III hissə
BƏSTİ nənə
Qaynım Xalid Novruzov da 28 sentyabrda cəbhəyə aparıldı.
Getdiyi gündən evlə əlaqə saxlayırdı.
Oktyabrın 15-dən sonra zəngləri kəsildi. Hər gün zəng vuran Xaliddən səs-soraq çıxmadı. Həm bizim evdə, həm də qayınanamgildə narahatlıq başladı. Nə gizlədim, onun döyüşlərdə həlak olduğunu düşünürdüm. Bu düşüncəmin nədən yarandığını da bilmirəm. Bildiyim tək şey həmin günlərdə rayonumuza hər gün ən azı iki şəhidin gətirilməsi idi.
Oktyabr ayının 25-də, səhər saat 09:00-da Müdafiə Nazirliyinin qaynar xəttinə zəng vurdum. Xalidin adını, soyadını, olduğu istiqaməti deyib haqqında məlumat vermələrini xahiş etdim. Məndən ilk soruşduqları “Xalidin nəyisiniz?”- sualı oldu. Həmin an həm yoldaşım, həm də övladlarım yanımda idi, telefondakı səsi eşidirdilər.
Nazirlik bir az ürək-dirək verib hər şeyin yaxşı olacağını, Xalidin yerini, vəziyyətini dəqiqləşdirib günorta saatlarında evlə əlaqə saxlamağa çalışacaqlarına söz verdi.
İlk verdikləri sualdan isə çox pis olmuşduq.
****
Mən balama nə deyərəm?!
Bəsti xala – Xalidin ana nənəsi Xalid müharibəyə çağırıldığı saatlardan səhərəcən yata bilməmişdi. Sanki müharibənin başlamasında günahkar o idi. Qızı, yəni Xalidin anası üç övladını körpə yaşlarında itirmişdi deyə balasının yenidən övlad itkisinə dözə bilməzdi. Səhərəcən “Xalidə bir şey olsa, balama nə deyərəm?”- deyib ağlamışdı.
Səhəri gün Bəsti xala həm rayonumuz, həm də kəndimizin ilk şəhidi Murad Babayevin yas mərasiminə gəldi. Orada halı pisləşdi, evinə qayıda bilmədi. Elə yoldaca dünyasını dəyişdi.
****
Nazirlik söz verdiyi kimi – günorta saatlarında Xalidin evə zəng vurmasını təmin etdi. O saatlarda ki, Qubadlı işğaldan azad edilirdi.
Xalid üzbəüz döyüşlərdə olduğu üçün zəng vura bilmədiyini dedi.
****
Müharibə ac canavar kimi 44 gün ətrafımızda dolandı. İstəyinə çatmaq – qarnını doyurmaq üçün həm ön, həm də arxa cəbhədəki əzizlərimizi əlimizdən aldı.
****
Xalid Novruzov da digər oğullarımız kimi qəhrəmanlıqlar göstərdi; Cəbrayılın, Qubadlının azad edilməsi medallarıyla qayıtdı.
Amma hər gün dizləri üstə başını qoyduğu Bəsti nənəni bir daha görə bilmədi.