Bakıda tikinti şirkətlərindən biri olan Eyfel MMC-nin Nigar Mahmudova və digər şəxslərə qarşı şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Apelyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə baş tutan prosesdə tikinti şirkətinin apelyasiya şikayəti araşdırılıb. İddia ərizəsinə görə, Eyfel MMC Nigar Mahmudova və digər iki nəfəri məhkəməyə verib.
Yasamal rayon Məhkəməsinə müraciət edən tikinti şirkəti müqavilələrin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması və işgüzar nüfuzu ləkələyən məlumatların təkzib olunması tələblərini irəli sürüb.
Məhkəmə iddiaları təmin etməyib. Qətnamədən narazı qalan Eyfel MMC apelyasiya şikayəti verib. Şirkətin şikayət araşdırılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə təqdim edilib.
Hakim Məmməd Məmmədovun sədrlik etdiyi kollegiyanın çıxardığı qərara görə, Eyfel MMC-nin apelyasiya şikayəti təmin edilib və Yasamal rayon Məhkəməsinin Nigar Mahmudovanın xeyrinə çıxardığı qətnaməni ləğv edib. Xatırladaq ki, Nigar Mahmudova keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızıdır.
Məlumata görə, Eyfel MMC-nin rəhbəri Yavər Qurbanovdur. O, şirkəti vaxtilə “MTN işi”nə görə axtarışda olan “Akula Akif“ ləqəbi ilə tanınan Akif Mustafayevlə birgə təsis edib.
Daha sonra Yavər Qurbanov dələduzluqda təqsirli bilinərək həbs edilib. Amma sonradan o, şərti cəza alaraq azadlığa buraxılıb.