaraq, haqqımızı məkrli güclərin qatqısı olmadan qorumağa böyüməliyik, buna özümüz yetməliyik.

Bu qonunu uzatmırıq, ancaq isbatlamaq üçün indi gündəmin başlıca sorunu sayılan Əfqanıstan olaylarına baxış sərgiləməyimiz doğru olar. Əslində bu olay da, Orta Doğu olayları, Güney Qafqaz olayları kimi dağıdıcı güclərin saqqıza çevirdiyi bir olaydır. SSRİ-nin Əfqanıstanı işğal eləməsi uzaq keçmişin tarixi deyil. 90-cı illərdə SSRİ dağılmağa başlayandan az sonra Taliban hərəkatı yarandı. İlk çağlarda bu birləşmələrə Birləşmiş Ərəb Əmirlikləri maddi, ideoloji yardım edirdi, sonra bu yardıma Səudiyyə Ərəbistanı da qoşuldu. Adı çəkilən dövlətlərin Amerikanın boyunduruğunda olduqlarını gözə alsaq, Əfqanıstanın siyasi-ideoloji cəhətdən qarşı-qarşıya duran iki supergücün savaş poliqonuna çevrilməsini daha yaxşı anlamış olarıq. Dünyada ağalıqlarını qorumaq üçün bu güclər gah bu, gah da başqa bölgələrdə oyunlar qurur, başqa xalqların dincliyinə qənim kəsilirlər. İstənilən bir ölkədə, qıraqdan yardım olmasa, terror şəbəkəsi yarana bilməz, yaransa da, yaşayıb fəlakətlərə nədən ola bilməz. “Taliban” – imperializmin doğduğu, doğurduğu bir axımdır. Dediyimiz kimi, qıraqdan yaraq-yardım almasaydı, olaylar bu dərəcədə qorxulu bir görsəniş almazdı. SSRİ Əfqanıstandan çıxandan sonra Amerika işğal elədi, bu bölgədən Asiyaya hakim olmağa çalışdı. Ancaq vaxtilə yardım etdiyi terrorçu qüvvələrlə üz-üzə qaldı… Terroru qidalandıranlar olur, ancaq yiyəsi olmur. Bəzən o, öz yaradıcısına qarşı da aqressiv davranır. Ortaya can qoyduğu halda, özü hər şeyə yiyələnmək, sərbəst yaşamaq istəyir. Terror şəbəkəsinə çevrilən qurbanlar – qanan, düşünən, öldürməkdən qorxan qüvvələrdən oluşmur. Belə qüvvələrin kökünü kəsmək də çətin olur. Əslində kökünü biryolluq kəsmək istəmirlər də. Çünkü dünyanı yönətən güclər bir-biri ilə öz ordusu, dövlətinin gücü ilə savaş aparmırlar, terror şəbəkələrinin qullanılması ilə bir-birinə zərər yetirirlər. Yaxşı bilirlər ki, açıq savaşa girmək – istər siyasi, istər iqtisadi açıdan supergüc sayılanların çökmələrinə gətirib çıxarar. Ona görə ən murdar gedişlər edir, oyunlar qurub bölgələri çalxalamaqla uğraşırlar.

