Ehtiyatsızlıq…

Ehtiyatsızlıq…

Anton ÇEXOV 

(Hekayə)

Pyotr Petroviç Strijkin, polkovnik arvadı İvanovanın qardaşı oğlu, hansı ki, keçən il təzə qaloşlarını oğurlamışdılar, düz gecə saat ikidə xaç suyuna salma mərasimindən qayıtdı. Evdəkiləri oyatmamaqdan ötrü ehtiyatla soyundu, barmaqlarının ucunda, nəfəs almadan yataq otağına keçdi və şam yandırmadan yatmağa hazırlaşdı.
Strijkin ayıq və düzgün bir həyat sürür, onun sifətinin ifadəsi təsəllivericidir, ancaq əxlaqi-mənəvi mövzularda kitablar oxuyur, amma xaç suyuna salma mərasimində Lyubov Spiridonovnanın sağ-salamat döğmasına sevindiyindən özünə dörd qədəh araq və bir stəkan sirkə ilə gənəgərçək yağı arasında bir dadı olan şərab içməyi rəva gördü. Spirtli içkilər isə dəniz suyuna, ya da şöhrətə bənzəyir: nə qədər çox içirsən, bir o qədər istəyirsən… İndi Strijkin də soyunanda dözülməz dərəcədə içmək yanğısı hiss etdi.
“Daşenkada, yəqin ki, dolabda, sağ küncdə araq olar, – deyə fikirləşdi. – Əgər bir qədəh içsəm, o bilməz”.
Strijkin bir qədər tərəddüddən sonra, qorxu hissini üstələyərək dolaba yaxınlaşdı. Ehtiyatla kiçik qapını açıb əli ilə sağ küncdəki şüşəni və qədəhi götürdü, bir az süzüb şüşəni yerinə qoydu, sonra xaç çəkdi və içdi. Elə həmin dəqiqə sanki möcüzə kimi bir şey baş verdi. Dəhşətli bir qüvvə bomba kimi Strijkini dolabdan sandığa tərəf tulladı. Gözləri parıldadı, nəfəsi tutuldu, elə bil zəlilərlə dolu bir bataqlığa düşdü. Ona elə gəldi ki, araq əvəzinə o, bədənini, evi, bütün dalanı partladan bir parça dinamit yedi… Başı, əlləri, ayaqları – hər yeri qopdu və harasa cəhənnəmə, boşluğa uçdu…
Üç dəqiqə sandığın üstündə hərəkətsiz halda, nəfəs almadan uzanıb qaldı, sonra qalxdı və özünə sual verdi:
-Mən hardayam?
Özünə gələndən sonra ilk hiss etdiyi kəskin kerosin iyi oldu.

Fotoğrafı Aç
-Dədəm vay, mən araq əvəzinə kerosin içmişəm! – deyə dəhşətə gəldi. –Müqəddəs varlıqlar!
Zəhərlənməsi fikrindən bədəninə gah istilik gəldi, gah da soyuqluq. Zəhər qəbul etməsini otaqdakı iydən başqa, həm də ağzının yanması, gözlərindəki qığılcım, başındakı cingilti və mədəsindəki sancı da təsdiq edirdi. Ölümün yaxınlaşdığını hiss edərək və özünü yalançı ümidlərlə aldatmayaraq, o, yaxınları ilə vidalaşmaq qərarına gəldi və Daşenkanın otağına getdi. (Dul olduğu üçün o, mənzilində qulluqçu əvəzinə qarımış qız olan baldızı Daşenkanı saxlayırdı.)
-Daşenka! – deyə o, ağlar səslə yataq otağına girdi. – Əziz Daşenka!
-Hə? Nədir? – deyə qadın səsi tez dilləndi. – Bu sizsiz, Pyotr Petroviç? Qayıtmısız? Nə oldu? Qızcığazın adı nə oldu? Xaç anası kim oldu?
-Xaç anası Natalya Andreyevna Velikosvetskaya oldu, xaç atası – Pavel İvanoviç Bessonnitsın… Mən… mən, Daşenka, deyəsən, ölürəm. Körpəni isə himayədarının şərəfinə olaraq Olimpiada adlandırdılar… Mən… mən, Daşenka, kerosin içmişəm…
-Yox əşi! Məgər orada kerosin verirdilər?
-Boynuma alıram ki, mən sizdən soruşmadan istədim araq içim və… və Allah məni cəzalandırdı: qaranlıqda bilmədən kerosin içmişəm… İndi mən nə edim?
Daşenka onun icazəsi olmadan dolabın açılmasını eşidən kimi canlandı… Tez şamı yandırdı, yatağından atıldı və təkcə gecə köynəyində, çilli, sümükləri çıxmış, saçlarındakı papilyotkalarla yalın ayaqlarını şappıldadaraq dolaba tərəf getdi.
-Kim sizə icazə verib? – deyə o, dolabın içərisinə baxaraq sərt halda soruşdu. – Məgər araq sizin üçün qoyulub?
-Mən… mən, Daşenka, arağı içməmişəm, kerosini… – deyə Strijkin soyuq tərini silərək mızıldandı.
-Bəs siz niyə kerosinə toxunmusunuz? Məgər bu sizin işinizdir? O sizdən ötrü oraya qoyulub? Yaxud, sizcə, kerosin pulla alınmır? Hə? Siz heç bilirsiniz kerosin indi neçəyədir? Bilirsiniz?
-Əziz Daşenka! – deyə Strijkin inildədi. – Məsələ ölüm-dirim məsələsidir, siz isə pul haqqında!
-Sərxoş olur, sonra da burnunu dolaba soxur! – deyə Daşenka dolabın qapısını acıqla çırparaq qışqırdı. – Ax, qəddarlar, zalımlar! Mən bədbəxtəm, mən əzab çəkirəm, nə gündüzüm var, nə gecəm! İlanlar, əjdahalar, lənətə gəlmiş cəlladlar, görüm sizi o dünyada elə mənim kimi yaşayasınız! Günü sabah çıxıb gedirəm! Mən gənc qızam və imkan vermərəm ki, mənim qarşımda təkcə alt paltarında dayanasınız! Mən paltarsız olduğum halda siz mənə baxmağa cəsarət edə bilməzsiniz!
Və getdi, getdi… Hirslənmiş Daşenkanı yalvarmaqla, and içməklə, hətta top atəşləri ilə belə sakitləşdirməyin mümkün olmadığını bildiyi üçün Strijkin əlini yellədi, geyindi və həkimə getməyi qərara aldı. Amma həkimi ancaq sənə lazım olmayanda asanlıqla tapmaq olur. Üç küçəni qaça-qaça keçib və beş dəfə həkim Çepxaryantsın, yeddi dəfə həkim Bultıxinin qapısının zəngini çalandan sonra Strijkin aptekə qaçdı: birdən aptekçi kömək eləyər. Burada xeyli gözlədikdən sonra balacaboy, qarabəniz və qıvrımsaç əczaçı yuxulu halda, xalatda, elə ciddi və ağıllı sifətlə çıxdı ki, hətta Strijkin qorxdu.
-Sizə nə lazımdır? – deyə o, yalnız yəhudi dinindən olan çox ağıllı və hörmətli əczaçıların danışa biləcəyi tərzdə soruşdu.
-Allah xatirinə… yalvarıram sizə! – Strijkin boğularaq dedi. – Mənə bir şey verin… Mən indicə ehtiyatsızlıqdan kerosin içmişəm! Ölürəm!
-Xahiş edirəm, həyəcanlanmayın və mənim verəcəyim suallara cavab verin. Elə təkcə sizin həyəcanlanmağınız mənə sizi anlamağa inkan vermir. Siz kerosin içmisiniz? Hə-ə?
-Bəli, kerosin! Xilas edin, xahiş edirəm!
Əczaçı soyuqqanlılıqla və ciddi görkəmlə hündür stola yaxınlaşdı, kitabı açdı və oxumağa başladı. İki səhifə oxuyandan sonra əvvəl bir, sonra digər çiynini çəkdi, bundan sonra üz-gözünü turşutdu və bir az fikirləşib qonşu otağa keçdi. Saat dördü vurdu. Beşə on dəqiqə işləmişi göstərəndə əczaçı başqa kitabla qayıtdı və yenə oxumağa başladı.
-Hm! – deyə o, bir şey başa düşmürmüş kimi dilləndi. –Təkcə elə özünüzü pis hiss etməyiniz kifayətdir ki, siz aptekə yox, həkimə müraciət edəsiniz.
-Amma mən həkimlərə getdim! Cavab vermədilər!
-Hm… Siz bizləri, əczaçıları insan hesab eləmirsiniz və hətta gecə saat dörddə də narahat edirsiniz, amma hər bir it də, pişik də dincəlmək istəyir… Siz heç nə başa düşmək istəmirsiniz və sizə görə, biz insan deyilik və bizim əsəblərimiz ip kimi möhkəm olmalıdır.
Strijkin əczaçını dinlədi, dərindən köks ötürdü və çıxıb evinə getdi.
“Belə çıxır ki, qismətim ölməkdir!” – deyə fikirləşdi.
Ağzı isə yanırdı və kerosin iyi verirdi, mədəsi doğranırdı, qulaqlarında: bum, bum, bum! – deyə səslənirdi. Hər dəqiqə ona elə gəlirdi ki, sonu artıq yaxınlaşıb, artıq ürəyi də döyünmür…
Evə gəldikdən sonra tələsik yazdı: “Xahiş edirəm, mənim ölümümdə heç kimi günahlandırmayasınız”, sonra dua elədi və başını örtərək uzandı. Səhərə qədər yata bilmədi və ölümünü gözlədi, hər dəqiqə məzarının necə təzə-tər otlarla örtülməsi və üzərində quşların cəh-cəh vurması xəyalında canlanırdı…
Səhər isə o, çarpayıda oturaraq gülə-gülə Daşenkaya danışırdı:
-Kim döğru və düzgün həyat yaşayır, əziz bacı, ona heç bir zəhər təsir eləmir. Məsələn, götürək elə məni. Ölümün bir addımlığında idim, ölürdüm, indi isə heç nə. Bir balaca ağzımı göynətdi və boğazımı acışdırdı, bütün bədənim isə sağ-salamatdır, Allaha şükür… Bəs niyə? Çünki həyatım düzgündür.
-Yox, bu ondandır ki, kerosin pis olub! – deyə Daşenka çəkdiyi xərclər barədə fikirləşərək və bir nöqtəyə baxaraq heyifsiləndi. – Deməli, dükançı mənə yaxşı kerosin yox, funtu qəpik yarım olandan verib. Cəfakeşəm mən, yazığam, qəddar zalımlar, görüm sizi o dünyada mənim kimi yaşayasınız, lənətə gəlmiş cəlladlar…
Və getdi… getdi…
1887

Rus dilindən çevirdi

Cəbrail Həşimov

Share: