Düşmən çirkin əməllərindən əl çəkmir – Taleh Mahmudov

Düşmən çirkin əməllərindən əl çəkmir – Taleh Mahmudov

“Krasnoyarsk diyarı ərazisinə görə Rusiyanın 2-ci subyektidir. Müxtəlif mənbələrə görə diyarda 60-70 min azərbaycanlı yaşayır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Krasnoyarsk diyarı “Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri Taleh Mahmudov deyib.

Müsahibimizin sözlərinə görə, Milli-Mədəni Muxtariyyətin mühüm işlərindən biri, xaricdə yaşayan soydaşlarımız arasında kütləvi şəkildə mədəni, irsi, tarixi və digər tədbirlər keçirmək, dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi qoruyub saxlamaq və yeni nəsilə çatdırmaqdan ibarətdir:

“Bundan başqa, Azərbaycanımızın mədəniyyətini, incəsənətini, tarixini, zəngin adət – ənənələrini yerli əhali arasında yaymaq, onları Azərbaycanımızın hər bir incəlikləri ilə tanış etmək həmişə gündəmimizdə olub”.

“Bütün bunlarla yanaşı, Milli – Mədəni Muxtariyyətimizin 35 illik fəaliyyət dövründə Azərbaycan həqiqətlərinin yerli əhaliyə, Krasnoyarsk diyarının hakim dairələrinə, ictimai təşkilatlara çatdırmaq, həqiqətlərimizi ictimailəşdirmək əsas vəzifəmiz olub. Çünki həmin illər, Azərbaycanın 20-faizdən çox torpağı erməni işğalına məruz qalmışdı. Bir milyondan çox soydaşımız ata-baba yurdundan, doğma torpaqlarından məcburi köçkün düşmüşdü. Şəhərlərimiz, kənd və qəsəbələrimiz, dini, mədəni, inzibati, sosial və s. obyeklərimiz vəhşicəsinə düşmən tərəfindən yerlə- yeksan olunmuşdur. Ölkəmiz “Qanlı yanvar”, “Xocalı Soyqırımı” kimi faciələr, yaşamışdır. Bütün bunlar hər bir azərbaycanlının qan yaddaşıdır. Bu həqiqətləri lazımı yerlərə, inzibati orqanlara, yerli əhaliyə çatdırmaqdan ötrü, hər bir varianta əl atıb, qanun çərçivəsində dəfələrlə, müxtəlif vaxtlarda tədbirlər keçirmişik. Buna misal olaraq, “20 yanvar – Qan yaddaşımız”, “Xocalıya ədalət”, “31 mart – unutma!” kimi tədbirləri hər il keçirərək gənclərimizin diqqət mərkəzində saxlamışıq”, – deyə T.Mahmudov bildirib.

T.Mahmudov əlavə edib ki, Vətən müharibəsi dövründə Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda döyüşdüyünü yerli KİV və digər sosial şəbəkələrdən istifadə edərək ictimaiyyətin diqqətinə çatdırmışıq:

“Şanlı Azərbaycan ordumuz, Müzəffər Ali Baş komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Şəhidlərimizin ruhu şad olsun. Azərbaycan əsgər və qazilərimizin silah gücü, xalqımızın mətin iradəsi və birliyi ilə ərazi bütövlüyünü bərpa etdi. Xalqımız şaddır, biz sevinir, qürur duyuruq. Amma sakitləşmək, kifayətlənmək, “20 Yanvar”, “Xocalı” kimi faciə və soyqırımları unutmaq olmaz. Bunlar bizim qan tariximizdir. Düşmən məğlubiyyətinə baxmayaraq yenə də öz çirkin əməllərindən əl çəkmir. Biz hər zaman ayıq olmalıyıq”.

Share: