EL ÜÇÜN YANAN ELÇİN… – Xatirə Xatun yazır

EL ÜÇÜN YANAN ELÇİN…
 
Tale hər kəsin qismətinə bir ömür payı yazır. Hər kəs bu ömrü öz bildiyi kimi yaşayır. Kimi yaşamaq naminə, kim isə yaşatmaq naminə. O insanlar ki, ömürlərini elə, obaya sərf edir, onlar özlərindən sonra həyatda silinməz izlər buraxır.Haqqında bu gün sizə söz açmaq istədiyim Vətən fədaisi Elçin kimi…
Dörd qardaşın üçüncüsü idi Elçin…Hələ uşaqlıqdan qonum-qonşunun hayına yetən, dara düşənin imdadına çatan, əhli-qulluq biri idi…Bir qohumun xeyri- şəri olsa, birinci Elçin özünü çatdırırdı.O qədər mehriban və xoşxasiyyət idi ki, tanıyan- bilən hər kəs onun xətrini çox istəyərdi.Böyük qardaşı Maratın dediklərindən:,,Elçin istiqanlılığı ilə bizim hamimizdan fərqlənirdi.Birlikdə bir yerə çıxanda hər kəs onunla salamlaşır, hal- əhval tuturdu, bizə heç əhəmiyyət verən də olmurdu. Qohumlar da onu bizdən daha çox istəyirdi- uzaq qohumlar heç bizi tanımırdı, amma Elçini hamı tanıyırdı.”
Sin descripción disponible.
Burda ikinci qardaşı Azad söhbətə qoşulur:,,Bəli, o bizdən tam fərqli idi…çox asanlıqla hər kəslə ünsiyyət qura bilən, hamının qayğısına qalmağa cəhd edən, hər kəsə yardıma qaçan bir uşaq idi.90 –cı illərin o çörək qıtlığında məhəllədə elə adam yox idi ki, Elçin onun üçün çörək almasın.Tək- tək hər ailənin çörəyinin olub- olmaması ilə maraqlanardı.Sanki bütün məhəlləni çörəklə təmin etməyi ona tapşırmışdılar. Yolda iki nəfərin dalaşdığını, ya da azca ucadan mubahisə etdiyini görsə, mütləq müdaxilə edib məsələni ayırd etməmiş, dalaşanları ayırmamış ordan aralanmazdı.Və ya yolda çətin yeriyən, yükü olan birini görsəydi, onun yanından etinasız ötüb keçə bilməzdi.Çox qayğıkeş, böyüklə böyük, kiçiklə kiçik biri idi.Evdə də ata-anamızın ən yaxın köməkçisi idi.Vacib bir iş olduqda atam ancaq ona etibar edərdi, çünki bilirdi ki, Elçin ona tapşırılan işin öhdəsindən məharətlə gələcək…”
Hərbi xidmətini Sovet donanmasında matros kimi yerinə yetirən Elçin elə ordaca aşpazlıq sənətinin sirlərinə yiyələnir.Gəmidə kok kimi xidmət etməklə yanaşı bu sənəti özü üçün daimi peşə seçməyi qərar verir.Vətənə döndükdən sonra da Lənkəranda Xəzər restoranında (red: indiki Lyuks otel) aşpaz kimi çalışmağa başlayır.Evlənir, iki gözəl balası da olur…Elə o dönəmlərdə Qarabağda torpaq uğrunda qanlı savaşlar gedirdi. Vətəni, Azərbaycanı canından çox sevən Elçin o ərəfədə ozünə yer tapmırdı…Kiçik qardaşı Hikmət indi illərin lap o tayında qalmış bir hadisəni xatırlayır:,,Elçin uşaqlıqdan çox təəssübkeş, ürəyi yurd sevgisi, Vətən məhəbbəti ilə dolu biri idi.Orta məktəbin 5, ya 6-cı sinfində oxuyurdu, bir gün dərsdən evə gəlib dedi ki mən fədai olacam.Durmadan bu sözü elə hey təkrar edirdi:,,mən fədaiyəm, mən fədaiyəm!” O vaxt bu sözün nə demək olduğunu bilmirdim, çox sonralar anladım nə demək istədyini…sən demə özü də bilmədən dilə gətirmişdi taleyini…”
Anamın dayısı oğlu idi Elçin,amma biz onu elə dayı bilərdik, dayılarımızdan biri kimi sevərdik.Çox baməzə idi, onunla deyib- gülməkdən, zarafatlaşmaqdan doymazdıq.Bir dəfə qarlı bir qış axşamı bizə gəldi- bir ayağı da gipsdə, qoltuqağacı ilə.Anam gipsi yeniləməliydi,amma evdə olmadığından Elçin oturub gözləməli oldu.Çay içib söhbətləşirdik.Gördüm bacım məni işarə ilə bayıra çağırır.Hiss elətdirmədən durub çıxdım.Dedi ki, bəs xəbərin var,Elçinin ayaqqabısının bir tayı yoxdu,çox güman ki, Cek oğurlayıb,düşüb həyəti-bacanı gəzmişəm,heç yerdə yoxdu.Cek itimiz idi,çox ağıllı heyvan idi,bircə bu ayaqqabı oğurluğu olmasa) Özü də yad adamın ayaqqabısına xüsusi meylli idi.Nə isə, bacımı içəri ötürüb özüm düşdüm həyətə.Gecə,qar,soyuq-it başın çölə çıxarmaz.İt demişkən,itimiz də yuvasında dincəlir özüyçün.Onu da bayıra çıxarıb yuvasına baxdım,tapmadım,acığımdan bir-iki dənə də vurdum,zingildəyib qaçdı.Qalxdım evə,göz-qaşla başa saldım ki, tapılmadı.Bacım getdi yenə, o düşən kimi itin səsi aləmi götürdü. Bildim ki, bu dəfə daha bərk döüyülüb.Ayaqqabı tapılmadı ki tapılmadı.Bir azdan dayım evinə gedəcək,nə deyəcəyik ay Allah,xəcalətdən ölürük.Elçin də narahatlığımızı sezmişdi.Dözməyib soruşdu ki, nolub sizə, biriniz gedirsiz,biriniz gəlirsiz,bu soyuqda nəyə düşürsüz həyətə?Gizlətməyin mümkün olmadığını görüb məsuliyyəti öz üzərimə alaraq məsələni izah elədim ki, bəs bu başı batmış it sənin ayaqqabını oğurlayıb,hardasa gizlədib,tapa bilmirik.Elçin əvvəl duruxdu,sonra ürəkdən bir qəhqəhə çəkdi.Biz də mat-məəttəl bir-birimizə baxdıq ki, nəyə gülür görəsən?Elçin gülməyinə güclə ara verib gipsdə olan ayağını göstərərək dedi:
-Siz o yazıq heyvanı ona görə bayaqdan zingildədirsiz? Bu boyda gips var ayağımda,buna ayaqqabı keçər?Mən elə tək tayla gəlmişdim də)))Gedib onnan üzr istəyərsiz))
O baməzə, geniş ürəkli Elçin iki il sonra könüllü getdiyi Qarabağ savaşında həlak oldu…O qarlı qış axşamından bir az kövrək,bir az məzəli bu xatirə qaldı…
Sin descripción disponible.
1990-cı ilin yanvar hadisələri başlayanda Elçin demək olar ki, evdə tapılmırdı, bəzən gecələr də gəlmirdi.İşlədiyi Xəzər restoranında orduya kömək məqsədilə dəstə yığılanda Elçin də ön cəbhədəki əsgərlərə xidmət etmək üçün könüllü olaraq bu təşəbbüsə qoşulur.1992-ci il iyul ayının 29-da evdə kimsə ilə məsləhətləşmədən pasportunu götürməyə gələndə ömür gün yoldaşına, iki körpəsini sonralar onsuz böyüdəcək Marala işlə bağlı bir on günlük səfəri olduğunu bildirir…Amma söz verir ki, yaxında 3 yaşı tamam olacaq nübar balası Şəbnəmin ad gününə qədər gəlib çıxacaq…Atası – agir təbiətli, zəhmli , zabitəli agsaqqal Heybət dayının da bu qəfil və son gedişdən xəbəri olmur.Amma oglunun qətiyyətindən, cəsarətindən əmin olan ata sonralar onsuz da onu bu fikirdən daşındırmağın əbəs olacağını başa düşür…O vaxt şəhər partiya komitəsində çalışan yeznəsi Əziz bundan xəbər tutub dalıyca yola düşür,Port- İliç ( indiki Liman) şəhərində ona çatır.,,Sən üç il əsgərlik etmisən, indi də gözlə, çağırsalar, onsuz da hamımız gedəcəyik, iki körpə balan var,onları da düşün,”- deyə nə qədər dil töksə də, qaynını bu yoldan geri qaytara bilmir…
Yenə qardaşı Maratın xatirələr dalğasına qoşuluram:,,Qorxu adlı şey bilməzdi, həm də çox nadinc idi. Bir dəfə nəsə bir şuluqluq etmişdi.Atamız da əsəbləşib ona bir şillə çəkdi. Şillə də nə şillə- kimə dəysəydi, yerindən dura bilməzdi. Elçin isə nə gözünü qırpdı, nə də üzünü çevirdi. Biz təəccübdən donub qaldıq- sanki o şillə bizə dəymişdi.Bir dəfə də qonağımız gələcəkdi- bibim Güləbacı( sonralar Elçinin qaynanası –X.X)və əri Mirzə .Biz də qonaqlar üçün hazırlıq görən boyüklərimizə kömək edirdik.Həyətdə samovar salmışdıq.Elçin necə oldusa qaça- qaça gəlib ona ilişdi, qaynar samovar aşıb onun ayaqlarını yandırdı.Tez onu xəstəxanaya çatdırdıq, ayağının yanmış dərisini neçə yerdən kəsib dərmanladılar.İnanın, bütün bu müddət ərzində Elçinin bircə dəfə də olsun səsi çıxmadı…”
1992-ci ilin iyul ayinin 29 –da evdən çıxan Elçindən uzun müddət xəbər gəlmir.Qayıdacağına söz verdiyi ad günü də onun yolunu çox gözləyirlər…ta ki sentyabrın 1-nə – Elçinin anası Sevil xanımın rəhmətə getməsinin ildönümünə kimi…O qızmar gündə hər kəsin qanını donduracaq bir xəbər də Heybət atanın evinə tələsirdi….Həm də təkcə xəbər yox…Elçinin cənazəsi də…Anasının öldüyü gün sevimli balası da ona qovuşmağa gəlirdi…
Ömür -gün yoldaşı Maral xanım onunla bağlı qısa, amma unudulmaz gunləri, anları xatırlayır:,,Çox qayğıkeş, mehriban bir ər, ata idi.Hər axşam işlədiyim uşaq bağçasına məni evə gətirməyə gəlirdi… Son gedişində Şəbnəmin 3yaşı hələ tamam olmamışdı, Cavad isə 1 yaş 8 aylıq idi…Onlarla nəfəs alırdı, balaları onun üçün bütün dünyaya dəyərdi…Ama Vətən sevgisi ovlad sevgisini də üstələdi…Öləndə cibindən körpə Şəbnəminin şəkli çıxıb.Yoldaşları deyirdi ki, tez- tez bu şəklə baxardı, sankı bir daha görə bilməyəcəyi ona agah olmuşdu…Cibində balasının şəkli, ürəyində el- oba təəssübü ölümə getdi Elçin… Ondan sonra 75 yaşlı Heybət dayının da bala dərdi çəkməkdən gözləri tutuldu, bir neçə il sonra o da dünyasını dəyişdi…“
Böyük qardaşı Azadın həyat yoldaşı Qətilə müəllimə də özündə olan xatirələri paylaşmağa tələsir:,,92-ci ilin avqustun son günləri, 27-si, ya da 28-i olardı…Çox gərgin günlər yaşayırdıq -cəbhədə ağır döyüşlər gedir, biz də hər an Elçindən xəbər gözləyirdik…Azad divanda fikirli-fikirli oturmuşdu.Birdən hönkürtü ilə ağlamağa başladı.Beləcə xeyli və ucadan hönkür- hönkür ağladı.Sakitləşdirməyə çalışdım, bir az toxtayandan sonra aglamagının səbəbini soruşdum.Dedi ki, qulağıma qəfildən Elçinin səsi gəldi, ,,Azad, Azad,”-deyə sanki məni köməyə cağırırdı.Bu hadisədən bir neçə gün sonra Elçinin şəhid olması xəbəri gəldi.Sonradan bildik ki, Elçin məhz o gün- Azadın qulağına səsinin gəldiyi, onun haraya çağırdığı gün həlak olub… Bəlkə inanmayacaqsız, nə qədər qəribə görünsə də bu, olmuş bir şeydi və mən hələ də o hadisənin təsirindən çıxa bilmirəm…”
Sohbətə Elçinin bibisi qızı, sonralar isə baldızı Validə xanım davam edir:,,O ərəfələrdə tez-tez Lənkəranın səmasında vertalyotlar dolaşardı və bu çox vaxt bir şəhid xəbərinin gəlməsindən soraq verərdi…O gün də vertalyotların çox alçaqdan və aramsız uçuşu davam edirdi.İçimə qəribə bir qorxu, həyəcan dolmuşdu, ürəyimdə deyirdim ki, görəsən kimin evinə şəhid gəlir, kimin yurd- yuvasına od düşəcək yenə…Hardan biləydim ki, bu od elə mənim fağır, sakit bacım Maralın ocağına düşüb…Axşamüstü rəhmətlik qaynanam məni yanına çağırıb özü ilə üzbəüz oturtdu: ,,Sənə sözüm var, amma söz ver ki, sakit olacaqsan”.Əvvəl başa düşmədim, bunu hiss edən qaynanam güclə də olsa sözünün ardını gətirdi:,,Elçini gətiriblər”.Bunu eşidəndə artıq bildim ki, Elçin həyatda yoxdu…Yana –yana, için- için ağladım…Qaynanam:- Hardan bilirsən ki şəhid olub?Mən sənə dedim ki, gətiriblər. Bəlkə, elə yaralıdı?-deyə məni ovundurmağa çalışdı.,,Yox”,-dedim, o heç vaxt yaralı qayıtmazdı, Elçin o qədər vətənsevər, çılğın vətən aşiqi bir adam idi ki, o bu yoldan yaralı, ya da sağ dönə bilməzdi…”
Bəli, içində bu qədər saflıq, xeyirxahlıq, insansevərlik daşıyan biri Vətənin, elin ağır günündə gizlənə, geri çəkilə bilməzdi.Elçin də çəkilmədi…Əlinin sənəti ilə cəbhənin Ağdərə istiqamətində düşmənlə üz-üzə döyüşən əsgər qardaşlarına , dolayısı ilə Vətənə xidmət etməyə getdi…Hər gün cürbəcür yeməklər bişirib əsgərlərə ev yeməyinin dadını xatırlatmaqla yanaşı eyni zamanda onlarla birlikdə mina axtarmağa da gedirdi.Torpaq uğrunda gedən ölüm-dirim savaşında döyüşən ogulların yanında olmaqla özünü mənəvi borcundan çıxmış kimi hiss edirdi…Amma sən demə can borcundan da burda, Vətən uğrunda keçmək də yazılıbmış taleyinə…O qızmar, isti yay günündə elə o havanın özü kimi qaynar döyüşlərin getdiyi bir vaxtda Elçin döyüşcülərin içməli su ehtiyatının bitdiyini görür.İki nəfər də götürüb yaxınlıqdakı Mehmanə kəndinə içməli su axtarmağa gedir…Hardan biləsən ki, həyat mənbəyi olan su axtarışında olarkən ölüm də onun izinə susayıb ardıyca gəlirmiş…Kənddə pusquda duran erməni əclafları onu və yanındakı iki nəfəri amansızcasına qətlə yetirirlər.Sonradan eşitdik ki, onları ağaca bağlayıb işgəncə ilə öldürüblər…həm də bir yox,çoxsaylı silah atəşləri ilə…Bəli, düz tapdınız, eynən ,,Yeddi oğul istərəm” Azərbaycan filmində xain Kələntərin güllələdiyi Cəlal kimi …
Elçin bu gün düz 28 ildi ki, həyatda yoxdu, yəni cismən yoxdu.Amma xatirələri yaşayir, haqqında ancaq gözəl sözlər danışılır, onsuz böyüyən, indi özləri də ailə sahibi olan Şəbnəm və Cavad atalarını bu xatirələrdən tanıyır.Balalarını atasız böyüdüb boya- başa çatdıran Maral xanım isə gəlin gəldiyi köhnə evin köhnə divarları arasında , Elçinli xatirələri yaşatmaqla yaşlanır…elə o evin özü kimi…nə bir kəsdən umacağı var , nə də tələbi…Amma könül istərdi ki, Dövlətimiz bu fədakar, cəfakeş ananı , şəhid Elçin Cavadovun yarımçıq qalmış omür yükünün agırlığını öz zərif çiyinlərində daşıyan Maral xanımı da ehtiyacı olan yüzlərcə şəhid ailəsi kimi evlə təmin edəydi, yaş yarımlıqdan atasız qalan balası Cavad Bakıda kirayələrdə qalmaqdan xilas olaydı…
Torpaq və Vətən uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.Şəhidliyin və şəhidlərin ünvanı əbədiyyətdir və bu əbədiyyət adlı ünvan yalnız Vətən uğrunda, torpaq, el- oba qeyrəti naminə canından keçməyi belə gözə alanlara, ölümə baş əyməyənlərə, ölümü ilə ölümsüzlük qazananlara məxsusdur.Elçin də o ünvanda, bir də onu xatırlayanların xatirələrində əbədi yaşayacaq, bütün yüksəkliklərdən ucada dayanan Şəhadət zirvəsindən bizə əl edəcək…
Xatirə Xatun
yazar,publisist,
1-8 sentyabr 2020-ci il.( Bakı-Lənkəran)
Müstəqil.Az
Share: