Azərbaycanın ən böyük avtomobil idxalçılarından biri olan “Efendiler Group” “Geely Holding Group”a məxsus olan “Zeekr IT” ilə distribütorluq müqaviləsi imzalayıb.
Rəsmi olaraq “Zeekr X” “Zeekr 001” və “Zeekr 009” modelləri ilə Azərbaycan bazarına daxil olmağa hazırlaşan şirkətlər qrupu, hazırki qeyri-rəsmi bazar qiymətlərindən daha sərfəli qiymətlər, rəsmi servis zəmanəti və Avropa bazarı təchizatına sahib avtomobillər təklif edir.
“Qafqazinfo” xəbər verir ki, “Fairmont” hoteldə keçirilən təntənəli imza mərasimində bir sıra tanınmış şəxslər iştirak edib.
“Zeekr” şirkətinin vitse-prezidenti Mars Çen hər iki şirkətə müvəffəqiyyətlər arzulayıb: “Efendiler Group”la tərəfdaş olmaqdan və distribütorluq müqaviləsi imzalamaqdan çox məmnunuq. Bu o deməkdir ki, bundan sonra Azərbaycan bazarına ən qabaqcıl, yeni modellər gətiriləcək. 2025-ci ildən etibarən Azərbaycan bazarına 8 əlavə model də daxil olacaq”.
Sonra “Efendiler Group”un rəhbəri Ənvər Ənvərli çıxış edərək qeyd edib ki, şirkət son illərdə elektrikli avtomobillərin Azərbaycanda yayılması üçün öz gücünü bu sahəyə fokuslayıb: “Şirkətimiz müasir dövrün aktual tələblərini həmişə əsas götürüb. “Zeekr” sevəcəyiniz və sevgini onu idarə edərkən hiss edəcəyiniz avtomobildir. Bu gün imzalanan tərəfdaşlıq müqaviləsindən çox məmnunuq və düşünürük ki, hazırda sürətlə inkişaf edən Azərbaycan-Çin iqtisadi əlaqələrinə öz töhfəvimizi vermiş olacağıq”.
Daha sonra tədbir musiqili və əyləncəli proqram ilə davam edib.
Dəvətli qonaqlar tədbir ərazisində yerləşdirilmiş “Zeekr 001” modeli ilə yaxından tanış olmaq fürsəti də əldə ediblər.