Nəhayət ki, Rusiya istədiyinə nail ola bildi. İndi o, Qarabağda elə bir durum yaradıb ki, həm Azərbaycan, həm də Ermənistan tərəfi öz istək və arzularını həyata keçirmək üçün ondan kömək istəyir. “Yersiz gəldi, yerli, qaç” burda deyiblər. Yəni Qarabağda ixtiyar sahibi artıq Rusiyadir. Deyəndə ki, gecəyarısı razılaşdırılan bu bəyanatdan gözüm heç su içmir, məni qınayanlar az olmadı. Əlbəttə, günün reallıqları nöqteyi-nəzərindən yanaşsaq, bəyanatı uğursuz gediş hesab etmək insafsızlıq olardı. Ancaq gəlin görək üç ölkə başçısının imzaladığı bu bəyanatın bəndlərinə əməl olunurmu? Əlbəttə ki, yox! Lavrov Rusiya televiziyası ilə bəyan edir ki, Qarabağda tərəflər öz öhdəliklərini yerinə yetirərək, atəşkəs rejiminə əməl edir. Əlimiz çatmır deyək ki, yalançının… Bəli, Azərbaycan tərəfi sözünün ağasıdır və şərtlərə də əməl edir. Hətta müharibə başa çatandan sonra ələ keçirdiyi böyük diversant qrupunu da məhv etmək istəmədi, əsir götürdü. Ermənistan dövlətinin yiyəlik etmədiyi qoca və uşaqlara sahib çıxıb, onların qayğısına qaldı. Bəs Ermənistan, Rusiya necə, razılaşmaya əməl edirmi? Lavrovdan soruşan gərək ki, bəs Rusiya niyə öz öhdəliklərini yerinə yetirmir. Bəyanatda yazılıbmı Qarabağda bir dənə də olsun, erməni silahlısı qalmayacaq? Yazılıb. Yazılıbmı ki, ermənilərlə bərabər azərbaycanlılar da öz doğma yurdlarına qayıdacaq? Yazılıb. Qarabağın Azərbaycan ərazisi olduğunu bəyn edən sizlər deyildinizmi?! Sizlər idiniz.
Belə çıxır ki, bu çıxışlar, sözlər haməsı rus ordusunun Azərbaycana girməsi üçün onlara lazım imış. Elə bilirsiniz, Rusiya sülhməramlıları erməniləri çox sevdikləri üçün onları Qarabağa daşıyıb, qayğılarını, əziyyətlərini çəkirlər? Əsla! Bunu ona görə edirlər ki, ermənisiz bir bölgədə təmas xətti yaradıb, post qurmaqla, dünya içtimaiyyəti qarşısında gülünc vəziyyətdə qalmasınlar. Çünki Qarabağda beş-on erməni olsa da rus ordusu ordan çıxan deyil. Fikrimcə, ermənilərlə mehriban qonşuluq münasibətlərimiz baş tutarsa belə, Rusiya dövləti müəyyən qarşıdurmalar yaradaraq, buna mane olmağa çalışacaq. Bu məqsədlə ruslar tərəfindən Xankəndində qaniçən ermənilərin vəzifələrə yerləşdiriləcəyi də istisna deyil. Rusiya rəhbərliyi öz ambisiyalarından, imperiya siyasətindan əl çəkməyənə qədər nə Qafqazda, nə də MDB məkanında sülhün, əmin-amanlığın bərqərar olması mümkün olmayacaq. Lakin qardaş Türkiyə dövlətinin və Azərbaycanın dost ölkələrinin köməyi sayəsində biz bu yöndə uğur qazanmağa daha çox yaxınıq. Bunun üçün, Qarabağ müharibəsində olduğu kimi, birliyimizin qorunub saxlanması, vahid cəbhədən çıxış etməmiz əsas amilə çevrilməlidir. İslahatlar davam etməli, xalqın narazı kəsiminin fikirləri nəzərə alınmalı, millətin və dövlətin əleyhinə iş aparan məmurlar tutduqları vəzifələrindən uzaqlaşdırılmalıdırlar. Heç bir vəzifə adamı, səlahiyyət sahibi yalan, şər danışmaqla xalqın heysiyatına toxunub, onun əsəblərini tarıma çəkməyi özünə rəva görməməlidir.
Ölkəmizdə hadisələr maraqlı bir şəkildə cərəyan edir. Əgər yadınızdadırsa, rusiyalı jurnalist Azərbaycan prezidentinə belə bir sualla müraciət etdi ki, Bakı küçələrində Azərbaycan və Türkiyə bayraqları dalğalanır. Nəyə görə Rusiyaya qarşı belə bir hörmət yoxdur? Bizim ölkə başçımız cənab İlham Əliyev bunu təqribən belə əsaslandırdı: Ona görə ki, Rusiya televiziyalarında Azərbaycan xalqına və onun rəhbər orqanlarına qarşı haqsız, təhqiramiz çıxışlar sərgilənir və s.
İndi gəlin görək, bizim Milli Məclisin üzvü Zahid Oruc ölkə başçımızdan və rusiyalılardan fərqli olaraq, bu barədə nə düşünür. Sən demə onun rəhbərlik etdiyi sorğu mərkəzinin dindirdiyi adamların böyük bir hissəsi rus ordusunun Qarabağda olmasını dəstəkləyirmiş. Belə bir arayışla Azərbaycan xalqını ələ salmağa nə ad vermək olar? Mənim özümün el arasında apardığım sorğuda bir nəfər də olsun, rus ordusunun Azərbaycana gəlişini təqdir edən adam görmədim. Maraqlıdır, görəsən o, sorğunu harada, hansı adamlar arsında keçirib.
Rusiya dövləti anlamalıdır ki, onun ordusu Azərbaycana BMT-nin mandatı ilə deyil, məhz Azərbaycan prezidentinin icazəsi ilə girib. Bunu qiymətləndirmək və Qarabağla bağlı bəyanatın şərtlərinə hörmətlə yanaşmaq lazımdır. Qardaş Türkiyə dövlətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Putinə nahaq yerə demirdi ki, qonşu ilə dost olmayanda, münasibətlər düşmənçiliyə çevrilir. Arzu edək ki, münasibətlər müsbət istiqamətdə cərayan etsin və biz Zəngəzurdan keçməklə Naxçıvana, oradan da Türkiyəyə üz tuta bilək.
Aləm Kəngərli