” Elnaz ” – (Hekayə) İlahə Safarzadə

” Elnaz ” – (Hekayə) İlahə Safarzadə

Yuxudan gözlərini ovuşdura-ovuşdura əzgin şəkildə qalxıb saata baxdı. Gözlüksüz olduğundan bütün diqqətini divara yönəltsə də, qarışıq rəqəmlər içərisində əqrəblərin hərəkətini belə sezə bilmədi. Başında şiddətli ağrı hiss etdi.
Deyəsən, hələ səhərin erkən saatları idi. Pəncərədən içəri düşən səhərin sırtıq gün işığı israrla onun üzünə dəyib gözlərini qamaşdırırdı. Üzünü əks tərəfə çevirdi ki, Günəşi görməsin. Lakin indi də güclü küləyin pəncərəyə çırpdığı ağac budaqlarının səsini eşidirdi.

Bir müddət hərəkətsiz qaldı. Küləyin pəncərəyə çırpdığı budaqların çıxartdığı səs qapı arasından sıyrılıb keçən havanın səsilə birləşərək ürküdücü ahəng yaradırdı. Bir anlıq şüuru donuqlaşdı, vahiməli səslərin birləşməsindən yaranan qırıq sözlərin beynində hərəkətə gətirdiyi qorxunc həqiqətləri eşitməmək üçün qulaqlarını bərk-bərk tutub dişini dişinə sıxdı. Ona elə gəldi ki, ətrafdakı hər şey – ağac da, qapı da, hava da, budaq da canlıdır və həqiqəti hayqırmaqla vəzifələndiriliblər. Doğrular pis, gərgin və iyrəncdir, onları bilmək məcburiyyətində deyildi əsla. Axmaq budaqlar! Axı onların nəyinə lazımdır başqa birinə nəyisə deməyə çalışmaq?
Bir azdan həkim gəlib bu gün özünü necə hiss etməsi barədə qayğıyla suallar verəcəkdi. Gözləri yaşıl, şabalıdı saçlı bu həkim xanım onun çox xoşuna gəlirdi. Kaş onun oğlu da bu cür gözəl qadınla evlənərdi. Amma o hələ əsgərlikdədir. Gələcək, işləyəcək, gözəl bir xanımla evlənəcək, uşaqları olacaq… Barmağındakı üzüyə baxdı. Bunu ona qayınanası toy günü bağışlamışdı. O da öz gəlininə hədiyyə edəcəkdi. Xəyallarında özünü çox xoşbəxt hiss elədi.
Yatağın yanında qoyulmuş güzgüdə əksinə baxdı. Oğlunun artıq 21 yaşı olmasına baxmayaraq, əlləri ilə onun yanaqlarından tutub öpməsini, iri qəhvəyi gözlərinə sevgi ilə baxmasını və hər dəfə öz qırışmış üzünün oğlunun simasında bu cür heyranlıq doğurduğunu minnətdarlıq hissi ilə düşündü.
Məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra universitetə daxil olmuş, öz xarakteri, savadı ilə müəllimlərin və digər tələbələrin hörmətini qazanmışdı. Keçən yay yola salmışdılar onu əsgərliyə. Barmaqları ilə ayları saydı. İndi mart ayıdırsa, deməli, artıq üç ay qalıb geri dönməsinə. “Son üç ay…” – pıçıltı ilə təkrarladı. Ona elə gəldi ki, əgər göylərin, ümumiyyətlə, bu kainatın bir sahibi, daha doğrusu, idarə edən bir qüvvə var idisə, ona eşitdirmək istəyirdi bu geriyə qalan zamanı. Ona bildirmək istəyirdi ki, oğlunu qoruması üçün verilən son üç ayı da yaxşı dəyərləndirsin. Gözünü əsla onun üzərindən çəkməsin. Hər an, hər saniyə ona yaxınlaşan ən cüzi təhlükəni də öncədən bilib dəf etsin. Axı hər zaman ona elə gəlmişdi ki, Tanrı adlanan bu idarəedici qüvvə insanların başına gələ biləcək hər təhlükədən xəbərdardır.
Onun düşüncəsinə görə ən dəhşətli hiss gözləmək idi. Bir neçə il əvvəl həyat yoldaşını zəhrimara qalmış o xəstəlikdən itirmişdi. Həkimlər ona bu azardan yaxa qurtara bilməyəcəyini, sadəcə vaxtı gözləməli olduğunu demişdilər. Hələ o zamandan nifrət etmişdi gözləməyə. Gözləyən adam gözlədiyi hər şey qarşısında aciz qalır, çarəsiz bir şəkildə o tərəfə təslim olur. Həyatda əldə etdiyi ən bərbad təcrübələrdən biri bu olmuşdu. Bu xatirə ona böyük bir işgəncə verdiyi üçün çalışdı ki, artıq barəsində düşünməsin.
Həyat yoldaşının vəfatından sonra oğlu ilə tək yaşayırdı. Çoxdandır xəstəxanada olduğu üçün işlədiyi məktəbə də gedib-gəlmirdi. Səbəbini bilmirdi, amma bu xəstəxanada idi. Ola bilsin ki, bu onun güclü baş ağrılarına görə idi. Hə, yəqin ki, səbəb bu idi. Başqa nə ola bilərdi ki? Axı onun heç bir ciddi xəstəliyi yox idi…
Arxası üstə uzanıb gözlərini tavana dikdi. Bura gəlməmişdən öncə nə yaşamışdı, heç nə xatırlamırdı. Sadəcə qarışıq kadrlar vardı gözünün önündə. Həmin kadrlar acılı filmin müxtəlif üzücü səhnələri kimi bir-bir gözünün önündən keçdi.
Qonşusu Elnazın evində yas idi. Onun… udqunarkən boğazındakı səsi və ürəyinin damarlara qan ötürərkən necə bir əmək sərf etdiyini, çırpıntı səslərini eşitdi. Elnazın oğlu şəhid olmuşdu. Durmadan, dayanmadan, usanmadan… ağlayırdı. Heç kim onu dindirə bilmirdi. Oğlunun bayrağa bürünmüş cəsədini qucaqlayıb heykəl kimi yanında qalmışdı. Onu oğlundan ayırmaq üçün əziyyət çəkməli oldular. Yoldaşı da yox idi, başqa kimsəsi qalmamışdı. Yazıq Elnaz!.. İndi tək başına nə edəcəkdi, görəsən? Gözləri dolsa da, onu kövrək göstərməyə çalışan axmaq gözyaşını tez sildi ki, axıb neybətlik eləməsin. Axı onun da oğlu əsgərlikdədir! Mütləq geri dönəcək. Üstəlik sapsağlam! Hə, bax, belə yaxşı şeylər düşünməlidir. Onda baş ağrıları da azalar, buradan da tez çıxar, yəqin ki.
Tezliklə gedib oğlunun gəlişi üçün hazırlıq görməlidir axı. Kompotlar, mürəbbələr hazırlamalıdır. Üstəlik, hamısı onun ən sevdiklərindən olmalıdır. Dayan görək! O hansı meyvəni ən çox sevirdi? Hə, əncir və zoğalı. Ən çox onlardan hazırlayacaqdı. Qoy ürəyi nə qədər istəyirsə, yesin ağıllı balası, körpə balası! “Körpə” sözünə ürəyində güldü. Oğlu həmişə bu sözdən qıcıqlanardı:
– Ana, bəsdir də. Deməmişəm, mənə bir də belə demə?! Day böyümüşəm e mən.
Oğlunun xəyalı o qədər həqiqi göründü ki gözünə, yalançı təsəvvürün gücü ilə bir an ona elə gəldi ki, oğlu buradadır. Otağa diqqətlə göz gəzdirdi. Qaranlıq görkəmli məhzun divarlar, otağa qoyulmuş balaca stol, yanında nisbətən köhnəlmiş kətil və stolun üstündəki kitabdan başqa heç nə görmədi…
Başağrısı şiddətlənməyə başlamışdı. Axı bu həkim harada qaldı? Gərək Elnaz barədə düşünməzdi. O qadının ağrısını sanki ürəyi, beyniylə hiss etdi. Yəqin, ona görə başının ağrısı bir az da şiddətləndi. Elnaza görə ürəyini ağrıtmağa son versə, yaxşıydı. Ümumiyyətlə, ən yaxşısı onun barəsində düşünməsin. Tanrı yazan qismətdir, Elnazın da bəxti belə olmuşdu. Nə etmək olar ki? Nə qədər düşünüb ürəyini ağrıtsa da, Elnazın oğlu geri dönməyəcəkdi artıq. O, əbədiyyətə qovuşmuşdu. Bayaq gözünün yaşını saxlaya bilmişdi, amma indi zəhlətökən gözyaşı bir anda yanağından süzüldü.
– Vətən sağ olsun. – pıçıltı ilə öz-özünə dedi.
Yenə oğlu barədə düşündü. Oğlu qayıdıb layiqli yerlərdə işləyəcəkdi. Hələ evlənib onu nənə də edəcəkdi. Nənə olmaq necə duyğu idi, görəsən? Yanında dayanıb ondan nağıl danışması üçün gözləyən balaca, məsum körpələri fikirləşmək eynini açdı. Həyat necə də gözəldir!
Birdən qapı açıldı, səliqəli geyinmiş gözəl həkim üzünə mehriban gülüş qonduraraq kətili çəkib onun yatağına yaxın oturdu.
– Necəsiniz, Elnaz xanım? Özünüzü necə hiss edirsiniz bu gün? – həkim indi onun gözünə çox qəddar cəlladlar kimi göründü. Ürəyində ona acıqlandı. Nəyə görə ona qonşusunun adı ilə müraciət edirdi?! Axı niyə o anlamırdı ki, Elnazın oğlu artıq həyatda yoxdur, onun isə oğlu yaşayır?! O tezliklə evinə geri dönüb anasını sevindirəcək. Həkim isə hər gün ona “Elnaz” deyə müraciət etməkdə israrçı idi.
Bir anda bayaqkı ümid dolu hisslərindən əsər-əlamət qalmadı. Sanki nazik bir ipin üstündə yıxılmamaq üçün çox ehtiyatla gəzirdi. Gözləmədiyi halda Elnazın adını eşitmək onu sürətlə kədər uçurumuna yuvarladı. Hər gün etdiyi kimi yenə həkimin sualını cavabsız qoyub kədərli gözlərini saat asılmış divara dikdi…
Saatın neçə olduğunu isə görmürdü…

İlahə Səfərzadə 

Müstəqil.az

Share: