Sayın oxucular, “525-ci qəzet”in bu sayından etibarən hər şənbə sizə müstəqillik dövrü hekayələrimizdən birinin feysbuk üzərindən aparılan müzakirəsini təqdim edəcəyik.
Müzakirədə məqsəd pandemiya dövründə zəifləmiş yazıçı-oxucu münasibətlərini gücləndirməkdir. Təşəbbüsümüzü dəstəklədiyi üçün qəzetin baş redaktoru Rəşad Məcidə minnətdarlığımızı bildirir, layihəyə Xalq yazıçısı Elçinin “Ağadadaşın kişi sözü” hekayəsi haqda müzakirə ilə başlayırıq.
Yazıçının “Şuşaya duman gəlib”, “Qarabağ şikəstəsi”, “Sarı gəlin”, “Bayraqdar”, “Baş” kimi əsərlərində xanlıqlar zamanı, Sovet dövrü və qaçqınlıq-köçkünlük zamanının Qarabağı əks olunub. Bu hekayədə isə İkinci Qarabağ müharibəsi dövrü təsvir olunur. Hekayə yazıçının Abşeron seriyasından olan koloritli əsərləri silsiləsinə daxil olmaqla, Bakı və Qarabağın, ümummilli birliyimizin və bu birliyin qələbədəki rolunun bədii ifadəsidir. Şuşadan duman artıq çəkilib. El üçün yaşayıb-yaradan Elçin müəllimi həm bu münasibətlə, həm də qarşıdan gələn ad günü münasibətilə təbrik edir, ona cansağlığı və yeni yaradıcılıq uğurları arzu edirik.
Layihənin ideya müəllifi Əsəd Cahangir
***
Müşfiq Şükürlü: Elçindən yeni hekayə oxumaq sevindiricidi. Üslubu klassikaya çevrilsə də, onun yeni mərhələsini görmək xoşdur. Bu şirin təhkiyə həmişə yaşayacaq. Abşeron və Bakı məhlələri Elçinin hekayələrinin əsas məkanı olub. Yazıçı yeni hekayəsində də adətini pozmur. Hərdənbir pandemiyanı xatırlatsa da, Elçinin ənənəvi bədii atmosferi qalmaqdadır. Bəlkə, bugünün Bakısını papaqçı Ağadadaşın dünyasından görmək çətindir? Yazıçı tez-tez müharibəni də yada salır. Mənə elə gəlir, Gülbala ilə Nisənin məhəbbət əhvalatına geniş yer vermək olardı.
Tural Türksoy: Maraqlı süjetə malik, bədii cəhətdən normal hekayədir. Bu təşbeh cazib idi:
“… o gözəl kəpənəyin yüngül qanadları necə açılıb-bükülürdüsə, Nisənin də ürəyi eləcə döyünürdü”.
Narıngül Nadir: Üslub, təhkiyə gözəldir. Təsvirlər canlıdır. Elçin öz peşəkar üslubundan yararlanıb. Sujet xətti, hadisə baxımından normal hekayədir. Elçin peşəkar, istedadlı yazıçı kimi bu hekayədə bir az da özünü təkrarlayır deyərdim.
Alpay Azər: Elçin möhürünü vurmuş yazıçılardandır. Bu hekayə mənə də normal gəldi. Bəlkə də Ağadadaş obrazıyla bağlı yazıçı maraqlı, ruslar demişkən, “ostrosüjetniy”, detal versəydi, hekayə daha uğurlu alınardı.
Sara İbrahim: Elçinin bundan yaxşı hekayələri var. Fransadan indi kim məktub yazır? İnternet əsridir, kiminsə durub Parisdən Bakıya məktub göndərməsi inandırıcı deyil. Amma Elçin öz sözünü demiş yazıçıdır, əsərləri ədəbiyyat tarixində qalacaq.
Əyyub Qiyas: Elçinin gəncliyində Bakı mövzusunda yazdığı hekayələri xüsusi tədqiqat mövzusudur. Oradakı obrazlar, kolorit dünya ədəbiyyatının ən bərkgedən müəllifləri ilə eyni tərəziyə qoyula bilir, amma bu hekayədə dramaturgiya zəifdir. Allah cansağlığı versin. Hər şeyə rəğmən, Elçin dəyərdir.
Həcər Paşayeva: Elçin Bakı ətrafı kəndlərin həyatı mövzusunun cazibəsindən ayrıla bilmir. Yeni mövzunu – Vətən müharibəsi – köhnə qazanda bişirib. Məkan eyni, zaman isə bir qədər müəmmalı, yəni 2020-ci il və Fransadan ayda bir neçə məktub yazmaq – bir-birinə uyğun gəlməyən detallardır. Ələkbər obrazı cəlbedicidir. Final maraqlı qarşılaşma ilə bitir – verdiyi sözə əməl edən Ağadadaş və verdiyi sözə əməl etməməkdən qorxan, söz verməyən Ələkbər.
Aqil İsmayılov: Obrazlar gözəl seçilib, özünəməxsus düzgün dəbi mühüm bilən və sözünə sahib çıxan papaqçı, vətənini sevən polkovnik obrazları… Çatışmayan ümiddir, müəllif bu haqda heç nə yazmayıb.
Əzizə Ağahüseynqızı: Hekayə “kiçik adamın” böyüklüyü məsələsinə həsr olunub. Əgər hər kəs öz sahəsində vətənə xidmət edirsə, xalq ən böyük problemləri həll edə bilər. Hekayənin qəhrəmanı söz verir ki, əgər Qarabağ alınarsa, pulsuz papaq tikib verəcəm. Görəsən, müəllif öz qəhrəmanını niyə məhz papaqçılar arasından seçib? Çünki papaq kişilik rəmzidir. Bu hekayə də Elçinin əvvəlki hekayələri kimi şirin təhkiyə ilə qələmə alınıb, birnəfəsə oxunur. Yeri gəlmişkən, mayın 13-ü Elçin müəllimin ad günüdür. Möhtərəm yazıçımızı bu münasibətlə təbrik edir, ona cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.
Zərifə Mikayılova: Elçin müəllimin üslubu, tamamilə, fərqlidir. Cümlələr bəzən bitmək bilmir. Yəni təhkiyə oxucunu bəzən çox yorur.
Tomas Ceferson: Hekayə birnəfəsə oxunur, sadə, səmimi, başadüşülən və qavranılandır. Müəllif hekayədə yaşadığı dövrün reallıqlarını sadə dillə yazıya köçürüb. Maraqlı təhkiyəsi, sadə cümlə quruluşu ilə həyat həqiqətlərini ön plana çıxarıb. Hekayədə hər gün oxuyub eşitdiyimiz faktlar tam dolğunluğu ilə diqqət çəkir. Yazıçı qələmə aldığı əsəri günümüzün güzgüsünə çevirməyə nail olub.
Elvin İntiqamoğlu: Sadə dildə yazılmış hekayədir; mürəkkəb cümlələr də aydın başa düşülür deyə yorucu təsir bağışlamır. Düzdü, hekayənin məğzi birmənalıdı, amma o birmənalılıq özündə sədaqəti ehtiva edir.
Nazilə Gültac: Elçin bu çoxsaylı hekayələri göstərir ki, o, öz xalqının adət-ənənəsini dərindən bilir. Tanıdığı insanların iç dünyasını, xarakterini, mərdliyini çalarlarla verir. Yazıçı bu hekayədə də bu dövrdə olanları müxtəlif ştrixlərlə verib. Canlı bir aləm yaradıb. Pandemiya dövründə yazılmış yaxşı bir hekayədir.
Gülər Mikayılqızı: Elçinin hekayələri şəhər balladasıdır, çox canlı və realistik üslubdadır. Şəhər adamları üçün bu həyat ritmi çox doğmadır. Ümumiyyətlə, Elçin qəhrəmanların hisslərini də ölçülü verməklə şəhər adamının ərkanını önə çıxarır.
Elşən Əzim: Diqqətimi çəkən müharibəyə məhz papaqçının və çörəkçinin oğlunun getməsidir. Market sahibinin oğlu isə Fransaya gedib və ordan məktub yazmaqla öz vətənindən xəbər tutur. Məktub mesajın, skaypın, vatsapın, feysbukun ümumiləşdirilmiş adıdır. Qızın Gülbalaya olan sevgisinin sonluğunun verilməməsi yazıçının oxucunu cəlb etmək üçün işlətdiyi priyomdur. Əsərdəki kənd simvolik məkandır. Bir elin papaqçısı, çörəkçisi, hacısı, xaricə qaçanı və s. olduğu kimi generalı da var. Bu general yaxşı adamdır, sadədir, səmimidir. Bu, müzəffər ordunun komandanlığına müəllif ehtiramının təzahürüdür.
Almaz Bəyazid: Mənə elə gəldi ki, 1970-ci illərlə 2020-ci ilin arasında çaşıb qalmışam. Uyğunlasma yorucudur. Papaq mövzusu ürəyimcə olan mövzudur. Bu, xalqımın qeyrət rəmzidir. Məncə, hekayə janrı özünün yığcamlığı, süjet quruluşu ilə tam fərqli olmalıdır. İllah da ki, müasir texnikaya aludəçilik zamanında.
Elvin Nuri: Elçin Azərbaycan ədəbiyyatının canlı klassikidir!
Etibar Yaqubov: Elçin müəllim İkinci Qarabağ müharibəsi dövrünün sadə bir kəndinin çox da sadə camaatının həyatını ustalıqla təsvir edə bilib. Cəbhədə əsgərlə bir səngərdə olan general kənddə də həmkəndliləri ilə bir yerdədir. Bu, həmin dövrün xalqla ordu, dövlətlə xalq arasındakı birliyinin rəmzidir. Papağın özünün bir obraz kimi verilməsi maraqlı bir aura yaradır. Hekayəni uğurlu hesab edir, müəllifi doğum günü münasibətilə təbrik edirəm.
Bahəddin Salman: Elçin bu hekayəsi ilə sübut edib ki, zamanın tələblərini inkar edir. Axı, hansı dövrdür ki, Parisdən Bakıya məktub yollasınlar, yaxud sevən kəslər bir-biri ilə əlaqə saxlamaq üçün problem yaşasınlar? Əgər təsvir olunan obrazların mobil telefondan istifadə etmək kimi bir çətinliyi, imkansızlığı varsa, mətndə xüsusi qeyd olunmalı idi. İndiki zamanda məktubu məhkəməyə, vergi idarəsinə göndərirlər, ya da bu tipli yerlərdən vətəndaşlar məktubla cavab alırlar. Dəyərli yazıçımıza cansağlığı, yaradıcılıq uğurları arzu edirəm.
Eyvaz Zeynalov: Hekayəni oxuduqca gözümün qabağında gözəl bir Abşeron kəndi canlandı. Bu kənd mehriban, qayğıkeş insanları, dənizi, bağ-bağatları, qayğıları ilə yaddaşıma həkk olundu. Onlar adi adamlardı. Hər birinin öz iş-gücü var. Hər biri çalışır ki, başqasının kədərinə şərik olsun. Papaqçı Ağadadaş, Çörəkçi Firuzə xala, “piyanıska” Ələkbər, sevən Nisə, rəfiqəsinə yardımçı olmağa çalışan Səriyyə, Gülbala bir-birinə bənzəməyən, ancaq hamısı saf qəlbli insanlardı. Yeri gəlmişkən, Xalq yazıçımızı qarşıdan gələn ad günü münasibətilə təbrik edirəm.
Sara Selcan: Çox əla yazılıb. Elçinin dil, yaradıcılıq manevrləri… Amma bəzi detallar zəmanəylə ayaqlaşmır. Yəni məktub yazmaq. Nisə ilə Gülbala xəttinin tamamlanmaması əhvalımı korladı.
Murad Süleyman: Elçin müəllimin dəsti-xətti özünəməxsusluğu ilə seçilir. Axıcı və oxunaqlıdır.
Nihat Pir: Bakılı olmasam da, mətn məni həmin havaya sala bildi. Ümumi olaraq, hekayədə yorucu nəsə yoxdur, təhkiyə çox yaxşıdır və süjet adamı hansısa gözlənilməzliyin baş verməsinə hazırlayır. Amma qeyri-adi nəsə olmur, hətta mən bunu hekayədən daha çox Bakının hansısa bir kəndindən reportaj kimi qiymətləndirirəm.
Sona İsmayılova: Hekayədə insan və cəmiyyət üçün maraq doğuran, lakin hərfən və mahiyyətcə fərqli ideyalar bərqərardır. Bu da oxucuda mənəvi, emosional qabiliyyətin artmasına zəmin yaradır. Burada insanın taleyi özünə tabe etmək və yaxud dəyişdirə bilmək ideyası var.
Varis Yolçuyev: Nəsrimizin canlı klassiklərindən olan Elçinin “Ağadadaşın kişi sözü” hekayəsini maraqla oxudum, Bakı kəndlərindən birində yaşayan, müharibəyə getmiş oğlunun sağ-salamat qayıdacağı təqdirdə hamıya pulsuz papaq tikməyi əhd eləyən papaqçı Ağadadaş dərhal mənim yadıma Elçinin başqa bir qəhrəmanını – eynən Bakı kəndlərindən birində yaşayan, kepka tikməsə də, başına kepka qoyan, adı da Ağadadaşla həmqafiyə olan Baladadaşı saldı. Elçin Bakı kəndlərinin koloritini gözəl əks etdirir, eyni zamanda, sadə insanların timsalında nəcibliyi, düzgünlüyü, sözübütövlüyü oxucusuna təlqin eləyir. Qəhrəmanların müasir mobil rabitə mesajlaşması dövründə kağız məktublar yazmaları detallı hekayənin gücünü azalda bilməyib. Fürsətdən istifadə edib görkəmli ədibimizi doğum günü münasibəti ilə də təbrik edirəm. Mifik 77 rəqəmi qoy ona düşərli olsun!
Vaqif Yusifli: Elçin çoxcəhətli yaradicılığa malik bir sənətkardir. Bir romançı, povestlər müəllifi, dramaturq, publisist və tənqidçi kimi onun ədəbiyyatımıza bəxş etdiyi töhfələr çoxdur. Hekayə ustası kimi də Elçin orijinal və bənzərsizdir. O, özünün hekayələri ilə “kiçik” janrın, əslində, roman və povest qədər əhəmiyyətli olduğunu sübut etdi. Onun “Ağadadaşın kişi sözü” hekayəsi bu uğurlu nümunələrdən biridir. Bu hekayədə canlı həyat var, Bakı kəndlərinin koloriti var, maraqlı obrazlar var və nəhayət, Elçinə məxsus bədii təsvir ustalığı var. Bir də yaşadığımız bu günlərin həyəcanları var.
Müstəqil.Az