Hələ aylar öncə Amerika rəsmiləri elan eləmişdilər ki, Amerika ilə NATO öz qoşunlarını Əfqanıstandan geri çəkəcəklər. Çəkdilər də. Elan olunan vaxt bir sıra mətbu orqanlar belə bir xəbəri həyəcanla qaşılamışdılar. Başqa sözlə,  bölgə dövlətlərinin həyəcanlarını ifadə etmişdilər. Çünkü hər kəs anlayırdı ki, koalisiya qoşunları çıxarılandan sonra “Taliban”lar Əfqanıstanda mövcud hakimiyyəti devirib yerinə keçəcəklər. Taliban rejiminin bölgə dövlətlərinə nələr vəd edəcəyi sözsüz ki, düşündürücüdür. Birinci, Əfqanıstandan mühacir axınları qonşu dövlətlərin hər biri üçün baş ağrısı deməkdir. Bəllidir, Talibanlar özlərini sələfi adlandırırlar. Onlar üçün televiziya, musiqi, incəsənət, əyləncə oyunları küfrdür. Kişilər uzun saqqal saxlamalı, qadınların işləməsi aradan qalxmalı, küçələrdə yanında kişi olmayan qadınların gəzməsi haram bilinməlidir. Onlar 1996-cı ildə hakimiyyəti ələ keçirəndən sonra bu deyilənləri dövlət düzeyində həyata keçirmişdilər, başqa inanclı insanlara, onların daşıdıqları mədəniyyətə qarşı kəskin, aqressiv davranışlar sərgiləmişdilər. Bu deyilənlərin yenidən bərpa olunması, sözsüz ki, yeni köç dalğalarının yaranmasını qaçılmaz edəcəkdir. Amerika bunları bilə-bilə qoşunlarını çıxarır. Demək ki, Talibanların hakimiyyəti ələ keçirmələrinə razılıq verib. Burada məkrli oyunların qaranlıqları aydınlaşmağa başlayır. Bölgədə, özəllikcə Güney Qafqazda aktivləşməyə başlayan Türkiyənin, eləcə də Rusiyanın yeniləşən bölgəsəl problemlərlə üz-üzə qalması Amerikanın işinə yarayır. Talibanlar hakimiyyətdə möhkəmləndikcə, adı çəkilən dövlətlər onunla anlaşmaq, dil tapmaq zorunda buraxılır. Türkiyə onsuz da Suriyadan, Əfqanıstandan gələn, gətirilən mühacirlərlə yüklənmişdir. Rusiya da KTMT-yə üzv olan Orta Asiya dövlətlərinə görə (əgər İslam Əmirliyi ideoloji cəhətdən özünə yer eləməyə çalışsa) Talibanlarla dil tapmalı, ya da savaşmalıdır. Bu gün Rusiyanın, hansı səbəb üzündən olursa olsun, Əfqanıstanla savaş bataqlığına girməsi olumsuz görünür. Ancaq dil tapıb uzlaşmaq çabaları da, istər Türkiyənin, istər Rusiyanın, siyasi çəkilərinə zədə vurmuş olur. BMT-nin də, başqa Dünya Birliklərinin də terror şəbəkəsi kimi tanıdığı Talibanla bölgə dövlətlərinin uzlaşması – bu dövlətlərin terror şəbəkəsi ilə iş birliyinə getmələri kimi qiymətləndiriləcək. Bu qonu ilə bağlı daha çox arqumentlər göstərmək mümkündür. Bütün bunlarla yanaşı, ayrı-ayrı ölkələrdə, eləcə də Azərbaycanda Vəhabi-Sələfi adlanan qrupların həm sayı arta bilər, həm də daha aktiv düzeyə qalxa bilər. Bununla da qarşıdurmalar çoxalar, əmin-amanlıq daim qorxu altına düşər. Düşünürük, bütün bu görünənlər məkrli niyyətlərin bir parçasıdır. Ancaq qabaqda daha böyük oyunlara da tanıqlıq eləmiş olacağıq… Analitiklər, politiloqlar, siyasətçilər də yeni araşdırmalarla, açıqlamalarla, qiymətləndirmələrlə gündəmi doldurmuş olacaqlar. Çax-çax nə qədər çaqqıldayır çaqqıldasın, dəyirman da öz işini görəcək.

Dünya bunca özündən ayrılıb, gözəllikləri itirib, eybəcərliklərlə yüklənib. Biz də bu bədbin dünyanın balaca bir mənzərəsini cızan yazımızı Asif Atanın bir çağırışı ilə bitiririk: “İnsanlaşın – İnsanlaşdırın! Bəşərin qurtuluşu İnsanlaşmaqdadır!”.

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

Atamız Var olsun!

22 Qürub Ayı, 43-cü il. Atakənd.
(avqust, 2021. Bakı.)

Share: