Elektrik yuvasına qoşulu olan mobil telefon gəncin həyatına son qoydu

Tailandın Çonburi şəhərində mobil telefonla oynayan gənc oğlan elektrik cərəyanının vurması nəticəsində vəfat edib.
“Daily Mail” dərgisinin məlumatına əsasən, bədbəxt hadisə baş verən zaman mobil telefon elektrik yuvasına qoşulmuş vəziyyətdə olub.
28 yaşlı Kittisak Munkitti öz otağına çəkilərək smartfonla oynayıb. Evin səliqəsi ilə məşğul olan ana bir neçə dəfə oğlunu köməyə səsləsə də, K.Munkitti onun çağırışlarına cavab verməyib. İşə getməyə hazırlaşan ana oğlunun otağına daxil olub.
Övladını qışqıraraq çağıran ana hər hansı reaksiya görməyəndən sonra narahat olmağa başlayıb və oğlunun əlində yanıqlar aşkar etdikdən dərhal sonra təcili tibbi yardıma və polisə zəng edib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ölüm faktını qeydə alıblar. İlkin araşdırmalar nəticəsində oğlanın ölümünə səbəb kimi cərəyan vurulması göstərilir. Dəqiq müayinə üçün meyit müvafiq orqanlara təhvil verilib.
Share: