(8 Mart üzrxahlığı))
Əslində bütün günlər yaşamaq üçündür, dəyərləndirmək və qiymətləndirmək üçündür. Təbii ki, söhbət dəyirləndirməyi, yaşamağı bacaran insandan gedir. Amma neyləmək olar ki, bəzən biz yaşamağı bacarmırıq. Və yaxud da yaşamağın damarını tapa bilmirik, yolundan uzaq düşürük, ya da bizə yaşamağa imkan verilmir. Söhbət hansısa bir basqıdan getmir, təzyiqdən getmir. Söhbət reallıqdan, insanın yaşamı üçün lazım olan maddi və mənəvi durumdan gedir.
Bax, bu mənada artıq uzun illərdir ki, insanlar özləri üçün fərqli günlər qeyd edirlər. Daha doğrusu, təqvimdə bunu işarələyiblər. O günlərdən biri də 8 Martdır. Bu, simvolik bir gündür, yəni həmin gün kişilər xanımlara bir az fərqli yanaşırlar. Bir az diqqətli, qayğıkeş, anlayışlı münasibət sərgiləyirlər. Və bu da həmin günün kişilər tərəfindən qadınlara hədiyyə kimi dəyərləndirilir. 365 günün birini qadınlara sanki ərməğan edirik. Amma…
Köhnə kişilərin sözü olmasın, ötənlərdə bayramlar da , xatirələr də, diqqətlər də tamam başqa idi. Mən orta məktəbdə oxuduğum illərdə müəllimlərə, sinifdəki qızlara bir açıqlama və yaxud da bir kitab bağışlayardıq, içərisinə də ürəyimizin isti sözlərini qeyd edərdik. Sonra həyat öz inkişaf sürətini artırdı və bizi uzaqlaşdırdı kitab, açıqlama hədiyyələri verməkdən. Onun yerini gül dəstələri, müxtəlif ətriyyatlar, bahalı hədiyyələr tutmağa başladı. Eelə bu gün də həmin ovqat davam edir, amma bu günün bazarı bizim illərin bazarı deyil. Və deməli, bizim illərin adamları da bü günün bazarına uyğunlaşa bilmirlər. Bunun da əsas səbəbi məhz əllə cibin arasındakı məsafədir.
Əgər bir mətbuat işçisi, bir ziyalı, bir sadə əmək adamı aldığı məvacibi bir ayın günləri arasında bölə bilmirsə yaşadığı sıxıntı təbii ki, sonda ürək ağrısına, həsədə, dilxorçuluğa çevrilir. Mən bu yazını yazmazdan öncə gül dükanına yaxınlaşdım, qiymətlərə baxdım və ailəmdəki, çevrəmdəki xanımları göz önünə gətirib o güllərə baxmaqla kifayətləndim. Çünki hərəsinə bircə ədəd qızılgül almaq artıq bir aylıq əmək haqqına vida deməkdir. Bax, kasıbı da burda ağlamaq tutur, əl də cibdən utanır. Ona görə də ümid qalır yenə xanımların anlayışına. Necə deyərlər, onlar da bizimlə bir cəmiyyətdə, bir reallığın içində yaşayırlar. Nə çəkdiyimizi, necə yaşadığımızı elə onlar da bizim qədər görür. Görünənə isə bələdçi lazım deyil. Bu mənada gerçəyi görən, qiymətləndirən, dəyərləndirən xanımlar, bizim ürəkdən gələn səmimi təbrikimizi qəbul edin. Elə bu təbriki özünü də hədiyyə kimi qəbul edin. İnanın və bilin ki, biz sizləri sevirik, biz sizlərlə xoşbəxtik. Sizin hər birinizə layiq olduğunuz xoşbəxtliyin yolunda hər zaman yaşıl işıq arzu edirik. Yolunuz açıq, bəxtiniz uğurlu olsun. Bayramınız mübarək!