“Elə indi çiçək açmış albalının budağını qırdım” – Səlim BABULLAOĞLU

“Elə indi çiçək açmış albalının budağını qırdım” – Səlim BABULLAOĞLU

Yapon ədəbiyyatı, bütövlükdə yapon mədəniyyəti azərbaycanlı üçün yeni və yad dünya deyil. Akira Kurosavanın (“Yeddi samuray”, “Raşömon”), Yasuciro Ocunun (“Tokio hekayəti”) və Takeşi Kitanonun (“Yakuzanın qardaşı”) filmləri, Akutaqava Rünoske (“Raşömon darvazası”, “Sıx meşədə” novellaları), Yasunari Kavabata (“Dağın səsi”, “Köhnə paytaxt” romanları ), Yukio Mişima (“Məhəbbət yanğısı”, “Qızıl məbəd” romanları), Kobo Abe (“Qumluqdakı qadın” romanı), Kenzaburo Oe (“Gecikmiş gənclik”, “Şəxsi təcrübə” romanları) və Haruki Murakaminin (“Kafka sahildə”, “Norveç meşəsi” romanları) əsərləri zaman-zaman Azərbaycan seyrçisi və oxucusunun ürəyinə yol tapıb, əsərlər dilimizə tərcümə edilərək nəşr edilib. Nobelli və ingilisdilli yapon mənşəli Kadzuo İşiquro da öz yerində.

Yaponiya haqqında “memuar və səfər qeydləri” janrında da görkəmli ədiblərimizin diqqətəlayiq əsərləri Həsən Seyidbəylinin “On beş gün Yaponiyada” (1966), Şahin Fazilin “Yaponiya səfərnaməsi” (2007), Novruz Nəcəfoğlunun “Eşitdiyim və gördüyüm Yaponiya” (2016) kitabları çap edilib.

Yapon poeziyası da vaxtaşırı Azərbaycan oxucularının ixtiyarına buraxılıb, təkcə peşəkarların deyil, “sıravi poeziya sevərlərin” də stolüstü kitabına çevrilib.

Azərbaycan oxucusunun əsrarəngiz və özünəməxsus yapon şeirilə ilk ciddi tanışlığı 1979-cu ildə baş verib. Xalq yazıçısı Elçinin tərcümə və tərtib etdiyi “Nərgizin bircə ləçəyi” toplusu ilə. Maraqlı “giriş yazısı”, “müəlliflər haqqında məlumat”, habelə “şərhlər və qeydlər” ilə təmin olunmuş 140 səhifəlik topluda həm orta əsrlər hayku ustaları, həm yeni yapon poeziyası nümayəndələrinin şeirləri – haykular və renqalar ilə, üst-üstə 50-yə yaxın yapon şairinin əsərləri ilə tanış olmaq imkanı qazanıb oxucularımız.

Yapon poeziyasına ikinci ciddi səyahət imkanı qazandıran kitab Pərviz Məmmədovun tərcüməsi, şair Rasim Qaracanın redaktorluğu ilə ərsəyə gələn və 2003-cü ildə nəfis şəkildə nəşr edilən “Yapon ədəbiyyatı: haykular” toplusu olub. 280 səhifəlik bu topluda isə 46 hayku ustasının şeiri təklif edilib bizə.

Yapon şeirinə sonuncu əsaslı müraciət 2016-cı ildə Bədii Tərcümə Mərkəzinin “ATV kitab” seriyasında hazırladığı, böyük yapon şairi Saygyo, Başo, Buson və İssanın tanka və haykularının toplandığı, istedadlı tərcüməçi və publisist Cəmşid Bəxtiyaroğlunun tərcüməsi, bəndənizin redaktorluğu ilə ərsəyə gələn “Səsindən tanıdılar payızı” antologiyası idi.

 

***

Ümumşərq ənənəsi kimi Yaponiyada da “poeziya sevgisi” imperator sarayından təbliğ edilir, dəstəklənirdi. Bu ənənənin əsas elementlərindən biri tez-tez təşkil edilən şeir yarışmaları idi. Hər bir imperator istəyirdi ki, onun hakimiyyəti dövründə xüsusi bir antologiya tərtib edilsin, imperatorun adı və zəmanəsi əbədiləşsin. Bəzi imperatorlar hətta şeir yazıb istedadlı şair kimi ad çıxarmışdılar. Bütün hallarda, imperatorlar ölkənin istedadlı şairlərini saraya toplamağa, bununla da onları saray şairlərinə çevirməyə cəhd edirdilər. Amma bir çox şairlər saraydan uzaq olmağa, bütün məhrumiyyətlərə rəğmən, azadlıqlarını qorumağa çalışırdılar.

Yeri gəlmişkən, yüksək bədii estetika və ruhla yazılmış tankanın “nəğmə-tanka”lardan – bu tankalar da daha çox saraylarda yazılırdı – ayrılma prosesi çox yavaş və gec baş versə də, məhz həmin azad şairlərin hesabına mümkün olmuşdu.

 

***

Qədim yapon poeziyası daimi epitetlər və dəyişməz metaforalarla zəngindir.

Əksər hallarda, məsələn, göz yaşları – “mirvarilər”, qanlı göz yaşları – “sarı-narıncı payız yarpaqları”, hicran – “göz yaşlarından islanmış qolçaq”, gənclik illərinin ötüb-keçməsi ilə bağlı kədər – “qocaman albalı ağacı” kimi ifadə edilməklə kiçik bir şeirdə hər kəlməyə xüsusi bir məna, çəki, əhəmiyyət yüklənir, yapon şairinin öz “duyğular dili”, rəmzlər sistemi formalaşırdı. Əlbəttə, bu xüsusiyyətləri və prinsipləri “bütün poeziyalarda”, xüsusən Şərq xalqları şeirində tapmaq və görmək elə də çətin deyil.

Amma yapon şeirinin yalnız özünə xas bir əsas xüsusiyyəti vardı: anı göstərmək; anı yaxalamaq. Bu xüsusiyyət – anı yaxalamaq cəhdi və bu cəhdi dəqiq qaydalarla hüdudlanmış qısa şeirdə icra etmək yapon poeziyasını vizuallıq baxımından dünya şeirinin baştacına cevirmişdi.

 

***

Artıq IX əsrdə yapon şeirində məxsusi poetik qanunlar, yüksək incəsənətin inkaredilməz etalon nümunələri yaranmağa başladı. Az sonra tərtib edilmiş “Kokinşü” (“Qədim və yeni nəğmələr”; 905-ci il) antologiyası xüsusi şöhrət qazandı və bütün dövrlərdə ustad şairlərin gənc şairlərə oxumaq üçün tövsiyə etdikləri əsas və yeganə istisnasız mənbə statusunu aldı.

“Kokinşü” eyni zamanda sonradan yapon poeziyasında qəbul edilən əsas poetik kanonların formalaşması, mövzuların müəyyən mənada təsnifləşdirilməsi baxımından da vacib mənbə hesab olunurdu. Onun arxitektonikası çox gözəldi. Burada başlıca yeri təbiət və məhəbbət lirikası tuturdu. “Yaz”, “Yay”, “Payız”, “Qış” adlı bölmələrdə ilk günündən son gününə qədər ilin fəsillərinin panoraması yaradılmışdı.”Kokinşü”də başqa tematik bölümlər də vardı: “Tərif”, “Ayrılıq”, “Səyahət”, “Ağılar”. Ən sonda gələn “Müxtəlif nəğmələr” bölümü isə müəlliflər üçün geniş imkanlar yaradırdı: onlar daha çox müstəqil mövzulara toxuna bilir, improvizə üçün meydan açılırdı.

Poeziyada klassisizm üçün xarakterik olan normativ estetika və iyerarxiyalar da möhkəmlənmişdi bu dövrdə. “Altı…” və ya “otuz altı ölümsüz” deyə ən yaxşı şairlərin müxtəlif siyahıları da tərtib edilmişdi.

XII əsrdə son klassisizm dövrü başladı. Tanka həyata yaxınlaşdı: onda insan ağrılarının güclü və gerçək səsi eşidilməyə başladı ki, bu prosesdə böyük yapon şairi Saygyonun əlahiddə xidməti vardı.

 

***

Ənənəvi lirik yapon poeziyası nümunəsi vakanın bir qolu kimi XIV əsrdən etibarən tanınmağa başlayan haykular və elə o dövrdən etibarən müstəqil olmağa başlayıb. Hayku adı görkəmli yapon şairi Masaoka Siki tərəfindən XIX əsrdə təklif edilib və həmin dövrə qədər hokku adı daha populyar olub. Hayku yazan şairləri haydzin adlandırırdılar. Elə bu gün də bu ad dəyişməyib. Hokku deyiləndə əvvəl digər yapon şeir forması olan renqanın başlanğıc sətri və ya tankanın ilk misrası anlaşılırdı. Bu gün də 17 hecalıq bir sütunu, bir sıranı təşkil edən ieroqliflərdən ibarət haykular 5-7-5 sxemiylə üçlük kimi yazılır. XX əsrdən etibarən əksər xalqların poeziyasında hayku janrına müraciətlərə rast gəlmək olar. 1970-ci ildə haykuların amerikan tərcüməçisi Xiroaki Sato haykuları monostix (bir sətirdə yazılan şeirlər; “birlər”) şəklində yazmağı təklif edib. Hayku toplularında hər bir hayku bir səhifədə təqdim edilirdi ki, bu da oxucuya haykunun çoxqatlı mənası və atmosferi üzərində dayanmaq, onu bütün çalarlarıyla daha yaxşı dərk etmək imkanı yaradırdı.

 

***

Klassik yapon haykularında təbiətdən alınmış və insan həyatı ilə birbaşa əlaqəli obraz başlıca yer tutur. İstisnasız şərtlərdən biri ilin fəslinin göstərilməsidir ki, bu da adətən, kiqo – “mövsümi söz, mövsüm sözü” vasitəsilə edilir. Klassik hayku həmişə indiki zamandadır, müəllif indi, bu an gördüyü və eşitdiyini, təəssüratını yazır. Qafiyə və digər “poetik bərbəzək” hayku üçün vacib deyil. Vacib olan üç sətirdə anı göstərməkdir, az sözlə, 17 hecada.

Hayku yapon poeziyasını demokratikləşdirən, onu qəhrəmanlıq və saray eposlarının təsirindən, qaydalarından xilas edən və eyni zamanda realist bir janr kimi tarixə düşüb. Haykunun formalaşmasında, bitkinləşməsində Arakida Moritake (1465-1549), Yamadzaki Sokan (1465-1553), Yosa Buson (1716-1783), İssa Kobayaşi (1763-1828) kimi şairlərin böyük təsiri olub. Amma bütövlükdə yapon poeziyasını zənginləşdirən əsas sima və hayku janrının ən əlçatmaz zirvələrinin fatehi Matsuo Başodur ki, Merkuridəki kraterlərdən birinin onun adı ilə adlandırılması da təsadüfi görünmür.

Bu gün biz “Ədəbiyyat qəzeti”nin dəyərli oxucularına 2 yapon şairinin – Başo məktəbinin görkəmli nümayəndəsi Takarai Kikaku (1661-1707) və ən məşhur qadın haydzinlərdən olan Tüyö Fukudanın (1701-1775) haykularını böyük məmnuniyyətlə təqdim edirik.

 

 

Takarai Kikaku

***

Ayın parlaq işığı!

Kölgəsini həsirin üzərinə atıb

Şam ağacı.

 

***

Yüngül mığmığa sürüsü.

Arzularım üçün

Körpü salırlar yuxarıya.

 

***

Yenə də səfərdədir yolçu!

Yer və göydür bütün pal-paltarı

Yay vaxtı.

 

***

Sübh vaxtı yuxuma anam gəldi.

Amandır, qovma, qorxutma onu

Öz səsinlə ququ quşu.

 

***

Ağılsız bülbül!

Bambuk çəpəri

Kölgəlik meşə zənn edir.

 

***

Bu nədir? Yuxudur?

Yoxsa məni doğrudan da doğrayıblar.

Birənin dişlək yeri.

 

***

Daşqalaq edin məni!

Elə indi çiçək açmış albalının

Budağını qırdım.

 

***

Ayın yumrusu dumana qərq olur.

Budaqların kölgəsində iki dairə görünür.

Tutqun eynəkli bayquş.

 

***

İlk qar.

Siniyə yığmağım gəlir onları.

Baxmaq, elə hey baxmaq istəyirəm.

 

***

Bu mənim öz qarımdı.

Həsir papağın dimdiyində

Necə də yüngüldü.

 

***

Gəlin bağ-bağçanı sulayaq

İslanıncaya qədər

Sərçələr, cırcıramalar.

 

 

Tüyö Fukuda

***

Ölmüş övladımı xatırlayıram

 

Daha heç kim

Pəncərə kağızlarını deşməyəcək.

Ev nə qədər soyuqdur.

 

***

Çox əyləncəli yerdi

Yolçunun yataq yeri.

Cırcıramalar oxuyur durmadan.

 

***

Ey, işıqlı Ay!

Çox gəldim sənə doğru.

Sən isə elə uzaqdasan.

 

***

Yatmış kəpənək!

Yuxuda nə gördü ki,

Qanadlarını tərpətdi.

 

***

Dodaqlarımı boyamışam ki…

Tamam unutmuşdum.

Saf bir bulağın gözü!

 

Edamdan öncə

 

Sənin nəğməni

Ölülər məmləkətində

Sonacan dinləyəcəm, ququ quşu!

 

Tərcümələr  Səlim Babullaoğlunundur

Share: