***
Qabaqlar ayrı cür şeir yazırdım,
Gözünə-qaşına qərənfillərin.
İndi hər baxanda məni don vurur,
Dözmürəm qışına qərənfillərin.
Qəlbimi,ruhumu oda yaxırlar,
Bağrımı duzlayıb şişə taxırlar,
Mənə hər yanvarda soyuq baxırlar,
Gəlmirəm xoşuna qərənfillərin.
Ağrıdan dişinə sıxıb canını,
Soyuq qəbirlərin kəsir yanını,
Kim çəkib bu qədər şəhid qanını,
Üstünə-başına qərənfillərin.
Dərdim adaq-adaq,pillə-pillədi,
İçimdə qeyrətin közü küllədi,
Sinəmə tuşlanan qızıl güllədi,
Qaçıram tuşuna qərənfillərin.
Nə desin,canından bezar nə desin,
Qan üstə od tutan bazar nə desin,
Bu adsız-ünvansız məzar nə desin,
Gözünün yaşına qərənfillərin.
Qədirlik,qurbanlıq püşkə düşəydim,
Hər gün bu ilahi eşqə düşəydim,
Mən də şəhid olub keşkə düşəydim,
Bir gün ağuşuna qərənfillərin.
İsmət işığıdı,həya tülüdü,
Leyli fəryadıdı,Kərəm külüdü,
Dünyanın yeganə şəhid gülüdü,
Bəxtəvər başına qərənfillərin.
Ayaz Arabaçı
Müstəqil.Az