Xəbər verdiyimiz kimi, bu gün Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hücum təşkil edib. Bunun ardınca İsrail ordusu “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib.
Bəs sözügedən HƏMAS hərəkatı nədir?
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, HƏMAS 1920-ci ilin sonlarında Misirdə yaranmış sözdə islamçı bir təşkilatdır.
“Həmas” sözünün özü “Harakat Al-Muqawama Al-Islamia” – ərəbcə İslami Müqavimət Hərəkatı ifadəsinin abreviaturasıdır. 2007-ci ildə Qəzzada hakimiyyəti ələ keçirdikdən sonra İsraillə bir neçə müharibə aparıb. Fələstinlilərin də yaşadığı Qəzza zolağına nəzarət edir.
Qəzza zolağı isə İsrail, Misir və Aralıq dənizi arasında uzunluğu 41 km (25 mil) və eni 10 km olan ərazidir. Burada təxminən 1,6 milyon insan yaşayır və dünyada ən yüksək əhali sıxlığına malikdir.
HƏMAS əksər Fələstin fraksiyaları və siyasi partiyaları kimi, İsrailin işğalçı dövlət olduğunu iddia edir. Qrupun üzvləri Fələstin ərazilərini azad etməyə çalışdıqlarını deyərək İsraili qeyri-qanuni dövlət hesab edirlər.
HƏMAS illərdir ki İsrailə qarşı bir çox hücumları öz üzərinə götürüb və buna görə də ABŞ, Avropa Birliyi və İsrail tərəfindən terror təşkilatı kimi tanınıb.
Qeyd edək ki, HƏMAS-ın münaqişə zamanı mülki əhaliyə xüsusi qəddarlıq göstərdiyi görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdən də məlum olur ki, onlar öldürülən hər israillini maşınlarla küçələrdə gəzdirərək təhqir edirlər. Hazırda raket zərbələri nəticəsində 250 israilli həlak olub, 1200-ə yaxın adam ağır yaralanıb.