Gənc yazıçı Elnur Nəhmətin “Mən, atam və müharibə” kitabının təqdimat mərasimi olub.
Müstəqil.Az xəbər verir ki, təqdimat noyabr ayının 12-də “Qanun” nəşriyyatının iclas zalında keçirilib.
Baş tutan təqdimat mərasimində ədəbiyyatımızın müxtəlif nəsl yaradıcıları, mədəniyyət nümayəndələri, müəllifin yazıçı müəllim və yazıçı və şair dostları, oxucuları və şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən tanınmış yazıçı Faiq Balabəyli təqdimat mərasimini açıq elan edib. O, qonaqları salamlayaraq hər kəsə öz təşəkkürünü bildirib. Natiq eyni zamanda müəllifin yeni işıq üzü görən kitabı barədə oxucuları məlumatlandırıb. Qeyd edib ki, kitabda sevgi hekayələri, maraqlı xatirələr və cəbhə gündəliklərindən bəhs olunur:
“Elnur yazıçı keyfiyyətinə, yazdıqlarının məziyyətlərinə görə tanınan, oxucuları tərəfindən sevilən, yaddaşlarda qalan imza sahibidir. Ciddi ədəbi nümunələri ilə seçilməyi bacarıb. Az yazır, demək olmaz, hər bir hekayəsi, essesi illərin müşahidəsi, yaşantısıdır. Əsərlərində, hekayətlərində, esselırində ilk oxunaqda bir mülayimlik, həzinlik hiss olunsa da seçdiyi mövzuların rəngarəngliyi, aktuallığı, xatirələrin ilqlığı, müharibənin barıt nəfəsli qoxusu və sair yazıçının ən ağır mövzulardan çəkinmədiyini oxucuya diqtə edə bilir. Başq cür desək, hekayələrdə, esselərdə bəhs olunan mətləblər çox böyük bir düşüncə tərzinin məhsulu olmasıyla da böyük bir mətləblərdən xəbər verir. Nə yazıbsa, içindən keçirdiklrəi, başqa cür desək, yaşadıqları olub”
Təqdimat mərasimində şairlər Mirbağır Bünyatlı, Cahandar Aybər, Bəhruz Xəlil, Aida Adıgözəl, Turac Hilal, çıxış ediblər.
Mərasimdə qeyd edilib ki, E.Nəhmət uzun illərdir həm pedoqoji, həm də ədəbi fəaliyyətlə məşğuldur. Bildirilib ki, müəllifin ədəbi yaradıcılığa olan həvəsi hələ gənc yaşlarında ikən onu məhz filologiya və ədəbiyyat sahəsi üzrə təhsil almasına, bu incə sənətin sirrlərinə yiyələnməsinə və sırf bu sahə üzrə ixtisaslaşmasına gətirib çıxarıb. Hazırda pedoqoji fəaliyyətlə məşğul olan E.Nəhmətin bədii yaradıcılığını da davam etdirdiyi qeyd edilib.
Onun eyni zamanda digər tanınmış şair və yazıçıların bir çox bədii əsərlərinin, hekayələrinin və şeirlər toplusunun redaktoru olduğu da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbir çıxışlarla davam etdirilib.
Qeyd edək ki, Nəhmətov Elnur Yadulla oğlu1981-ci il Cəlilabad rayonu Sabirabad kəndində anadan olub. O,15 ildir H.Tağıyev adına Sabirabad kənd 2 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. “Mən, atam və müharibə” müəllifin sayca ikinci kitabıdır. O, daha əvvəl yazıçı Faiq Balabəyli ilə birgə “Onlar qəhrəmandır” adlı ilk müştərək kitabı ərsəyə gətirib.
Müstəqil.Az