Elcan Məmiyev: Birliyimizə zərbə vuranlar…-TƏHLİL

Elcan Məmiyev: Birliyimizə zərbə vuranlar…-TƏHLİL

Bir aydır davam edən hərbi əməliyyatlardan sonra Azərbaycan xalqı əsl qürür dolu günlərini yaşayır desək yanılmarıq. Son 2 əsrdə ilk dəfə olaraq, namus, qeyrət sandığımız Azərbaycan tam şəkildə birləşir və ən maraqlı məsələdə budur ki, bizlər bu tarixin iştirakçısıyıq. Ağrılı olsa da, bizim də gənclərimiz bu döyüşdə canından olur, amma təbii ki, nə bu xalq üçün, nə ölkə üçün, nə də ailəsi üçün heç vaxt ölmür. Onlar bizim qürur yerimiz, ən uca zirvəmiz olaraq qalırlar.

Müharibənin başlanmasına təxminən 1 ay qalmış artıq 20 min vətəndaş könüllü olaraq ordu sıralarına yazılmışdı. Təbii ki, tək-tük məmur balalarından, müğənnilərdən tutmuş sadə vətəndaşlara qədər. Və 27 sentyabr, hərbi əməliyyatlar başladı…

Bu döyüşün hərbi, diplomatik cəbhəsindən əlavə həm də informasiya cəbhəsində də gərginlik yaşanırdı desək, yanılmarıq.

İlk olaraq, Ermənistan tərəfi aparıcı Toliklə aşıq Namiqi zabit kimi qələmə verib, öldürdüklərini yazdılar. Təbii ki, hər zaman xalqın gülüş hədəfinə çevrilən aşıq Namiqin bu xəbərini yarı-zarafat, yarı-ciddi hər kəs düz olmasını da arzuladı. Onsuz da nə aşıqlığı var, nə də… Hələ ən dəhşətlisi də odur ki, Aşıq Namiq bir çiyninə  baş  leytenat, digər çiyninə polkovnik-leytenat «paqonunun» vurmuşdu. İnformasiya müharibəsinin digər günü isə erməni mediası Sərdar Ortacla, Tarkanın şəkillərini yayaraq, türk əsgərlərinin Azərbaycan ordusunda olmasını dünyaya göstərmək istədi. Beləliklə düşmən bu cür iyrənc əməllərə əl ataraq özünü gülünc duruma saldı.

İndi bir az yerli informasiya mübadiləsi və mübarizəsinə nəzər salaq. Yəqin heç kimə sirr deyil ki, Azərbaycanın əsas incəsənət adamları, muğam ifaçıları, müğənniləri Qarabağı təmsil edirlər. O Qarabağ ki, 30 ilə yaxındır bizdən uzaq düşüb. İndi həmin ərazini təmsil edən müğənnilər yenə də bu münaqişəni öz şəxsi ambisiyasına qurban verməkdə maraqlıdırlar. Hərə bir qrup yaradıb,  döyüşən ordu qüvvələrinə heç bir aidiyyəti olmayan DSX formasını geyinib, özünü gecə-gündüz reklem etməklə məşğuldurlar. Aralarında nə orduya gedən var, nə də könüllü yazılan.

Maraqlısı da odur ki, ölkənin ən tanınmışlarından olan Manaf Ağayevin 2 oğlundan biri könüllü yazılıb. Hələ Səfərbərlik xidməti Ağayevin oğluna çağırış göndərməsə də, ata və 2 oğlu son 30 gün ərzində təxminən 6 dəfə  Füzuli şəhərinə gedərək əsgərlərə isti yeməklər, müxtəlif təmizlik vasitələri və isti geyimlər aparıb.

Elə bütün söhbətlər də bundan başlayıb və əsl informasiya müharibəsi start götürüb.  Demək ki, Ağayevin dayanmadan Qarabağa səfər etməsi, ora müxtəlif yardımlar etməsi, digər sənət yoldaşları tərəfindən qisqanclıqla qarşılanıb və onlar müxtəlif sosial şəbəkə vasitələrində öz şəxsi münasibətindən yararlanaraq Manaf Ağayevə qarşı qara piyara başlayıblar.

Təsəvvür edin, bir yandan erməni mediası, rus mediası bu cür xəbərləri erməni lobbisinin sifarişi ilə yazır, digər tərəfdən də yerli sosial şəbəkə vasitələrinin bəzi idarəçiləri bizim müğənnilərin sifarişi ilə Ağayevi gözdən salmağa çalışır.

Belə bir zamanda həqiqətənmi bizim dərdimiz, Manaflar, Aşıq Namiqlər, Toliklər olmalıdır?! Axı illərdir Qarabağ deyərək yaşayırdıq, «o torpaqları bizə heç qaytarmaz» deyirdik. İndi vaxt gəlib çatdı və torpaqları alırıq, niyə belə bir məqamda ucuz vasitələrə əl ataraq özümüzü gözdən salırıq?!

Məgər karantin vaxtı hər gün ailələrə hər növ qida məhsulları verən Manaf Ağayev deyildi? Məşhurlardan Fədayə Laçın, İlham Mirzəyev illərcə həbsxanada yatdı, amma onların ailəsinə təkcə Manaf Ağayev baxdı. Bu gün belə həssas məqamda kimlərisə baltalamaq ən böyük vicdansızlıq olar! Çünki hər kəs Ali Baş Komandanın ətrafında birləşərək, bu qələbəyə öz töhvəsini verdiyi vaxtda, araya belə nifaq salanlar elə ən böyük satqın və vətən xainləridir.

Digər bir məsələ də ondan ibarətdir ki. hər gün TV-lərdə dayanmadan oxuyan, zarıyan, toy tutan, SMS  dilənən müğənnilər. incəsənət adamları görəsən hardadırlar? Niyə kimsənin ordudan xəbəri gəlmir? Gözləyirlər ki, torpaqlar azad olunsun, gedib konsert versinlər. Baxın, bu gün bizim incəsənət aləmində əsl durum budur və onları da bu qədər biz qudurtduq! İndi isə cibinin pullarını kasıba, ehtiyacı olan adamlara xərcləyən bir Manaf tapmısız, sağa da döşəyin, sola da. O da bitər, ondan yardım güdən bəzi yaxınları da qalar belə.

Dostlar, əslində bələ də bu mövzu indiki zaman üçün elə də uyğun deyildi, amma demək istədiklərim çox idi deyə, özümü saxlaya bilmədim. Gəlin haqqın, ədalətin gözünə dik baxaq. Bu ölkənin pisi də, yaxşısı da bizimdir. Son 1 ayda ilk dəfə həmrəy olduq və nə qədər uğur qazandıq! Bizim işimiz birlik olmalıdır, daha gedib pul verib öz müğənni yoldaşının haqqında pis fikirlər, xəbərlər yaymaq yox.

Və sonda məni bir sual maraqlandırır, verilişlərdə Manaf danışanda ağzını açmayan, hər zaman onları toya aparsın deyə ona yaltaqlanan sənətçilər niyə görəsən ona dəstək vermədi, bu qara piyarı ifşa etmədi?!

Bütün bu suallara Qarabağ tam işğaldan azad olunandan sonra birlikdə cavab tapmağa çalışacağıq!

 

Elcan Məmiyev

 

Müstəqil.Az

Share: