“Elə bil millətin xeyir-duası, istəkləri-arzuları onu o dünyanın cəngindən aldı…”-Musa Yaqub, 82 yaş…

Bu gün tanınmış şair Musa Yaqubun doğum günüdür. M.Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Doğum günüylə bağlı şairin dostlarının ürək sözlərini eşitməyə çalışdıq.
Xalq şairi Nəriman Həsənzadə Moderator.az-a açıqlamasında bildirdi ki, Musa Yaqub böyük şairdir və onu yaradıcılığı bütün dövrlər üçün aktualdır:
“Musa Yaqub böyük şairdir. Mənim çox sevdiyim insandır, onu qəlbən çox istəyirəm. Poeziyamızın çox nəhəng korifeylərindən biridir. M.Yaqubun təbiət və cəmiyyət şeirləri var, onları bölmürəm. Amma ümumi götürəndə o, sevilən şairdir. Onu oxucular da, qələm yoldaşları da sevir. Musa təbii yazır, onunki haqdan gəlir. Bir azdan zəng vurub onu təbrik edəcəm. Çox sağ olun ki, diqqət ayırırsınız”.
Şair Baba Vəziroğlu isə saytımıza açıqlamasında Musa Yaquba Allahdan bir az da ömür istədi:
“Əvvəla onu deyim ki, çox təəssüf, bu gün Musa müəllimin yanında deyiləm, vacib işlərə görə Bakıda qalası oldum. Ancaq ki, hər il ilin bu günü onun yanında oluram. Musa müəllim elə bir şair, elə böyük şəxsiyyətdir ki, onun ildə bir dəfə ad günü yox, ilin 365 günü ad günü qeyd olunmalıdır. Yəni o, qənimət bir insandır, şairdir. Artıq o, öz poetik heykəlini Azərbaycanda ucaltmış adamdır. Öz şəxsiyyəti ilə cəmiyyətimizin tarixinə yazılmış bir insandır. Mən ancaq ona Allahdan bir az da möhlət istəyirəm ki, o, bir az da bizimlə olsun. Tanrı özü nə qədər məsləhət bilirsə, onu bu dünyada saxlasın, amma o biri dünyası üçün heç nə arzulamıram, çünki əbədiyyəti özü qazanıb. Mənə elə gəlir ki, illər, əsrlər keçəcək Musa Yaqub həmişə yaşayacaq. Onun poeziyası da, xatirələri də diridi. Amma candı, bədəndi onlar fanidi. Bir daha ona uzun ömür cansağlığı arzulayıram. Şükür ki, indi bir az yaxşıdır. Elə bil millətin xeyir-duası, istəkləri-arzuları onu o dünyanın cəngindən aldı. Arzu edirəm ki, o, yenə də bizimlə qalsın”.
Share: