ELMAN TOVUZUN 60 İLLİK YUBİLEYİNƏ… – Adilə Nəzər yazır

ELMAN TOVUZUN 60 İLLİK YUBİLEYİNƏ… – Adilə Nəzər yazır

 

 

Mənə görə şeirlərin məzmunu haqqında müzakirə açmaq olar, amma mənasına görə şeirləri təhlil etməyin qəti əleyhinəyəm. Şeir bir dəstə güldür, bir ovuc qar dənəsidir, bir əlçim buluddur, bir çətirlik yağışdır. Hansını ayırmaq olar ki, hansını ayrılıqda olduğu kimi saxlamaq olar ki? Şeiri təhlil etmək bir nurlu yaz gecəsi ulduzların düzülüşünü pozmaq, yenicə pərvazlanan bir quşun ətinin dadına baxmaq üçün onu öldürmək niyyətinə düşmək kimidir. Şeir ruhdan süzülən səsin fikirdə sözlə qovuşmasıdır, vüsaldan yaranan rəngdir. Təhlil bu möhtəşəmliyin alqoritmini pozmaqdır. O səsi, sözü və rəngi sadəcə duymaq lazımdır, orada məna və məntiq axtarmaq o gözəlliyin arxa plana atılmasıdır.

Hələ bir də bu şeirlər Elman Tovuz şeirləri olarsa…

Ona görə də Elman Tovuzun şeirlərini təhlil etmək fikrindən uzağam, sadəcə şeirlərin mövzusundan və şairin dostluğundan bir neçə kəlmə bəhs edəcəyəm.

Məna yükü qədər də qəlibi ölçülü və möhkəmdir şeirlərinin. Hər bir misrası üçün ürəklə quyu qazır, söz əkir, məna yetişdirir, şeirin məzmununun haqqını verir.

Elman Tovuzun özü də şeirləri kimi ölçülü-biçilidir, dostluğu fikirləri kimi möhkəmdir. Bəlkə də biz onunla fikirlərimizin və duyğularımızın yürüşü ilə dostluq körpüsünü çoxdan keçmişik. Bəzən də düşünürəm ki, bizim tale və ruh oxşarlığımız şeirlərimizə köçən ney səsidir, bənövşə rəngidir. Kim bilir, bəlkə də Tanrı bizə bəzi məhrumiyyətlər yazaraq, şair taleyi yaşamağı uyğun bilib. Bəlkə bundandır ki, yazdıqlarımızın çoxu həyatımızın rəngini və şəklini əks etdirir.

Elman Tovuzun feysbukdakı paylaşımlarından əhvalının nə yerdə olduğunu bilirəm. Bir neçə dəfə şeirini oxuyub, eyni əhvalla onu anladacaq bir bəndlik şeirlər də yazmışam, amma ürək edib özünə göndərməmişəm. İndi də yazmağa ürək etmirəm əslində, amma… o gün yenə bir status yazmışdı. Halını təsvir etdim:

İlhamı gəlibdir qonaq adına,-

Şeir yağış səsi, söz qız ədası.

Ya da ki, hardansa düşüb yadına

Ayaq səslərinin əks-sədası.

 

Pandemiyadan öncə bir görüşümüzdə yayda arabir balıq tutmağa getdiyini deyirdi. Sahildə baş verən epizodik hekayələrdən və həmin hekayələrdən yaranan şeirlərini oxumuşdu dostlara. Şairin balıq tutmağa balıq tutmaq üçün getmədiyi məlumdur… Yenə onu dinləyərkən bir bənd yazmışdım fikrimdə:

Arabir sahili məkan da seçər,

Tökmək istəyəndə acılarnı.

Orada özünü adlayıb keçər,

Darar dalğaların ağ saçlarını…

 

Elman Tovuz haqqında çox danışa bilərəm, hesab edin ki, danışdım da, yazdım da…

Dəyərli şairi, əziz dostu 60 illik yubileyinə həsr etdiyim şeirlə təbrik edirəm!

 

Mənəm-mənəm deyənlərin bircə-bircə hamısı,

Bu dünynın ələyindən gəldi, keçdi, ələndi.

Sözə könül qoyanların əvvəlindən taleyi,

Nə edək ki, ağrı, nisgil, həsrət, qüssə, ələmdi.

 

Şükr, hələ qəlbimizdə neçə odlu dilək var,

Səsimizi eldən-elə yayıb gedən külək var,

Olmayandan zərər yoxdu, əsas odur ürək var,

Ürək varsa həyat vardır, daha bu qəm nə qəmdi?!

 

Ah tutubdur göy üzünü bulud-bulud, yüz əlçim,

Boşluğuna yaş tökərmiş ömür böyu göz əlçün..

Xatirəndə, xəyalında çox sevdiyin gözəlçün

Yaxşı düşün, Eşq yolunda yaxşılıq da sələmdi.

 

Demə şair, qismət zərdi, mən də “du-bir” atmışam,

Mən də sən tək… bəxt paylanıb, bilməmişəm yatmışam.

Gələn gəldi, gedən getdi, ömür yetdi altmışa,

Bundan sonra nə gələcək, bizə qalan qələmdi.

 

ADİLƏ NƏZƏR

 

Müstəqil.Az

Share: