Elman Eldaroğluna adgünü qutlaması

Elman Eldaroğluna adgünü qutlaması

Həyat, bir yolçu üçün yol nəğməsi, bir yaradıcı üçün isə zəmanə aynasıdır. Bu aynada kiminsə izi solmasın deyə, kiminsə adı itməsin deyə, hər birinin əziz anlarını zəka-qələm birliyiylə anıya çevirən Elman Eldaroğlunun adgünüdür. Elman bəy, bu gün, Siz, ömür yolunun daha bir addamacından keçirsiniz. Xeyirli-uğurlu olsun!

 

Siz, Elman bəy, tanıdığınız-tanımadığınız onlarla aydının həyatını (sanki) bir rəsm əsəri kimi görür, onun cizgilərini məhəbbət və diqqətlə sözlərdə yaşadırsınız. Hər adgünü yazınız, yalnız yığcam tarixçələr deyil, həm də, bir insanın mahiyyətinə poetik pəncərədir. Siz, yalnız qutlamırsınız, həm də insan ömrünün dərin anlamlarını işıqlandırır, zamanın axarını bir anlıq tutub, gözəllik yaratmağı bacarırsınız.

İndi isə Sizin ilhamverici gələnəyinizə uyğun olaraq, biz də Sizin yaradıcılığınıza və insani keyfiyyətlərinizə öz dost, həmkar sayğımızı yetirmək istəyirik, əfəndim. Sizin duyğu-düşüncələriniz, fikirləriniz, ədəbiyyata, kültürə, biliyə, bilgiyə töhfələriniz oxucunuz, həmkarınız üçün dəyərlidir. Siz həm yaradıcı fəaliyyətinizlə, həm də səmimiyyətinizlə çevrənizdəki insanlara ilham verməyə davam edirsiniz.

Siz diqqətcil, qayğıkeş aydın olaraq, hər kəsə öz doğma münasibətinizi, poetik yanaşmanızı və dəyərli sözlərinizi təqdim etməklə, adgünlərini daha da anlamlı qılırsınız. Yazılarınızda adgünü yiyələrinin həyat və fəaliyyətlərinin ən önəmli məqamlarını bənzərsiz vurğularla işıqlandırırsınız. Bəlkə də bu işdə, Sizin doğulub, boya-başa çatdığınız el-obanın da özgü payı vardır: el-obasının adı Yardımlı, özləm dolu baxış yeri Savalan, Ərdəbil olan yaradıcı insan bəs necə olmalı, nə təhər yazmalıdır?.. Üstəlik, öz adın ELman, ata adın ELdar ola!..

Sizin “həyat rəsmi”nizə bir neçə rəng qatmaq yaxud mövcud rəngləri təsbit və tərənnüm edəsi olsaq, ən azı bu üç məqamı vurğulamalıyq:
— Sizin qayğıkeş münasibətiniz insanlara ümid və sevinc bəxş edir;
— Yaradıcılığınız, ədəbiyyatın, kültürün ruhunun daim yeni zirvələrə daşınma haqqı olduğunu aşılayır;
— Dəyərlərə dəyər qatamağınız, vəfadarlığınız dostlar, həmkarlar üçün örnəkdir.

Ömür yolunuzda əliniz çatıb, ününüz yetən zirvələr, yeni uğurlar, yeni nəğmələr və ən uyumlu rənglər olsun, əfəndim! Həyatınızın hər anı bir sənət əsəri kimi incə, anlamlı və dəyərli qalsın!

Qoy bu yeni il, yeni yaş Sizin üçün yeni uğurların və sevinc dolu anların başlanğıcı olsun!

Adgününüzü bir daha qutlayır,
Sizə möhkəm cansağlığı, yeni
yaradıcılıq uğurları diləyirəm!

Sayğılarla,
Əkbər QOŞALI

Share: