“Düzgün yoldayıq, komanda inkişaf edir” — Canni De Byazi

“Düzgün yoldayıq, komanda inkişaf edir” — Canni De Byazi

Millətlər Liqasının 6-cı turunun Azərbaycan – Qazaxıstan matçından sonra millimizin baş məşqçisi Canni De Byazi mətbuat konfransında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, italiyalı məşqçi görüşü şərh edib:

– Son iki matçda gözəl oyunla 6 xal qazandınız. Bunu daha çox hücumameyilli oyuna üstünlük verməyinizlə, sistem dəyişikliyinə getməyinizlə əlaqələndirirlər. Bu fikirlərlə razısız?

– Əminəm ki, bu gün çox yaxşı oyun oynadıq. Daha az səhv etdik. Amma yenə də reallaşdırmada daha yaxşı oynamalıyıq. Qapıya nə qədər zərbə endiririk. İkinci yarıda oyunumuzdan razı qaldım. Dünən də demişdim ki, altı oyunun hamısında yaxşı oynadıq. Əsasən ilk oyunda qələbəyə layiq yeganə komanda biz idik. Amma kiçik epizodlar oyunun taleyini həll edir. Düzgün yoldayıq, komanda inkişaf edir.

– Amin Seydiyevin bugünkü oyunda meydana buraxılmamasının səbəbi nədi?

– Fərqli qərar verdik. Fikirləşirəm ki, yaxşı oyunçudu, inkişaf edə bilər. Azərbaycanın gələcəyi ola bilər, dinamik futbolçudu. Amma tatkiki baxımdan inkişaf etməlidi. Qərar verdik ki, bu gün daha çox hücumameyilli futbol oynayaq.

– 90 dəqiqə ərzində sizin tərəfdə millinin fan-klubu oturmuşdu. Amma oyundan sonra heç kəs onlar təşəkkür etmədi. Tələsirdiniz?

– Maraqlı bir şey deyim, epizod oldu, oyunçumuz sürüşdü, azarkeşlər gülürdü. Sonra onu alqışladım və fan-klub da alqışladı. Həmişə futbolçulara dəstək olmalıyıq

– Mahir Emrelinin ehtiyatda qalması taktiki gediş idi, yoxsa klubunda oynamaması ilə bağlıdır?

– Bu mövsüm az oynayıb. Bilirdik ki, oyunun axırına kimi gücü çatmayacaq. Ona görə belə qərar verdik. Güclü futbolçudu, fərq yarada bilər. Qol vurmaq üçün oynamamalıdı. Çünki ancaq qol vurmaq istəyəndə heç nə alınmır.

– Qırmızı vərəqə Qazaxıstanın oyununa təsir etdi, yoxsa onsuzda qalib gələ biləcəkdiniz?

– Oyunun əvvəlindən diqtə edirdik. Ola bilər ki, ilk hissədə ilk dəqiqələrdə çox qol epizdou yarada bilmədik. Amma bütün cinahlarda aktiv idik. Qazaxıstan millisinin yaxşı müdafiəsi var, fiziki cəhətdən güclüdülər. Oyundan sonra Maqomed Adiyevlə danışdım və ona təbriklərimi çatdırdım. Ona dedim ki, Qazaxıstan millisi digər komandalara meydanda necə mübarizə aparmaq lazım olduğunu göstərə bilər. Meydanda 300 faiz mübarizə aparırlar.

– Postunuzda qalsanız, bu nəticələrin ardı gələ bilər?

– Bilmirəm.

– Yəqin ki, bilirsiz qalib gəlmək üçün hücum etmək lazımdı…

– Çox sağolun məsləhətiniz üçün. Bunu bilmirdim. 40 ildir ki, futboldayam. Yəqin ki, beş ildir futbola baxırsan. Öyrəşmisən həmişə udmağa. Hər halda “Bavariya”, “Real” azarkeşisən.

– Qrupdakı hansı oyuna görə üzülürsünüz? 

– Qazaxıstanla birinci oyuna görə. Slovakiya ilə Bakıdakı matçda da uduzmamalıydıq. Müdafiədə səhv etdik və uduzduq. Bu komanda yaxşı oynaya bilər. Əsas odur ki, göydə uçmasınlar. Bu tsikldə uşaqları inandırmağa çalışdım ki, topu qabağa vurmasaq, irəliləməsək, nəsə əldə etmək çətindi.

– 2020-ci ildən Azərbaycan millisindəsiniz. O vaxtkı və indiki milli arasında hansı fərq var? Nə vermisiniz?

– Siz deyə bilərsiniz. Çünki kritikanı siz görürsünüz. Neçə ildir ki, Azərbaycanda ardıcıl üç dəfə qalib gələ bilmirdi? Futbolda çox vaxt olur ki, ancaq nəticəyə baxırlar. Amma əlində böyük potensial olmayanda, istəyirlər çempion olasan. Bu, mümkün deyil. Mən gələndən nə qədər cavan oyunçu oynayıb. 18-19 yaşından oynayırdılar. Təbii ki, bu oyunçularla davam etməliyik. Öz klublarında da çox oynamalıdılar, inkişaf etməlidilər ki, milliyə kömək etsinlər.

– Sizcə, Qazaxıstan ədalətli şəkildə qrupda qalib gəldi?

– İlk oyunu görmüşdün? Səncə, 0:2 ədalətli idi? Qazaxıstan qrupdakı qələbəni haqq edirdi. Çünki mübariz, keyfiyyətli komandadı.

– Bu qələbələr Azərbaycan millisinin gələcəyi üçün xeyirlidi, yoxsa sizin gələcəyiniz üçün?

– Bilmirəm. Oktyabrın 1-də deyəcəm.

– Bu günə qədər millidə alman, xorvatiyalı məşqçi işləyib. Məncə, milliyə uğuru italiyalı məşqçi qazandıra bilər. Albaniya ilə qazandığınız nəticəni 8 ildən sonra təkrarlaya bilərsiniz? Şans var?

– İlk dəfə Azərbaycana gələndə birinci gün “Sabah”- “Qəbələ” oyununa baxmışdım. Oyunu çox bəyəndim. Amma başqa oyunlara baxdıqca, başa düşdüm ki, hər şey o qədər yaxşı deyil. Albaniyada isə ilk oyuna baxanda, düşündüm ki, yaxşı deyil vəziyyət. Amma 4 ilə inkişaf etdik. Albaniyadakı oyunçuların çoxu Avropada oynayırlar, bizdə isə yoxdu. Bizə lazımdı ki, oyunçularımız xaricdə oynasın və təcrübələri ilə milliyə kömək etsinlər.

– Avropa çempionatına necə yollanmağı istəyərdiz? Millətlər Liqasından, yoxsa seçmə mərhələdən? 

– Haradan olursa-olsun əsas odur ki, gedək. Xalq, futbolçular üçün qeyri-adi bir şeydi. Gözəl olardı. 

– Hazırkı millidən kim İtaliya A seriyasında oynaya bilər?

– Çox çətin suallardı. Cavab verə bilməyəcəm. Birini deyib, başqasını deməsəm, ayrıseçkilik olardı.

– Musa Qurbanlı barədə fikriniz necədi? Ona nə məsləhət görərdiniz?

– Çox yaxşı oyunçudu, çox ağıllı oğlandı. Hücumçuya lazım olanların hamısı onda var. Onu bəyənirəm. 20 yaşı var, bəxti var ki, “Qarabağ”da çıxış edir. Güclü oyunçulardan çox şey öyrənə bilər. Azərbaycanın gələcəyidi. Ona, Şeydayevə, Dadaşova, Mahirə ümid edirik. Hamısı cavandı. Komandanın texniki inkişafına çox köməkləri dəyə bilər.


Share: