Ədəbi sferada  ən mərd, ən sözübütöv, qəlbində paxıllıq və kin olmayan insan – Faiq BALABƏYLİ

Ədəbi sferada  ən mərd, ən sözübütöv, qəlbində paxıllıq və kin olmayan insan – Faiq BALABƏYLİ

 Kapitan, şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident teqaüdçüsü, Azərbaycan və Türkiyənin ədəbi mükafatlarının laureatı,”Eh ayrılıq nə yamansan”, “Sənə yazılan şeirlər”, “Kəsilməyən həyacan fiti”, “Burda darıxmaq olmaz”, “Bayıldan bayıra” “Yağışdan sonra”, “Bakı buxtası-20 yanvar”, “Dənizçi heyatı”, “Bir ovuc kədər” və s. kitabların müəllifi, əziz, dəyərli və çox hörmətli Faiq Balabəyli…

Faiq bəylə ilk tanışlığımız elə AYB-də yazıçı Anarla keçirilən görüş zamanı oldu, hərçənd ki, imzası ilə çoxdan tanış idim. Söhbət əsnasında Cəlilabad rayonundan olduğumu söylədim, bu zaman Faiq bəyin simasına  xoş bir təbəssüm çiləndi,  hiss etdim ki, bu xəbər onda xoş təəssürat yaradı, o,  eyni istiqanlılılqla   “yerli” olduğumuzu dedi. Elə o dəqiqədən etibarən Faiq bəyə qarşı bir  doğmalıq duydum, ona görə yox ki, Faiq bəy də  Cəlilabadlı idi, ona görə ki, çağdaş insanın təbiətdən uzaq düşdüyü, yağışda islanmadığı, günəşdə yanmadığı bele bir dövrdə onun doğulduğu kəndinə qarşı belə etibarlılığı, bağlılığı, ruhən o kənddən çıxmaması və doğulduğu, çox sevdiyi rayonundan ziyalıların, yazıçıların sayının çox olması  onu sanki sevindirirdi, qürurlandırırdı. Bu əlbəttə ki, onun ürəyinin və qələminin böyüklüyündəndir.

Yaxın zamanlarda Səlim Babullaoğlunun Faiq Balabəyli haqqında olan yazısını oxudum. Yazı belə idi:”Faiq Balabəyli Lirikdir,  lirika isə təhlükəlidir. Çünki lirika istənilən hökmün həqiqət olduğu ərazidir, lirik şair dünən “Həyat ağlaşma kimi mənasızdır” deyəndə də, bu gün isə “Həyat gülüş qədər əyləncəlidir” hökmünü verəndə  də hər dəfə və eyni qədər haqlıdır. Lirik şair heç nə sübut etməməlidir, yeganə sübutu yaşantının pafosudur”.

Bəli, Faiq Balabəyli ədəbiyyatımızın orta nəslini təmsil edən çox istedadlı qələm sahiblərindən biridir. Bununla yanaşı, həm də o dənizçidir, gəmi kapitanıdır, sözün məcazi mənasında da öz Sözünün kapitanıdır. Faiq bəy ədəbi sferada tanıdığım ən mərd, ən sözübütöv, ən dostcanlı, gənc yazarların inkişafı üçün daima onlara dəstək olan, qəlbinə zərrə qədər paxıllıq, kin və digər heç bir neqativ hissləri buraxmayan  insanlardan biridir. Məncə, Faiq bəyin şeirləri də özünə bənzəyir, özü kimi səmimidir, içdəndir, dünyada yaşayan, lakin dünyanın onun içində yaşamasına imkan verməyəndir. Bunu asağıda qeyd etdiyim şeirindən də yaxşı duymaq olar:

İlini, ayını, gününü bilmir,

toyunu, yasını, vayını bilmir.

Dünyanın işləri düşüb qarışıq,

özü öz yaşını, soyunu bilmir,

Bacara bilmirem bu dünya ilə…

Əziz, dəyərli, çox hörmətli Faiq Balabəyli… Yeni baharınız  mübarək! Arzu edirəm ki, beynininizin yükü belinizin yükündən ağır olmasın, könül atəşiniz heç sönməsin, qənşərinizə hər zaman həyatın bütün məna və çalarlarında özünüz kimi, sözün əsl mənasında yaxşı insanlar çıxsın! Yubileyiniz mübarək olsun!

SƏİDƏ İKİGAİ

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Share: