“Elçi Zambaqlar”

 İlahə İmanova

 

Nədənsə mənə elə gəlir ki, səhərlər dənizin rəngi kimi qoxusu da fərqli olur. Bu qoxunu içimə çəkmək üçün səhərlər dəniz kənarında bir qədər gəzişmək adət halını alıb. Dənizin ətrini içimə çəkmədən, onunla bir qədər dərdləşmədən yeni günə başlaya bilmirəm. Dəniz mənim sirdaşımdır. O həmişə məni sükutla dinlər, heç vaxt irad tutmaz, qınamaz. Ləpədöyəni izlədikcə düşünürəm ki, dəniz öz qəzəbini, hiddətini təlatümlü dalğaları ilə bildirir. Elə buna görə də çox zaman küləkli, çiskinli havalarda onunla dərdləşməyə gəlirəm. Elə bu gün olduğu kimi.

Bəlkə də payızda doğulduğum üçündür ki, dumanlı çiskinli havanı, narın, hətta leysan yağışları belə sevirəm. Göz oxşadıqca uzanan dəniz, səma, hətta elə şəhərin özü də bu gün bomboz idi. Hava açılana, gün çıxana oxşamırdı heç deyəsən. Olsun! Belə daha gözəldir.

Səhərin sərin xəfif mehi üşüdürdü məni, yoxsa ki içimdəki narahatlıqlar, təlatümlər, bilmirəm. Bütün dünyaya üsyan etmək istəyim şahə qalxan dalğalara bənzəyirdi. Ətrafımdakı insanların riyakarlığı, qeyri-səmimi münasibətlər, saxta təbəssümlərin arxasında gizlətmiş olduqları əsl simaları məndə o qədər ikrah hissi yaradırdı ki, hər kəsdən uzaqlaşmaq, dənizin sularında qərq olmaq istəyi keçirdi içimdən bəzən. Yalnız doğan günəşi, sakitləşən dənizi seyr edəndə bütün problemlərin də yaxında həll olunacağına əminlik hissim artırdı. Özümü dənizin bir parçası, bəzən də elə özü hiss edirdim.

─Afət!

Adımın çəkildiyini zənn edib arxaya çevrildim. Yaxınlıqda heç kəs gözə dəymirdi. Bu saatda, özü də belə bir yağışlı, küləkli havada dənizkənarında heç kəs gəzib dolanmazdı. Küləyin uğultusunda, dənizin səsində belə öz adımı eşitmək istəyi idi içimdə bəlkə də.

Deyirlər ki, körpəlikdə verilən ad insanın taleyinə, xarakterinə də təsir edir. Mən də bəzən düşünürdüm ki, adım başqa olsa, bəlkə də həyatımda hər şey fərqli olardı. Kimiləri üçün qısqanclıq və həsədlə süzdükləri biri, kimiləri üçün isə, sözün əsl mənasında, baş bəlası idim. Əslində isə, göz yaşlarını yağan yağışda gizlətməyə çalışan kövrək, həssas bir qəlb sahibi idim. Sərt təbiətin arxasında gizlənmiş, incə hisslərlə dolu olan zərif qəlbi isə hər kəs görməyə qadir deyildi.

Dənizin qoxusunu içimə çəkib sahillə axşamadək vidalaşdım. Hər gün təkrarlanan yeknəsək həyata qayıtmaq zamanı idi. Rəhbərlik etdiyim böyük şirkətin hər dəqiqə üzləşdiyi sıxıntılı durumlar, gündəlik qayğılar işlərə daha məsuliyyətli olmağımı tələb edirdi. Həyatımdakı boşluğu işə olan sevgim doldurmuşdu. Hər bir uğurlu layihə həyatıma yeni bir rəng qatırdı. Amma zaman-zaman işlərdən də yorulub məzuniyyət götürmək, dağlar arasında, dəniz qırağında, yaxud da meşənin içində kiçik bir ev kirayələmək, şəhərin səs-küyündən uzaq, hüzur dolu bir həyat yaşamaq istəyirdim.

Kabinetimdə gül-çiçək buketləri görmək mənim üçün adi hala çevrilmişdi. Bu səhər də otağa daxil olanda təəccüblənmədim heç. Əməkdaşlıq etdiyimiz şirkətlərin rəhbərliyindən tez-tez minnətdarlıq əlaməti olaraq gül-çiçək buketləri almaq, düzü, çiçəklərə hədsiz sevgisi olan xanım rəhbər kimi mənə xoş təəssürat bəxş edirdi.

Bəzilərindən fərqli olaraq, bu gün sahibi olduğum şirkət valideynlərimdən mənə miras qalmamışdı. Atamdan mənə qalan yalnız anam və bacım idi, bir də onun məsləhətləri. Bu gün böyük bir şirkət sahibi olmağıma baxmayaraq, kasıb, həm də çox kasıb bir ailənin qızı idim. Anam ətə, yağa ayırdığı pulu çox zaman dərslərdən yayınmamaq və tələbə yoldaşlarımın yanında pərt olmamaq üçün paltarlarıma və kitab-dəftərlərimə xərclərdi. Belə vaxtlarda qəhərimi güclə boğar, hiss etdirməməyə çalışardım.

Həmin gün… Həyatımı dəyişən həmin gün…

─Afət xanım!–Katibənin səsi məni fikirdən ayırdı. –Hüquqşünas sizinlə görüşmək istəyir.

─Dəvət edin, gəlsin,–deyib masa arxasına keçdim. Stolumun üstünə qoyulmuş sənədləri gözdən keçirib imzaladım.

Şirkətimizin gənc hüquqşünasının savadına və iş bacarığına heç bir şübhəm yox idi. Ona etibar edirdim. Bu dəfə də yeni layihə barədə onun fikirlərini bilmək və imzalayacağımız sazişin hüquqi tərəflərini araşdırıb aydınlaşdırmaq istəyirdim. Gələcəkdə yarana biləcək hər cür xoşagəlməz hallardan uzaq olmaq və işimizin uğurlu olması üçün daha diqqətli olmaq, məsələyə incəliklə yanaşmaq vacib idi.

Pəncərənin bir küncünə qoyulan kiçik gül dəstəsi qəfil diqqətimi çəkdi. Otağın ən gözəl guşələrində yerləşdirilən gül buketlərindən fərqli olaraq, bu kiçik zanbaq dəstəsi bir kənara atılmış, küncə qısılıb səsini çıxartmağa cürət etməyən yetim uşağı xatırlatdı mənə nədənsə. Bu balaca dəstənin kim tərəfindən hədiyyə edilə biləcəyinə olan marağım bütün diqqətimi yayındırdı. Artıq hüquqşünasın nə fikirlərini, nə də məsləhətlərini dinləyə bilmirdim. Getdikcə artan maraq məni pəncərənin qarşısına çəkir, bir neçə zanbaqdan ibarət olan dəstəyə toxunmağa vadar edirdi.

─Fərid bəy! Mən sizə tamamilə etibar edirəm. Bütün sənədləri hazırlayın.

Öz sözlərimə gənc hüquqşünas kimi, özüm də təəccüb etdim. Zanbaqlara olan marağım məni müzakirəni dayandırmağa vadar etmişdi. Gənc sənədlərini toplayıb otaqdan çıxan kimi, dərhal özümü pəncərənin qarşısına atdım. Zanbaqların kimdən olduğunu bilmək üçün dəstəni araladım. Arasında kiçik də olsa bir kağız parçası, vizitka tapmaq istəyim hədər idi.

Zanbaqları əlimə aldım, qeyri-ixtiyari əzizləyib dodaqlarıma yaxınlaşdırdım. Maraq üçün digər buketlərin üstündəki vizitkalara da nəzər saldım. Aralarındakı kiçik açıqçalarda minnətdarlıq, hətta sevgi etirafları da vardı. Şeirlə yazılmış açıqçaları oxumaq isə, nə deyim, doğrusu məni əyləndirirdi. Özlüyümdə gülürdüm saxta səmimiyyətə.

Zanbaqları hədsiz sevirdim. Gözəl olduğu qədər sirli bir görünüşü vardı məncə. Fərqliliyi bəlkə görünüşündə idi, bilmirəm… Jalüzün arxasında gizlənmiş kiçik güldanı su ilə doldurub zanbaqları içinə qoydum. Masanın üstündə, gözümün qarşısında olmağını istəyirdim.

Zanbaqlara gözümü zilləyib nə qədər düşüncələrə daldığım yadımda deyil. Katibə qız içəri girdiyi zaman fikrə getdiyimin fərqinə vardım.

─Bu kiçik dəstəni bəyənməzsiniz düşündüm… Düzü, atmağa heyfim gəldi. Ona görə də bir kənarda qoydum…

Nəzərlərimi zanbaqlardan çəkmədən dalğın şəkildə soruşdum:

─Bu zanbaqları kim gətirib?

─Bilmirəm…–deyib qız çiyinlərini çəkdi,–qapıda nəzarətçiyə verib “Afət xanım üçündür” deyiblər.

Bu kiçik zanbaq dəstəsi digər buketlərə bənzəmirdi və güman etdiyim heç bir kəs tərəfindən də bağışlana bilməzdi. İri və son dərəcə gözəl bağlanmış buketlərin qarşısında nəzərə çarpmayan bu fərqli çiçəklər gözümdə daha möhtəşəm idi. Zanbaqları qoxuladım.

Qəribə idi. Bir anlıq mənə elə gəldi ki, məhz mənim üçün dərilmiş bu zanbaqların ləçəklərində, yarpaqlarında hopub qalmış qoxu mənə tanışdır. Sanki tanıdığım və məni çox yaxşı tanıyan, ruhuma bələd olan bir kəsin əlinin hərarəti, nəzərimi ayırmadığım çiçəyin üzərində nəzərləri ilişib qalmışdı.

Eh…nələr düşünürəm… Bu zanbaqlar məni reallıqdan ayırıb çoxdan xəyal etmədiyim bir məkana, zamana çəkib aparmağa çalışırdı.

Özümü ələ aldım. Reallıq hissini itirmək, romantikaya köklənmək olmazdı. Elə də ünsiyyətcil olmadığım üçün, özüm barədə danışmağı, maraq və düşüncələrimi bölüşməyi sevmədiyim üçün heç kəs bu zanbaqların  mənim üçün nə qədər dəyərli olduğunu bilə bilməzdi. Yoxsa… Qəfil beynimdən keçən fikirdən özüm də diksindim. Özüm-özümlə danışırdım:

─Bu ola bilməz! Bu gün mənə nə olub?! Gah dənizkənarında öz adımı eşidirəm, indi də bir neçə zanbaqdan ibarət olan  kiçik dəstəyə baxıb xəyallar qururam. Nənəm sağ olsaydı, əlbət ki, belə deyərdi: “Afət, kimsə hardasa səni düşünür, adını çəkir, səni səsləyir”. Eh, qoca arvad idi də! Telepatiyaya və buna bənzər heç nəyə inanmamaq üçün kifayət qədər oxunmuş və savadlı qızam. Kimdir məni düşünən?! Yox, niyə ki… Öz xeyrini güdən, mənimlə evlənməyə can atan nə qədər insan var. Bəs, görəsən… Unut! Unut, Afət, unut! Adını belə çəkmə! Xəyal belə etmə!

Pəncərəyə yaxınlaşdım. Səhər yağan narın yağış daha da güclənmişdi. Leysan gedirdi. Pəncərədən süzülən damlalar bir vaxt yanaqlarımdan süzülən göz yaşlarım tək üzüaşağı axıb gedirdi.

 

*******

Sübh namazına qədər bir qədər yatmaq, gözümün acısını almaq istəsəm də, mümkün olmadı. Hec cür gözümə yuxu getmədi. Fikrim zanbaqların yanında qalmışdı. Qəlbimin dərinliklərində gizlətdiyim  bütün duyğularımı, xatirələrimi canlandırmışdı. Unutmaq istədiyim, qəlbimin dərinliklərində dəfn etdiyimi zənn etdiyim  hisslər yenidən içimdə dəniz fırtınası yaratmaqda idi. Hamının güclü hesab etdiyi –MƏN , öz hisslərimin, duyğularımın əlində aciz qalmışdım.

Yenə Günəş doğmuş, yeni gün başlamışdı.

Hər açılan sabah mənim üçün yeni başlanğıc, yeni uğur, yeni layihə demək idi. Almaniyada təhsilimi başa vurub öz doğma Bakıma qayıdarkən dövlətimə xidmət etmək kimi böyük ümidlərim var idi. Öz bacarığım, həmçinin Allahın qarşıma çıxardığı yaxşı insanların  mənə olan etimadı sayəsində az bir zamanda gözlədiyimdən də böyük nailiyyətlər əldə etməyə müvəffəq olmuşdum. Əlbəttə ki, bunların heç biri anamın duaları olmadan mümkün olmazdı.

 

Dünənkindən fərqli olaraq, bu gün hava gözəl idi. Bütün göz yaşlarını torpaqla bölüşən buludlar rahatlıq tapmış, səma da aydınlanmışdı. Doğan günəş dənizin sularında əks olunduqca gözoxşayan mənzərə alınırdı. Şair olmasam da, yarpaqların üzərindəki şeh damcıları diqqətimdən yayınmazdı heç vaxt. Səhər şəbnəmlərini  yanaqlarımda donub qalan göz yaşlarıma bənzədirdim. Torpağın nəm qoxusunu, dənizin ətrini, təmiz havanı ciyərlərimə çəkib bir qədər də dənizi seyr etdikdən sonra gündəlik həyatıma davam etməyə hazır idim.

Dənizlə xudahafizləşməzdən əvvəl ayaq saxlayıb qeyri-ixtiyari yenidən ətrafa nəzər saldım. Xeyli aralıda öz işləri ilə məşğul olan təmizlik briqasından başqa kimsə gözümə dəymədi. Bilmirəm niyə, amma dünən axşam da, elə bu səhər də dəniz kənarında gəzişərkən, nədənsə, özümü tək hiss etmirdim. İçimdə qəfil yaranmış duyğu məni bir neçə dəfə ətrafa boylanmağa vadar etmişdi. Üzərimdə kiminsə baxışlarını hiss edirdim sanki.

Kabinetin qapısını aralı və katibəni yerində görməyincə bir qədər əsəbləşdim. Fikrimdən ona deyəcəyim sözləri keçirərkən əlində həmin kiçik güldan içəri daxil oldu. Məni görüb gülümsədi, salamlaşdı. Üzündəki zərif təbəssümü, əlindəki zanbaqlar fikrimi dağıtdı. Həmin an qəzəbimi də, soruşmaq istədiklərimi də unutdum.

─Suya qoydum ki, məhv olmasınlar!–deyib güldanı masamın üzərinə qoydu.

Gözləri hər zaman sevinclə parlayan, özündə aşıb-daşan həyat enerjisini cəmləyən, şən və bir qədər də cingiltili səsli qıza təşəkkür etməkdən başqa deməyə sözüm qalmadı.

Zanbaqlara indi diqqət edincə anladım ki, bunlar yeni dərilmiş çiçəklərə bənzəyir. Otağın dörd bir tərəfinə boylandım. Baxışlarım dünənki zanbaqları gəzirdi. Qız fikrimdən keçənləri hiss edib tez dilləndi:

─Dünənki zanbaqları bir qədər solğun hesab etdiyim üçün masanıza yenilərini qoymağı düşündüm. Atmamışam, əgər istəsəniz bunların yanına yerləşdirə bilərəm.

Başımın işarəsi ilə istəyimi təsdiqlədim. Az keçməmiş əlində zanbaqlarla geri döndü. Gülümsədi.Onun hərəkətlərini izləyərək:

─Bu zanbaqlar hardandır? –deyə soruşdum.

─Dünən olduğu kimi, yenə də kimsə mühafizəçiyə verib, Sizə çatdırmağı xahiş edib.

Dünənkindən fərqli olaraq, bu günki zanbaq dəstəsinin içərisinə bir çobanyastığı da əlavə edilmişdi.

Katibəm qapını örtüb otaqdan çıxdıqdan sonra əyilib çiçəklərin qoxusunu içimə çəkdim. Nəzərlərim yeddi zanbağın arasına yerləşdirilmiş səkkizinci çiçəkdə –çobanyastığında idi. Cüt sayda çiçək hədiyyə etmək xoşagəlməz bir anlam daşıdığı üçün, demək ki, göndərən kəs mütləq onu oradan ayıracağımı da bilirdi. Çox düşünmədən əlimi çobanyastığına uzatdım. İndi güldanın içində yeddi zanbaq qalırdı. Qeyri-ixtiyari dodaqlarıma qonan təbəssümə görə az sonra özümə acığım tutdu. Pəncərəyə yaxınlaşdım, açdım. Barmaqlarım  çiçəyin ləçəklərinə toxunmağa, onları qırıb atmağa hazır idi.

Çobanyastığını uşaqlığımdan sevməzdim. Onunla bağlı xatirələrdən biri isə indi beynimdə dolaşmaqda idi. Deyəsən, axı, heç vaxt da unudulmamışdı:

“─O gözəllikdə çiçəyə necə qıydın?

Gülümsəyib daha bir ləçəyi qopararaq cavab vermişdim:

─“Sevir-sevmir” tapmacasından başqa çobanyastığılar nəyə yarayır ki?! Sevmirəm bu gülü!

─Niyə?–gözlərimin içinə baxıb soruşdu.

─Bilmirəm… Nə vaxt ləçəkləri qopartsam, həmişə “sevmir” kəlməsi dodaqlarımda qalar…

Gülmüşdü sözümə:

─Bəlkə bu dəfə də cəhd edəsən. Mənim xətrimə. Yaxşı?

Razılaşmışdım. Nəzərlərimlə sona qalmış bir neçə ləçəyə diqqət edib sayını müəyyən etməyə çalışdığım an, o, gülü əlimdən alıb özü “sevir-sevmir” kəlmələrini astadan pıçıldadı. Sonuncu kəlməni səsləndirənə qədər nəfəsimi belə çəkmədən dayanıb həyəcanla gözlərinin içinə baxmışdım. Sonuncu ləçəyi qopardığı zaman bərkdən “Sevir!” kəlməsini söyləyib düz gözlərimin içinə baxmışdı. Eşitmək istədiyim sözü eşitdiyim an özümü xoşbəxt sandığım qədər utanmışdım həm də.  Gözlərinin içinə baxmağa cəsarətim çatmadığındandır bəlkə, nəzərlərimi yayındırmışdım.

─Sevir… Bax belə!–deyərək mənalı, ifadəli baxışları ilə gülümsəmişdi.

─Sənin əlində sənin qismətinə elə bitdi. Mənim əlimdə “sevir” kəlməsi ilə bitməyə də bilərdi…

─Bilmək olmaz… –deyib mənalı-mənalı gülümsəmişdi. Həmin an baxışlarından fikrini oxuya bilməmişdim.

Sonrakı görüşlərimizdə mənə hədiyyə etdiyi müxtəlif çiçəklərin arasında hər dəfə mütləq bir çobanyastığı da olardı. Cüt olmasın deyə, dərhal dəstədən ayırar, ləçəklərini qoparmağa başlardım. Hər dəfəsində ləçəklərin “sevir” sözündə bitməsi məni xoşbəxt edirdi. Çobanyastığı ilə bu sevgi oyunu vərdiş halına keçmişdi.  Bir gün, yenə bu oyunu oynadığım zaman sonuncu ləçəyi qoparıb “sevmir” deyə pıçıldayaraq kədərli baxışlarımı üzünə zillədim.

─Ola bilməz! Düz saymamısan!–deyib yerə səpələnmiş ləçəkləri saymaq istədi.–Özüm saymışam, sevmir sözündə bitə bilməzdi!

Qəfil eşitdiyim bu kəlmə məni çox mətləblərdən agah etdi. Sən demə, hər dəfə görüşümüzdən əvvəl gül dəstəsinin arasına yerləşdirilmiş çobanyastığının ləçəklərini sayar, artıq olan ləçəyi isə qoparıb atardı. Öz dilindən qaçırdığı kəlmədən sonra hər ikimiz pərt olub xeyli müddət susmuş, nəticədə bir daha heç vaxt mənə çobanyastığı gətirməyəcəyinə söz vermişdi. Elə həmin gün bu oyun bitmişdi.”

İllər sonra ilk dəfə idi əlimdə çobanyastığı tuturdum. Özüm də hiss etmədən bir-bir ləçəkləri qoparıb atır, dodaqaltı pıçıldayırdım. Budur, sonuncu ləçək: “Sevir”

Daha uşaq deyildim. Nə bu oyuna marağım vardı, nə də sevgiyə inamım qalmışdı. Sevginin özü də, bir çobanyastığı ləçəklərindən ibarət oyun qədər boş və mənasız idi. Dərinliklərində qəlbimin kədərini gizlətməyi bacaran gözlərimdən fərqli olaraq, dodaqlarım öz sevincini xəfif təbəssümü ilə aşkar etdi.

Bilərəkdən çobanyastığı ilə mənə öz kimliyini bəlli etməyə çalışan sirli zanbaqların sahibinin  o olduğuna artıq heç bir şübhəm qalmadı. Hə, o idi, özü idi…

 

Share: