Əkbər Qosali
I
Məhəmməd Füzuli! – 530 il bundan öncə Gündoğar (Şərq) poeziyasına, Dünya ədəbiyyatına, Türk-İslam fəlsəfi, ədəbi, mədəni fikrinə Gün kimi doğmuş sənətkar-şəxsiyyət!..
530 il! – Heç də hər çinar, hər əsər, hər sənətkar, hətta hər dövlət (və digər kateqoriya hadisələr), dəyərlər, imzalar bu qədər yaşaya bilmir və bundan sonra da yaşarlı olma imkanını göstərə bilmir. 530 ilin ən azı son yüzilində (və əlbəttə, ondan öncəki yüzillərdə də), Məhəmməd Füzulinin şəxsiyyəti, yaradıcılığı, dönəmi, mühiti, Füzulidən öncəki ədəbiyyat-mədəniyyət hadisələri, onların Füzulidəki təcəllaları, Füzulinin özündən sonrakılara ustadlığı o qədər yazılıb, öyrənilib, araşdırılıb, elə bil, deməyə daha söz qalmayıb kimi gəlir adama… Amma indi XXI yüzillikdəyik; süni intellekt, informasiya-kommunikasiya texnolojiləri (İKT), insan fikrinin yeni qatları mövcuddur; ona görə də, Məhəmməd Füzuli şəxsiyyətinə, yaradıcılığına, mühitinə, Füzulidən öncəkilərin Füzulidə “cəmləşməsi”nə, Füzulinin özündən sonrakılara verdiklərinə yeni baxışı ifadə etməyə çalışmaq özü bir mübarək çalışmadır.
Füzuli kimi fenomenal şəxsiyyətin yaradıcılığına XXI yüzilin fəlsəfi, kulturoloji və texnoloji perspektivlərindən baxış həm zərurət, həm də böyük bir yenilik potensialına malikdir. Bu mövzuda yazılmış əsərlər, yorumlar və araşdırmalar saysız-hesabsız olsa da, yeni dönəmin düşüncə sistemləri və elmi-nəzəri müəyyənlikləri Füzuliyə fərqli prizmadan yanaşma imkanları yaradır.
Məhəmməd Süleyman oğlu Füzuli (1494-1556) Gündoğar (Şərq) poeziyasının ən görkəmli nümayəndələrindən biri olaraq, yüzillər boyunca bəşəriyyətin estetik və mənəvi dünyasını işıqlandırıb. Onun yaradıcılığı yalnız öz dönəminin ədəbi mühitində deyil, həm də zamanüstü fəlsəfi və kulturoloji dəyərlər sistemində özünəxas mövqeyə sahibdir. Füzuli “eşq”, “ağrı” və “mənəvi həqiqət”ləri poeziyasında elə şəkilləndirib, elə ifadə edib ki, bu ifadələr XXI yüzildə də insanlığın fundamental axtarışları ilə səsləşir. Çağdaş dönəmdə – süni intellekt, texnoloji transformasiya və postmodernist çağın mənəvi boşluqları içərisində – Füzuli irsinə yeni yanaşmalar formalaşdırmaq həm zərurət, həm də intellektual çağırış kimi xarakterizə oluna bilər.
1.
Füzuli yaradıcılığı özündən öncəki klassik Gündoğar poeziyasının ən dərin fəlsəfi-estetik qatlarını parlaq şəkildə əks etdirir. O, Nizami Gəncəvi, Xaqani Şirvani və b.-nın yaradıcılığından ilhamlanaraq, eşq və ilahi vəhdət mövzularına yeni çalarlar bəxş edib. Füzulinin “Leyli və Məcnun”u meydana çıxdıqdan sonra, Nizaminin “Leyli və Məcnun”u, özünün “Xəmsə”dəki yerini “Yeddi gözəl”ə verdi desək, günah olmasın gərək…
Üstəlik, Nizami öz “Leyli və Məcnun”unda oğlu Məhəmmədə nəsihət verərək, belə buyurmuşdu:
“Şeirdən ucalıq umma dünyada,
Çünki Nizamiylə qurtardı o da”…
Ulu Nizaminin vəfatından 285 il sonra doğulan başqa bir Məhəmməd, vaxt gəldi-vədə yetişdi Füzuli oldu və oğul Məhəmmədə edilən nəsihəti, sanki qeyri-səlis məntqilə “neytrallaşdırdı”, şeirlə ucaldı, şeiri ucaltdı! Məhəmməd adının ulular üçün kəsb etdiyi energetik anlamları da unutmadan, öz oğlu Məhəmmədə nəsihət verən Nizaminin, Məhəmməd Füzuli yaradıcılığı ilə şad olduğuna inanıram… Yeni qüdrətli sənətkarın meydana çıxması öncəki qüdrətli sənətkarı, nəinki kölgədə qoyur, tam tərsinə, sanki onun fiziki ömrü çatmayan işləri davam və inkişaf etdirir… Əgər Nizami Gəncəvi Məhəmməd Füzulinin, Füzuli Nizaminin dönəmində yaşasaydı, hər ikisi eyni ritm, ahəng içində yazıb-yaradardı, bəlkə…
Füzuli üçün eşq (necə deyərlər) yalnız fərdi bir hiss deyil, (belə demək mümkünsə) kosmik bir güc – varlığın mahiyyətini idrak vasitəsidir:
“Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı”? –
Bəli, Füzulinin “eşq” fəlsəfəsi insan mənliyinin kainatla vəhdətini ifadə edir. Füzuli İslam sufizminin əsas təlimlərini şeirlərində bədii obrazlarla canlandıraraq, oxucunu mənəvi idraka səsləyir. Onun səsi bu gün də duyulur… Onun çağırışları yenə də güncəldir… Bu, həm Füzuli yaradıcılığının bəşəri siqlətini, eyni zamanda, Füzulinin yaradıcılıq qüdrətinin səciyyəsini göstərir.
Füzulinin poeziyasında zaman və məkan anlayışları nisbi xarakter daşıyır.
Bəlli olduğu kimi, Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsi (ÜNN) fizikada fəza-zamanın, kütlənin və enerjinin qarşılıqlı bağını aydınlaşdıraraq, bəşəriyyətin elmi dünyagörüşünü kökündən dəyişdirdi. Lakin bu nəzəriyyə yalnız fizika sahəsi ilə sınırlandırılmamağı haqq edir; mədəniyyətlərarası bağlar, qlobal dəyişikliklər də, bu universal nəzəriyyənin şərtləri çərçivəsində yenidən düşünülə bilər. Ədəbiyyatın göyüzünü düşünsək, sənətləri, mədəniyyətləri məkan-zaman topologiyasının obyektləri kimi qəbul etmək, poeziyanın, ədəbiyyatın, mədəniyyətin dinamikasını daha dərindən anlamaq üçün yeni bir yanaşma təqdim etmiş olar.
Örnəyi, ÜNN-də hər bir gözləmçi üçün “nisbi” olan məkan və zaman, mədəniyyətlərarası bağlarda da özünəxas oxşar bir məntiqi əsas yaradır. Hər bir mədəniyyətin, ədəbiyyatın öz “məkan”ı, “fəzavi-zaman koordinatları” vardır; bu da onun inkişaf trayektoriyasını, ətraf mədəniyyətlərlə qarşılıqlı təsirini və tarixi proseslərə reaksiyasını müəyyən edir.
Əgər ədəbi-mədəni presessiya (ədəbiyyatda, mədəniyyətdə presessiya) anlayışı, bir mədəniyyətin inkişafında dış təsirlərlə zəif dəyişikliklər və ya “şüalanma”lar kimi qəbul görərsə, deyə bilərik ki, bu, bir ədəbiyyatın, mədəniyyətin öz oxundan çıxmasına, lakin hələ də sabit bir məkan, fəzavi-zaman içində qalmasına səbəb olur. Örnəyi, müstəmləkə dönəmi təsirləri ilə müəyyən mədəniyyətlərin “presessiya xətti” yaranmış olur və müstəmləkəçilik yalnız hərbi-siyasi məzmun daşımır. Əgər ümumtürk coğrafiyasını, əcdadımızın qurduğu xanədanlıqların möhtəşəm dönəmlərini göz önündə tutsaq, postmüstəmləkə hadisələrini də vurğulamış olarıq. Onu da vurğulamış olarıq ki, qüdrətli sənətkarlar, bəlkə, sövq-təbii, inersiya ilə bəlkə, konkret ruhi-mənəvi mandat-missiya ilə öz dil varlıqlarını, mili kimliklərini bütün zorluqlara inad bir bayraq kimi ucaldıblar. – Füzuli kimi!
Ədəbiyyatda, mədəniyyətdə qravitasional zaman ləngiməsi, ədəbiyyatlar, mədəniyyətlər arasında qarşılıqlı təsirlərin, hər yeni dönəmə xas texnologiyanın və gələnəklərin yaratdığı “kütlə”nin zaman alqısını yavaşlatması və ya sürətləndirməsi kimi qəbul edilə bilər. Örnəyi, Füzuli dönəmində fərqli ictimai-siyasi, ideoloji, iqtisadi, dini (təriqət, məzhəb), milli, hərbi, ümumən mədəni axınlar sürətlə yayılır (və ya özünə çəkilirdi)… Bütün bunlar isə necə deyərlər, ədəbiyyatın, mədəniyyətin gələnəksəl zaman konseptini ləngidir yaxud tətikləyirdi; çünki ədəbiyyat, mədəniyyət fərqli dinamikaların təsiri altındaydı. O dönəm üçün irəli sayılan bəzi (özəlliklə, iqtisadi, hərbi) texnolojilərin tətbiqi ilə sənət, mədəniyyət sanki zaman “şüalandırır” və bu, mədəniyyətlərarası bağların sürətini artırırdı.
Dinin, təriqətin işığına və İmam Hüseyn məqbərəsinin kölgəsinə poetik anlam yükləyən sənətkar, necə deyərlər, fiziklər sayağı “İşığın əyilməsi”nə – dominant mədəniyyətin, başqa bir mədəniyyətin özünü təqdim etməsinə təsir göstərməsi, onların “əyilmiş” formada təqdiminə bələd idi. Dominant İslam ümmətçiliyi, Gündoğar klassikası, öz milli inkişaflarının zəruriliyindən imtina etməmiş xalqların mədəni irsini “eksotika” və ya “digərlik” prizmasından təqdim edirdisə, bütün bunlar, Bayat boyundan olan dahi sənətkarın diqqətindən, qələmindən yayına bilərdimi?.. Ona görə də, Füzuli öz yaratdıqları ilə öz mənsub olduğu milli mədəniyyətin göyüzünü genişləndirirdi… Ədəbiyyatın, mədəniyyətin göyüzü də, fiziki kainat kimi genişlənir, lakin bu genişlənmə qeyri-bərabərdir; Tanrının yaratdıqlarının, kainatın dəyərləri ilə birgə sənətin estetik dəyərləri ilə yaradılmışların göyüzü yaratma mexanizmləri və bu işin nəticələri, əlbəttə, fərqlidir. Bax, örnəyi, bizim çağımızda İKT-nin, sosial medianın, süni intellektin təsiri ilə bəzi mədəniyyətlər öz fəza-zaman koordinatlarını genişləndirir, bəziləri bu dinamikada “arxa plan”da qalırsa, Füzulinin çağında da, o dönəmçün yeni meydana gələn sosial, texnoloji alətlər, bu genişlənmə nəticəsində qlobal mədəniyyət xəritəsində yeni “mədəniyyət ocaqları”nın yaranmasına gətirib çıxarırdı…
Bəli, Füzuli poeziyasında zaman və məkan konseptləri nisbi xarakteri ilə seçilir.
Bu, onu bizim çağın fəlsəfi konseptləri – özəlliklə, “zamanın fəlsəfəsi” ilə səsləşdirir. Haydeggerin “Varlıq və zaman” konsepti ilə müqayisədə Füzulinin “vəhdət” konsepti insanın kainatda varolma səbəbini axtaran bədii-fəlsəfi təhlillə üst-üstə düşür.
Bəlli olduğu kimi, “Varlıq və zaman” 1927-ci ildə nəşr olunduğu andan etibarən dünya miqyasında intellektual hadisəyə çevrilib və Avropa fəlsəfəsində XX yüzilin əlamətdar əsərlərindən biri kimi tanınıb. Kitab XX yüzil fəlsəfəsinə, özəlliklə də ekzistensializm, hermenevtika və dekonstruksiyaya önəmli təsir göstərib. – Bəli, “varlıq” ən ümumi anlayışdır, mövcudatlar olmadan varlıq da ola bilməz; onlar bir-biri ilə sıx bağlıdır. Üstəlik, varlıq ancaq zamanın üfüqündə dərk edilə bilər… Var olan Füzuli irsi, yaşayan Füzuli sənətkarlığı kimi…
2.
Postmodern dönəmdə mətnlərin yenidən oxunması və fərqli kontekstlərdə təhlili Füzuli irsinə də yeni baxışlar gətirir. Füzuli mətnləri dilin poetik imkanlarını maksimum şəkildə istifadə edir və bununla da oxucunu mənəvi anlam axtarışına cəlb edir.
Füzuli şeirlərinin struktur təhlili göstərir ki, onun dilində hər bir söz yalnız dışarı anlama deyil, çoxqatlı anlam sisteminə işarə edir. Mətnin açılması üçün oxucunun fəal iştirakı vacibdir. Beləliklə, Füzuli oxucusu çağdaş “interaktiv mətn” anlayışı ilə qarşılaşır.
Süni intellektin təkmilləşdiyi bir dönəmdə, klassik poeziyanın yaradıcı dəyəri, ruhu müzakirə mövzusudur. Füzulinin poeziyasında insan duyğusunun dərinliyi və bənzərsizliyi, süni intellektin imitasiyasını aşan bir həqiqət kimi özünü göstərir. Füzuli yaradıcılığı bizə xatırladır ki, əsl incəsənət “yaradıcı təfəkkür”ün məhsuludur və bu təfəkkür insan varlığının mahiyyətini ifadə edir.
3.
Füzuli yaradıcılığının bəşəri önəmi onun mədəniyyətlərarası körpü rolu ilə də sıx bağlıdır. Füzulidən öncəki klassik irs onun şeirlərində “toplanır”; Füzulidən sonrakı dönəmlərdə isə bu irs davam etdirilir və yeni anlam qazanır. Onun poetik fəlsəfəsi həm Gündoğar, həm də Günbatar mədəniyyətindəki “universal insanlıq” ideyasına xidmət edir.
530 yaşlı Füzuli, fərqli mədəniyyətlərə mənsub olan insanlara üz tutur:
– Günbatar fəlsəfəsindəki “varoluş” problemi (Sartr, Kamyu) ilə Füzulinin “aşiqin fəryadı” oxşar anlamlar daşıyır;
– Gündoğar mədəniyyətindəki “vəhdət” və “fəna” ideyaları isə onun poetik dünyasında kainatla qovuşmağa xidmət edir. Füzuli sənətkarlığı böyük bir mədəniyyət, sənət hadisəsi olaraq, əl (qələm-kağız qardaşlığı), ağıl və ruhi güc birliyi ilə yaradılan bütün pozitivlərin poetik sərgisidir. Füzuli yaradıcılığı könül ziyafəti, könül süfrəsidir…
Beləliklə,
Ustadlar ustadı Füzulinin yaradıcılığı XXI yüzilin texnoloji və mənəvi çağırışları fonunda yenidən qiymətləndirilməlidir. Onun əsərləri, bir yandan insan mənəviyyatının dərinliyinə enərək, bu günün mənəvi boşluqlarını doldura biləcək bəşəri dəyərlər təklif edir; digər yandan, süni intellekt və texnologiya dönəmində insan təfəkkürünün yaradıcı gücünü xatırladaraq, “həqiqi sənət” anlayışını, ruhi gücü, sənətin estetik dəyər və çağırışlarını bir daha təsdiqləyir.
Füzulinin “dünən”i – bizim üçün klassik məktəb, “bu gün”ü – dəyərləndirmə, “sabah”ı isə – mənəvi dirçəlişə aparan yol xəritəsi kimidir. O, zamanüstü bir poeziya ilə bəşəriyyətin əbədi axtarışlarına bədii cavablar təqdim edir…
Bəli, tarixi zəmin qorunaraq, Füzulinin fəlsəfi dərinliyinin XXI yüzilin şərtlərinə, çağırışlarına necə uyğunlaşa biləcəyi, özəlliklə, süni intellekt dönəmində insan duyğusunun və mənəviyyatının əsas təmsilçilərindən biri kimi Füzuli yaradıcılığı yenidən dəyərləndirilməlidir. Kulturoloji yanaşma ilə, Füzulinin fəlsəfi ismarıclarının universallığı, gələcəyə işıq saçan xarakteri elmi əsaslarla incələnməlidir.
Ustadlar ustadının ruhuna şadlıq, füzulişünaslara yeni yaradıcılıq uğurları diləyirəm!
“Gətirdi əciz, görüb eşq müşkül olduğunu,
Qamu hünərlərə ustad gördügün könlüm.
Degildi böylə, dəmində bir əhli-işrət idi,
Bu qanlar içməgə möhtad gördügün könlüm.
Füzuli, eylədi ahəngi-eyşxaneyi-Rum,
Əsiri-möhnəti-Bəğdad gördügün könlüm”…
II
ONU CANDAN USANDIRDILARMI?..
Məhəmməd Füzuli Gündoğar (Şərq) poeziyasının bədii, fəlsəfi və mənəvi dərinliyini təcəssüm etdirən, ancaq eyni zamanda ondan qırağa çıxaraq, zamanüstü mövqe qazanan bəşəri bir sənətkardır. Onun yaradıcılığı yalnız öz dönəmində deyil, həm öncəsində, həm də sonrakı nəsillərin ədəbi-bədii dünyasında “qarşılaşmalar”, dialoqlar və “mübahisələr” doğurub. Bu yazıda Füzulidən öncə və sonra, onunla “qarşı-qarşıya” duran və ya onu yenidən kəşf etməyə çalışan ədəbi, bədii və ictimai düşüncə sahələrinin nümayəndələrini yığcam təhlilə cəlb etməyə çalışacağıq.
1.
Füzuli yaradıcılığının özünəxaslığı, Füzuli sənətkarlığının bəşəri, zamanüstü səciyyəsi danılmaz olsa da, Füzulinin özündən öncə yaşayıb-yaratmış Nizami Gəncəvi və İmadəddin Nəsimi irsinə bələd olduğunu da, eyni qətiyyətlə deyə bilirik. Əgər bir dahi özündən öncəki dahilərə bələdsə, bu, onunçün təsir kimi deyil, bəlkə, başqa cür ifadə etməyə çalışsaq, əsas kimi götürülə bilər. Elmdə hər dahinin öncəki dahiləri əsas alması kimi… Hətta, bir elmi-fəlsəfi yanaşma inkar olunsa və ondan daha universal elmi-fəlsəfi yanaşma ortaya qoyulsa da, öncəki dahilərin əsərləri öz əsaslığını, istinadgahlığını itirmir…
Nizami özünəxas təhkiyə və əxlaqi-fəlsəfi şeir üslubu ilə Füzuli üçün bir ədəbi məktəb olub. Bu təsirlər Füzulidə:
– Nizaminin eşq və məhəbbəti həm mənəvi, həm də ictimai məsuliyyət kontekstində təsvir etməsi, habelə, Gəncəli dahinin hekayə və mənzum fəlsəfi dialoqları yerinə, Füzulidə daxili “mən” ilə kainat arasında danışıq (monoloq) önplana çıxır.
Nəsimi isə Füzuli üçün daha çox poetik coşqu və mənəvi dərki “cəbr edən” bir irsin daşıyıcısı olub. Hürufilik fəlsəfəsinin yaratdığı “insan ilahi həqiqətin daşıyıcısıdır” düşüncəsi Füzuli poeziyasında belə şəkil alır:
“Eşqdir aləmdə hər nə var,
Elm bir qeylü-qal imiş ancaq”…
Füzuli burada həm Nəsiminin “insanın eşqlə bütövləşməsi” düşüncəsini davam etdirir, həm də onu daha təvazökar bir fəlsəfi çərçivəyə çəkir…
2.
Azərbaycan ədəbiyyatında erkən realizm ədəbi cərəyanının yaradıcısı olan Molla Pənah Vaqif Füzuliyanə “Dərviş ruhu”ndan uzaqlaşaraq, təbiətə, dünyəvi eşqə və gerçək insan obrazlarına yönəlib. Füzulinin mistik və dərin fəlsəfi obrazlarından fərqli olaraq Vaqifdə:
– “Canlı eşq” təbiətin gözəlliyində aydınlıq tapır;
– Mistik iztirab yox, dünyəvi ləzzət və reallıq tərənnüm edilir.
Mirzə Fətəli Axundov isə Füzuli ilə açıq düşüncə döyüşünə qalxan ilk ədiblərdən olub. Axundovun materialist-maarifçi baxışları ilə Füzulinin romantik-mənəvi dünyası arasında bir “uçurum” yaranıb. Axundov üçün Füzuli “Köhnə dünya”nı təmsil edən bir sima idi; bu, Füzulinin yaradıcılığını “təftiş edən” ilk cəhdlərdən biri olaraq ədəbi-fəlsəfi önəm daşısa da, necə deyərlər, “Quran” ayəsi, daha doğrusu, ədəbi-fəlsəfi ehkam deyil…
3.
Axundov cəhdlərindən Üzeyir bəy Hacıbəyli və XX yüzil sənətkarlarının cəhdlərinə – Füzulini çağdaş etmək cəhdlərinə keçid edək:
Üzeyir bəy Hacıbəyli “Leyli və Məcnun” operası ilə Füzulinin poetik dünyasını XX yüzilin çağdaş musiqi səhnəsinə gətirdi. Burada Füzuli poeziyası bir “klassik əfsanə”dən çıxıb, canlı və çağdaş sənət əsərinə çevrildi. Bu, yalnız bir musiqi əsəri deyildi – həm də klassik irsin çağdaş dövrə adaptasiyasının şah əsəri idi.
Cahangir Cahangirov və digər bəstəkarlar Füzuli yaradıcılığının emosional dərinliyini musiqi dilinə çevirərək, onun universal estetik gücünü bir daha sübut etdi.
4.
Ən yeni dönəmə keçid etsək, vurğulamalıyıq ki, ən yeni – müstəqil düşüncəli gənc nəslin Füzuliyə yalnız vurğunluğunu yox, bəzən tənqidi yanaşmalarını da görə bilərik. Yeni nəsil onun öz qəbir yerini imam məqbərəsinin kölgəsində görməsini sorğulayırmış kimi görünür; habelə, fatalizm və iztirab poeziyasını “dünyəvi həyatın inkarı” kimi qiymətləndirir…
Əlbəttə, bu “bağışlanmayan” məqamların özü də bir təzahürdür: Füzuli hələ də müzakirə edilir, təhlil olunur və bir canlı irs olaraq qalır…
5.
Bütün olumlu, olumsuz yanaşmalara baxmayaraq, Füzuli sənətkarlığı zamana meydan oxuyur. Onun poetik dünyası:
* Dilin vəhdət və sonsuzluq gücü;
* İnsan mənəviyyatının dərinlikləri;
* Eşq və iztirab fəlsəfəsinin bədii təcəssümü ilə hər dönəmdə “qala bürcü” kimi vüqarla ucalır.
Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərində vurğulandığı kimi, Füzulinin dili və üslubu Azərbaycan ədəbi dilinin formalaşmasında ən önəmli mərhələlərdən biridir.
Füzuli yaradıcılığına hər dönəmin öz baxışı olub – sevgi, tənqid, yenidən kəşf və ya “uzaqlaşma”… Amma bu münasibətlərin özü Füzuli yaradıcılığının bəşəri və ədəbi dəyərinin bariz sübutudur. Füzulinin poeziyası insanın varlıq, eşq və mənəviyyat axtarışlarının əbədi ifadəsidir. Füzuli, yalnız dünənin yox, bu günün və sabahın da şairidir.
Bayat boyundan olan ulu şair özü necə deyirdi? –
“Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı”?..
III
MƏDƏNİ İRSƏ QAYĞI VƏ TARİXİ ZƏRURƏT
Məhəmməd Füzuli irsi Azərbaycan ədəbiyyatının və mədəniyyətinin möhtəşəm simvollarından biridir. Onun yubileylərinin dövlət səviyyəsində keçirilməsi yalnız bir sənətkara sayğı göstərmək deyil, həm də milli kimliyin və mədəni irsin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından tarixi və ideoloji önəm daşıyır.
Füzuli kimi dahi şəxsiyyətlərin irsinin dövlət himayəsi ilə yaşadılması, əslində milli mədəniyyətin və mənəviyyatın strateji xəttinin təcəssümüdür. Belə yubileylər:
* Gənc nəsillərdə ədəbi-bədii irsə sevgi və maraq oyadır;
* Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması üçün geniş imkanlar yaradır;
* Dövlətin milli-mənəvi dəyərlərə olan qayğısını nümayiş etdirir;
* Elmi-mədəni diqqəti yubileyi keçirilən sənətkarın yaradıcılığına odaqlamış olur və bununla da, yeni araşdırma əsərləri meydana çıxır.
Azərbaycan xalqının mədəni xəzinəsində ən böyük sərvətlərdən olan Füzuli irsi, təkcə ədəbiyyat deyil, eyni zamanda fəlsəfə və mənəviyyat hadisəsidir. Onun yubileyləri yalnız ölkə içində deyil, xalqlararası miqyasda da qeyd olunur; bu isə Füzulinin bəşəri dəyərini və Azərbaycan mədəniyyətinin dünyaya verdiyi töhfələri bir daha təsdiq edir.
44 günlük müharibədə Azərbaycan xalqının qazandığı tarixi Zəfər, Qarabağın və onun bir parçası olan Füzuli şəhərinin işğaldan azad edilməsini təmin etdi. Füzuli şəhərinin yenidən qurulması və burada böyük tikinti-abadlıq işlərinin aparılması, “Böyük Qayıdış” proqramı əsasında məskunlaşmanın həyata keçirilməsi şairin yubileyinə böyük töhfə kimi xarakterizə oluna bilər. Füzulidə çalınan məktəb zənginin, Füzulidə eşidilən şən uşaq səslərinin, gənc gülüşlərin, Füzulidə şen olan ocaqların… – ustadlar ustadının ruhunu şad etdiyinin inancı içindəyik.
“Pənbeyi-daği-cünun içrə nihan” olan Füzuli şəhəri, işğalçı və havadarları tərəfindən ona biçilmiş kəfəni yırtdı, sökdü, əynindən çıxardı və dirilik libasını geyindi!
Füzuli şəhəri, yalnız bir coğrafi məkan deyil, həm də mədəniyyət və mənəvi irsin simvoludur. Böyük şairin yubiley ilində, onun adını daşıyan şəhərdəki təhsil, mədəniyyət ocaqlarında yubiley tədbirlərinin keçirilməsi, adının dərin sayğılarla anılması (necə deyərlər) sıradan tədbirlər kimi qəbul edilməməlidir. Bunlar mədəni irsə olan bağlılığı və ona göstərilən sayğını dosta da, dosta ola bilməyənlərə də nümayiş etdirir. Füzulinin Füzulidə, ümumən Qarabağda, Gündoğar Zəngəzurda (da) anılması tarixi ədalətin bərpası ilə mənəvi dirçəlişi bir araya gətirir.
Füzuli şəhərinin işğaldan qurtuluşu, ora insanın və insanlığın, mədəniyyətin qayıtması ilə Məhəmməd Füzulinin adının bir daha ucaldılması, Azərbaycan xalqının mədəni dəyərlərinə sahib çıxma əzmini göstərir. Yubiley tədbirləri Zəfərin yalnız hərbi məzmun daşımadığını, onun həm də mədəniyyətin Zəfəri olduğunu vurğulayır; vurğulayır ki, Azərbaycan xalqının mənəvi irsinin gücü və bütövlüyü bütün dünyaya çatdırılmağı haqq edir.
Azad Füzuli şəhərində həyat qaynamağa başlayır; bölgənin yenidən qurulması və mədəni mərkəzə çevrilməsi sürəcinə xidmət edən işlər görülür. Gələcəkdə Füzulidə yeni mədəniyyət ocaqlarının yaradılması; o cümlədən Füzuli irsinin öyrənilməsi üçün elmi və bədii platformaların qurulması kimi təşəbbüslər də təşviq edilə bilər.
Füzuli şəhərinin, ümumən Qarabağın, Gündoğar Zəngəzurun dirçəldilməsi, orada mədəniyyət tədbirlərinin, sənət layihələrinin keçirilməsi, dostlara da, dost ola bilməyənlərə də yeni ismarıclar göndərir.
Mədəniyyət və bəşəri dəyərlərə əsaslanan həmin ismarıclar:
Qarabağın yalnız fiziki deyil, mənəvi işğaldan da qurtulduğunu sübut edir;
Azərbaycanın mədəniyyət diplomatiyasını gücləndirir və xalqlararası təşkilatların diqqətini cəlb edir.
Böyüklüyündən, yığcamlığından asılı olmayaraq, Füzulinin 530 illiyi ilə bağlı tədbirlər, Qarabağa qayıdış sürəcində mənəvi dirçəlişin təzahürü kimi çıxış edir. Azərbaycan xalqı üçün bu hadisə: Zəfərin gətirdiyi ruh yüksəkliyini mədəniyyətin yüksəlişinə çevirmək; eləcə də, Füzulinin Eşq fəlsəfəsi ilə Vətən sevgisini bir daha vəsf etmək, tərənnüm etmək deməkdir.
“Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim”!
Füzulinin yubileyinin dövlət səviyyəsində keçirilməsi və 530 illiyin onun adını daşıyan azad Füzuli şəhərində də qeyd olunması, Azərbaycan xalqının mədəni özünüdərki, tarixi ədalət və milli mənəviyyatının dirçəlişi baxımından önəmlidir. Bu, yalnız Füzuli irsinə sayğıduyarlıq deyil, həm də Azərbaycan mədəniyyətinin qüdrətini, ruhi gücünü bir daha sübut edən ismarıclardır.
“Canı canan diləmiş, verməmək olmaz, ey dil!”
Eşq poeziyası dahisinin yubiley tədbirləri, onu çağdaş dönəmdə daha aydın və universal şəkildə tanıtmağa xidmət edir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!