Lerik rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkətlərdə ittiham olunan 1994-cü il təvəllüdlü Elnur Məmmədovun məhkəməsi yekunlaşıb.
Lerik şəhər sakini Elnur Məmmədov 2018-ci il may ayının əvvəlində gecə saat 1-2 radələrində onunla qonşuluqla yaşayan 2004-cü il təvəllüdlü Lalə Babayevanın (cinayət işində zərərçəkmişlərin ad və soyadları şərti verilib – red.) valideynləri ilə yaşadığı evdə 2007-ci il təvəllüdlü bacısı Tamara, 2010-cu il təvəllüdlü bacısı Səbinə və qardaşı Bahadurla birlikdə yatdığı otağın pəncərəsinin önünə gəlib.
Pəncərəni döyüb, qızı yuxudan oyatdı
Elnur Məmmədov pəncərəni döyüb, Lalə Babayevanı yuxudan oyadıb. O, əli ilə işarə edərək Lalənin evin həyətinə çağırıb. Lalə əynində şortik və gecə köynəyi ilə yataqdan durub, onunla bir otaqda yatan qardaş-bacılarına və qonşu otaqda olan ata-anasına hiss etdirmədən evin giriş qapısından bayıra çıxaraq həyətdə onu gözləyən Elnur Məmmədovun yanına gəlib, ondan nə istədiyini soruşub.
Elnur Məmmədov Laləyə ona qarşı hissləri olduğunu deyib, onunla öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqəyə girməklə seksual xarakterli hərəkətlər edib. Cinsi əlaqədə olandan sonra Lalə eyni qayda ilə evə qayıdaraq yatdığı otağa gedib.
Bir həftə sonra Elnur Məmmədov gecə saatlarında yenidən Lalə Babayevanın yaşadığı evin həyətinə, onun qardaş-bacıları ilə yatdığı otağın pəncərəsinin önünə gəlib. Pəncərəni döyüb, Laləni yuxudan oyadaraq yenidən evin həyətinə çağırıb. Lalə Babayeva yenə də heç kəsə hiss etdirmədən yataqdan durub, evdən bayıra çıxaraq həyətdə onu gözləyən Elnur Məmmədovun yanına gəlib.
Elnur Məmmədov onunla öz razılığı ilə təkrar qeyri-təbii yolla cinsi əlaqəyə girib.
Daha sonra Elnur Məmmədov 2018-ci ilin may ayının axırlarında gecə saatlarında Lalə Babayevanın yaşadığı evin həyətinə gəlib, onun bacısı və qardaşları ilə yatdığı otağına pəncərədən daxil olub. Həmin otaqda yatan qardaş-bacılarına hiss etdirmədən təkrarən yatağında qeyri-təbii yolla cinsi əlaqəyə girməklə seksual xarakterli hərəkətlər edib.
Sərxoş oldu, qızın yatağında yatdı
Sonra Elnur Məmmədov pəncərədən evin həyətinə düşüb. Lalə Babayeva da onun ardınca yatdığı otağın pəncərəsindən düşərək evin həyətində olan Elnur Məmmədovun yanına gəlib.
Elnur Məmmədov yenidən evin həyətində Lalə Babayeva ilə sonuncunun razılığı ilə qeyri-təbii yolla cinsi əlaqəyə girib.
Elnur Məmmədov 2018-ci il iyun ayının 5-dən 6-na keçən gecə, saat 1-2 radələrində sərxoş vəziyyətdə Lalə Babayevanın ailə üzvləri ilə yaşadığı evin həyətinə gəlib. O, pəncərədən Lalə Babayevanın qardaş-bacıları ilə yatdığı otağa daxil olaraq onunla yatdığı çarpayıda qeyri-təbii yolla cinsi əlaqəyə girib.
Daha sonra sərxoş vəziyyətdə olduğundan Lalə Babayevanın çarpayısında yataraq orada qalıb.
Qız ata-anasına xəbər verdi
Lalə Babayeva Elnur Məmmədovun onun çarpayısında yatıb qaldığını, evi tərk etmədiyini görərək çıxılmaz vəziyyətdə qalıb, valideynlərinin yataq otağına gələrək anasına Elnur Məmmədovun onun çarpayısında yataraq qaldığını deyib.
Lalənin atası Adil kişi yuxudan oyanaraq qızının yatdığı otağa gəlib. O, Elnur Məmmədovun sərxoş vəziyyətdə olmaqla qızının çarpayısında yatdığını görüb.
Ata onu qaldırıb evindən həyətə çıxarıb və onunla dalaşıb. Qızın anası Afət Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək bir nəfəri evdə yaxaladıqlarını bildirib.
Polisə təkrar zəng
Bundan sonra Elnur Məmmədovun anası və bacıları Adil kişinin həyətinə gəlib, oğullarını evlərinə aparıblar. Elnurun valideynləri Adil Babayevdən şikayət etməməyi, məsələni özlərinin aydınlaşdırmalarını xahiş etdiklərindən sonuncu polisə zəng edib həyətinə guya mal-qara girdiyini, qonşusu Elnur Məmmədovun mal-qaranı aparmaq üçün gəldiyini bildirib. Beləliklə Elnur Məmmədovun qızın çarpayısında yatdığı gizli saxlanıb.
Ata-ana qızdan Elnur Məmmədovun ona qarşı nə kimi hərəkətlər etdiyini, onunla cinsi əlaqədə olub-olmadığını soruşublar.
Lalə Babayeva baş verənləri, yəni gecə onlar yatdıqları zaman dəfələrlə evdən həyətə çıxaraq Elnur Məmmədovla görüşməsini, həm evin həyətində, həm də yataq otağında dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olmalarını gizli saxlayıb, Elnur Məmmədovun ona qarşı hər hansı qeyri-əxlaqi hərəkətlər etmədiyini bildirib.
Lakin Adil Babayev və Afət Babayeva qızlarının dediklərinə inanmayıb, onu həkim müayəinəsindən keçirmək qərarına gəliblər.
Evlilik razılığı
Bu məqsədlə Adil Babayev 6 iyun 2018-ci il tarixdə Lerik rayon məhkəmə-tibb eksperti Cavid Fətəliyevə zəng etməklə qızı Lalənin qızlıq bəkarətinin pozulub-pozulmamasını müəyyən etmək üçün onu müayinə etməyi xahiş edib.
Cavid Fətəliyev isə prokurorluğun və ya polisin qərarı olmadan qızlıq bəkarətini yoxlaya bilməyəcəyini bildirib.
Lakin Adil qızını Lənkəran şəhərinə gətirməklə həmin vaxt “Buta” tibb mərkəzində olan Cavid Fətəliyevlə görüşüb. Cavid Fətəliyevin xahişi ilə həkim Laləni ulturasəs müayəinəsindən keçirib, onda hər hansı dəyişiklik müəyyən edilməyib.
Amma Adil Elnur Məmmədovun Lalə ilə təbii yolla cinsi əlaqədə olmasından, qızının qızlıq pərdəsinin zədələnməsindən şübhəli qalaraq bu barədə qohumlarına və Elnur Məmmədovun valideynlərinə məlumat verib.
Elnur Məmmədovun valideynləri Lalə Babayevanı valideynləri ilə baş verənləri gizli saxlayıblar, Laləni Elnura ərə vermək barədə razılığa gəliblər.
Sosial şəbəkədə yayılan məlumatlar…
16 iyun 2018-ci il tarixdə Elnur Məmmədovun valideynləri Lalənin yaşadığı evə gələrək onu Elnur Məmmədovla evləndirməyə bir daha razılıq əldə ediblər.
Bu məqsədlə Elnur Məmmədovun valideynləri həmin gun Laləni öz evlərinə aparıblar. Məqsəd Lalənin nikah yaşına çatana kimi öz evlərində saxlamaq, sonra isə onu Elnur Məmmədovla evləndirmək olub.
İyunun 19-dan başlayaraq sosial şəbəkələrdə Lalənin Elnur Məmmədov tərəfindən zorlanması, hamilə qalması barədə məlumatlar yayılıb. Buna baxmayaraq, valideynlər hadisəni gizli saxlamaqla ört-basdır ediblər.
Bu məqsədlə Laləni öz atasının evinə qaytarıblar. Eyni zamanda həmin məlumatları yaymış sosial şəbəkələrə qarşı məhkəmədə mülki qaydada iddia qaldırıblar.
2018-ci ilin avqust ayında məhdud sayda ailə üzvləri və qohumların iştirakları ilə Lalə və Elnurun nişan mərasimi keçirilib. Elnur Məmmədovun valideynləri Lalənin nişan üzüyü gətiriblər.
Evlilik razılığı niyə pozuldu?..
Bundan sonra 10 sentyabr 2018-ci il tarixdə Elnur Məmmədovun valideynləri Laləni yenidən öz evlərinə aparıblar. Həmin vaxtdan etibarən Lalə gələcək gəlin kimi Elman Məmmədovun evində yaşamağa başlayıb.
Lakin Elman Məmmədovun ailəsi Lalənin məktəbə buraxmadığına və onunla pis davrandıqlarına görə ailələr arsında narazılıq yaranıb. Lalənin atası Adil kişi 2 oktyabr 2018-ci il tarixdə Lerik rayon prokurorluğuna qızınını Elnur Məmmədov tərəfindən zorlanması barədə şikayət ərizəsi yazıb.
İstintaq orqanı tərəfindən Elnur Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
“Hər hansı münasibətim olmayıb”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, qeyd edib ki, Lerik şəhərində yaşamaqla Cənub Regional Elektrik Təchizatı Stansiyasında elektrik çilingəri işləyib: “Adil Babayev mənim yaxın qonşumdur, onu və ailə üzvlərini tanıyıram, əvvəllər aramızda düşmənçilik və ziddiyyət olmayıb. Qonşuluqda həmişə mehriban olmuşuq.
Yaşadığımız evlərin həyətini dəmir tordan olan çəpər ayırır, yaşadığım evin həyətindən Adilin yaşadığı evin həyəti görünür. Qonşu kimi Adilin evinə gediş-gəlişim olmayıb. Onun qızı Laləni tanımışam. Lalə ilə hər hansı münasibətim olmayıb”.
“Arvadının polisə məlumat verdiyini dedi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2018-ci ilin iyun ayının 5-dən 6-na keçən gecə saat 2 radələrində təsərrüfalarında olan mal-qaranın qonşu həyətə girdiyini bilib: “Adilin həyətinə gedərək heyvanlarını çıxardığım zaman məni həyətində gördü və aramızda mübahisə yarandı.
Adilin arvadının mənim haqqımda Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzinə məlumat verməsini ertəsi gün bildim”.
“Cinsi əlaqədə olmamışıq…”
Elnur Məmmədov qeyd edib ki, 2018-ci ilin iyun ayının 19-dan başlayaraq müxtəlif saytlarda və kütləvi informasiya vasitələri ilə onun 13 yaşlı Laləni zorlaması və Lalənin dörd aylıq hamilə qalması barədə həqiqətdən uzaq məlumatlar yayılıb: “Bu məlumatlar yayıldıqdan sonra rayon prokurorluğunda müvafiq arşdırma aparıldı, hətta Lalə məhkəmə-tibb ekspertizası müayinəsindən keçirildi. Lalə ilə cinsi əlaqəyə girmə faktı təsdiq olunmadı.
Bundan sonra Adil və atam Elman həmin məlumatları yayanlar haqqında müvafiq qaydada məhkəmədə birgə iddia qaldırdılar. Heç vaxt Laləni zorlamamışam və onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışam.
Lalənin atası Adilin haqqımda rayon prokurorluğuna ərizə yazaraq mənim qızı zorlamağım barədə şikayət etməsinin səbəbini bilmirəm. Lalənin göstərdikləri tam yalan və böhtandır. Heç vaxt Lalənin yataq otağının pəncərəsini döyməmişəm, pəncərədən içəri onun yanına getməmişəm, onunla heç vaxt təbii, yaxud qeyri-təbii yolla cinsi əlaqədə olmamışam”.
“Evimizdə yaşamasından xəbərim olmayıb”
Elnur Məmmədovun sözlərinə görə, əmisi Aydın Adilin həyətinə getməyib: “Lalənin mənimlə nişanlanmasını valideynlərimiz təşkil ediblər. Həmin vaxtlarda işimlə əlaqədər Lənkəran şəhərində olmuşam, Lalə ilə heç vaxt görüşməmişəm. İşimlə əlaqədar Lənkəran şəhərində yaşamışam, Lalənin evimizdə yaşadığını bilməmişəm”.
Elnur Məmmədov qeyd edib ki, Bakı şəhərində müalicə olunub, 14 sentyabr 2018-ci il tarixdə işə çıxıb: “2018-ci ilin oktyabr ayının əvvəlində evimə gəldim. Axşam saatlarında Lalənin bizim evimizdə olduğunu bildim. Səhəri gün atam Laləni Lerik rayon pokurorluğuna izahat vermək üçün apardı. Atam evə gəldikdən sonra Laləni valideynlərinin öz evlərinə apardıqlarını dedi. Həmin faktla bağlı Lerik rayon prokurorluğuna gedərək izahat yazdım”.
“Həyətə gəlir, atamla söhbət edirdi”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Lalə Babayeva bildirib ki, Elnur Məmmədov yaxın qonşularıdır: “Yaşadığımız evin həyətindən Elman Məmmədovun yaşadığı evin həyəti görünür. Elnur yaxın qonşu kimi bəzi hallarda həyətimizə gəlib, atamla söhbət edib.
2018-ci ilin may ayının əvvəlinə kimi Elnurla heç bir əlaqəm olmayıb, heç bir-birimizlə danışmamışıq da. Evimiz birmərtəbəli olmaqla kürsülüdür. Çölə açılan pəncərələr yerdən 15-20 sm hündürlükdədir. Pəncərələrin qoruyucu barmaqlıqları yoxdur.
İki bacım, bir qardaşım ilə bir otaqda yatmışıq, anam və atam isə digər otaqda yatıblar”.
“Mənə qarşı hisləri olduğunu dedi”
Lalə Babayevanın sözlərinə görə, 2018-ci ilin may ayının əvvəlində gecə saat 1-2 radələrində otaqda bacıları və qardaşı ilə yatdığı zaman kiminsə yataq otağının pəncərəsini döydüyünü eşidib:
“Yuxudan oyanıb pəncərəyə tərəf baxdıqda Elnur Məmmədovun bayırda, pəncərəmin qarşısında duraraq mənə baxdığını gördüm. Elnur əli ilə işarə edərək məni çölə çağırdı. Mən də həyətimizdə olan Elnurun yanına getdim. Mənim həyətə çıxdığımı eyni otaqda yatan bacısılarım və qardaşım, həmçinin valideynlərim hiss etmədilər.
Elnurun yanına gedib ondan nə istədiyini soruşdum. Elnur mənə qarşı hisləri olduğunu dedi. Ondan gecənin bu saatında bunumu deməyə gəldiyini soruşdum. Sonra Elnura evə getmək istədiyimi, onun da həyətlərindən çıxıb getməsini söylədim. Elnurdan ayrılıb evə getmək istədiyim zaman qolumdan tutdu. Ona “qolumu burax” dedim, amma buraxmadı”.
“Qışqırsan sənin üçün pis olacaq!”
Lalə Babayeva qeyd edib ki, Elnura hərəkətləri barədə atasına xəbər verəcəyini deyib: “O isə mənə “cürətin varsa, get de, gəlib atanın başını kəsərəm” – bildirdi. Elnurdan qorxaraq ona şillə vurmaq istədim. Lakin qolumu tutub sıxdı, sonra məni arxadan qucaqladı, özünə tərəf çəkdi. Qışqırmaq istədim, Elnur ağzımı əli ilə qapayaraq mənə “qışqırsan sənin üçün pis olar” – söylədi.
Onun əlindən çıxa bilmədim, gücüm çatmadı. Elnur qarnını sıxaraq, şortikimi aşağı çəkərək əynimdən çıxarmaq istədi. Ona imkan vermədim, şortiki yuxarı çəkdim.
Elnura mənə buraxmasını, evə getmək istədiyimi dedim. Elnur mənə “buraxmaram” – dedi. Qışqırmaq istədim, ağzımı əli ilə qapadı. Mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Bədənimdə ağrılar hiss edərək qışqırmaq istədim. Ancaq Elnur ağzımı tutduğuna görə qışqıra bilmədim. Təxminən iki dəqiqə qeyri-təbii yolla mənimlə cinsi əlaqədə oldu. Cinsi əlaqədə olandan sonra şortikimi yuxarı çəkərək Elnura tərəf döndüm, ona şillə vurmaq istədim. Elnur qolumu tutaraq “cürətin varsa, bu barədə kiməsə de, əgər desən, başınızı kəsərəm”, – söylədi.
Elnur evinə getdi. Mən də evə daxil olaraq yataq otağına gəldim. Həmin gecə ağrıdan yata bilmədim. Elnurun mənə qarşı etdiyi hərəkətlər barədə valideynlərimə demək istədim. Lakin Elnurun hədələri yadıma düşdüyünə görə susdum, mənə və ailəmə zərər vuracağından qorxdum”.
“Elnura dedim, get, bir daha gəlmə…”
Lalə Babayeva deyib ki, bu hadisədən təxminən bir həftə sonra, yəni mayın 14-də nənəsinin ölümünün il mərasimindən sonrakı günlərdə, gecə saatlarında yataq otağında bacıları və qardaşı ilə yatdığı zaman yenə otağın pəncərəsinin döyüldüyünü eşidib:
“Yuxudan oyananda Elnurun pəncərənin qabağında dayandığını gördüm. Yenə də mənə işarə edərək həyətə çağırdı. Pəncərəyə yaxınlaşaraq “mən sənə demişdim axı bir də evimizə gəlmə”, – dedim. Elnur “sən nə qədər desən gəlmə, mən yenə gələcəm”, – dedi, məni bayıra çağırdı.
Elnurdan qorxduğuma görə yenə bayıra çıxdım. Onun yanına gedib, boğazından tutaraq sıxdım, “sən kimsən mənə və yaxud valideynimə nəsə edə biləsən” – dedim. Elnurun boğazını buraxaraq evə qayıtmaq istədim. O, çiyinlərimi tutaraq özünə tərəf çəkdi, başımı qoltuğuna salaraq sıxdı. Dedi, sən gördün mən kiməm? Mənə qarşı gəlmə, mən nə desəm, o da olmalıdır.
Sonra əynimdəki şortikimi aşağı çəkdi, mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Elnurun belinə yumruqla vurdum, onu itələdim, həyətdən kənara çıxardım, darvazanı bağladım. Dedim, get, bir daha gəlmə. Bundan sonra yataq otağına getdim. Elnurun mənə qarşı hərəkətlərini görən olmadı, özüm də heç kəsə demədim”.
“Atamla əlbəyaxa oldular”
Lalə Babayevanın ifadəsinə görə, iyun ayının 5-dən 6-na keçən gecə, həmişəki kimi, yataq otağında bacıları və qardaşı ilə yatdığı zaman saat 1-2 radələrində yatağında kiminsə olduğunu hiss edib: “Yuxudan oyandıqda Elnurun yanımda uzandığını, arxadan məni qucaqladığını gördüm. Elnurun əvvəlki kimi pəncərədən evə daxil olduğunu bildim.
Onu itələdim, çarpayıdan yerə düşdü, qalxaraq təkrar yanımda uzandı. Ondan spirtli içki iyi gəlirdi, sərxoş idi. Valideynlərim yatdığı otağa gedərək onları çağırmaq istədim. Elnur məni tutaraq saxladı, üzü üstə uzatdı, arxadan üzərimə çıxdığı üçün tərpənə bilmədim. Mənimlə qeyri-təbii yolla zorla cinsi əlaqəyə girdi. Sonra çarpayıda yuxuya getdi.
Elnurun yatdığını, evdən getməyəcəyini gördüm. Ata-anamın yatdıqları otağa getdim. Ağlaya-ağlaya anamı oyatdım, Elnurun yataq otağına girib, çarpayımda yatdığını dedim. Atam yuxudan oyandı, dərhal yatdığım otağa gəldi. Elnuru otaqdan çıxardı, həyətdə əlbəyaxa oldular”.
“Bu qız bizim gəlin oldu…”
Lalə Babayeva qeyd edib ki, həmin vaxt anası ev telefonu ilə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib: “Həmçinin Elnurun atası Elmanın evinə zəng edərək oğlunun evimizə girdiyini dedi. Elnurun anası və bacıları gəldi, onu həyətdən apardılar.
Elnur evlərinə getdikdən sonra anası zəng etdi, polisin həyətlərinə gəldiyini dedi. Atam mənim biabır olmamağım üçün polisə zəng etdi, qonşunun oğlu Elnurun mallarını aparmaq üçün həyətimizə girdiyini bildirdi.
İyunun 6-da səhər tezdən Elnurun əmisi Aydın evimizə gəldi, atamla söhbət etdi. Aydın evdən gedərkən məni yanına çağırdı, “nə yaxşı qızdır”, – dedi. Sonra dönüb atama “bir daş altda, bir daş üstdə, qızın adını çıxartma, bu qız bizim gəlin oldu”, – dedi, sonra evdən getdi”.
“Məni müayinədən keçirdilər”
Lalə Babayevanın sözlərinə görə, ata-anası ondan Elnur Məmmədovun ona qarşı nə kimi hərəkətlər etdiyini soruşublar: “Elnurla aramızda olanları, onun mənimlə dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olmasını ata-anama bildirmədim. Lakin valideyinlərim dediklərimə inanmadılar.
Həmin gün günortadan sonra atam-anam məni Lənkəran şəhərinə həkimə apardılar. Atam sonradan adını bildiyim Cavid adlı həkimlə danışdı, Lənkəran şəhərində tanımadığım klinikada onunla görüşdük. Məni UZİ müayinəsindən keçirdilər”.
“Bibim məcbur etdi ki, məni evinə aparsın”
Lalə Babayeva qeyd edib ki, həmin gün axşam saatlarında Elnurun atası Elman və anası onlara gəliblər:
“Həmin vaxt xalam və yoldaşı da bizə gəldilər. Valideynlərimlə söhbət etdilər. Hansı mövzuda söhbət etmələrini bilmədim. İyunun 7-də əmilərim və bibim atamın çağırışı ilə Bakı şəhərindən bizə gəldilər. Elman və qardaşı Aydın da gəldi, bir yerdə oturaraq mənim taleyimlə bağlı söhbət etdilər.
Onların danışığında iştirak etmədim. Sonradan mənə məlum oldu ki, bibim Elmanı məni evinə aparmağa məcbur edib. İyunun 7-də axşam saatlarında ailəvi olaraq Bakı şəhərinə, əmilərimin evinə getdik. Bir həftə Bakıda qaldıq. İyunun 14-də Lerikə qayıtdıq”.
“Elnur mənə yaxınlaşmadı”
Zərərçəkmişin ifadəsinə görə, valideynləri də onu Elnura ərə verməyə razılaşıblar: “Həmin gün axşam saatlarında Elman və Kinəvəs bizə gəldi, valideyinlərimin razılığı ilə məni evlərinə apardılar. Altı gün Elmanın evində gəlin kimi yaşadım.
Həmin günlərdə bir-iki dəfə Elnur sərxoş vəziyyətdə otağına daxil olaraq başıma yumruqla vurub, “dur evdə işlə” – dedi. Lakin Elnur mənə yaxınlaşmadı, mənə qarşı hər hansı bir hərəkət etmədi. O cümlədən təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmadı”.
“İş bağlandı”
Lalə Babayeva bildirib ki, onun haqqında sosial şəbəkələrdə məlumatlar yayıldığına görə 22 iyun 2018-ci il tarixdə axşam saatlarında Elman onu atası evinə qaytarıb: “İyunun 23-də rayon prokurorluğuna gedərək izahat verdik. İzahatımda Elnurun mənə qarşı etdiyi hərəkətlər barədə yazmadım. Elnur tərəfindən zorlanmadığımı bildirdim. Prokurorluqda mənə ekspert tərəfindən yoxlanılmalı olduğu bildirildi. Səhəri gün ata-anam, Cavid həkimlə birlikdə onu Masallıya ekspertə gətirdilər. Bundan sonra iş bağlandı”.
Lalə Babayeva qeyd edib ki, 2018-ci ilin avqust ayında Elman, arvadı və yaxın qohumları onlara gəlib, nişan mərasimi keçiriblər: “Nişan mərasimində yaxın qohumlarım iştirak etdilər. Nişan mərasimindən sonrakı günlərdə Elnur həyətimizə gəldi. Bunu valideynlərimə bildirdim. Bundan sonra atam Elmanı çağırdı, məni evlərinə aparmasını dedi.
Sentyabrın 10-da Elmanın evinə qayıtdım, gəlini kimi evində yaşadım. Dərslər başlasa da, Elmangil məni məktəbə göndərmədilər. Məni məktəbə göndərməmələrinə və mənə qarşı münasibətləri pis olduğuna görə atam rayon prokurorluğuna Elnurun mənə qarşı etdiyi hərəkətlər barədə şikayət etdi”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Məmmədova istintaq orqanı tərəfindən verilən maddə dəyidirilib. Elnur Məmmədov Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinib və 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Elnur Məmmədovun Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinməsini, onun cəzasının ağırlaşdırılmasını istəyib.
Həmçinin zərərçəkmiş Lalə Babayeva da apelyasiya şikayəti verib. O da Elnur Məmmədovun barəsində olan cəzanın ağırlaşdırılmasını xahiş edib.
Eyni zamanda Elnur Məmmədovun vəkili də apelyasiya şikayəti verib. Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığını, ona bəraət verilməsini istəyib.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti, zərərçəkmişin və təqsirləndirilən şəxsin vəkilinin isə şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan prokuror kasasiya protesti, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən isə kasasiya şikayəti verilib.
Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baş tutan iclasda kasasiya protesti və şikayəti araşdırılıb, sonda şikayətlərin təmin olunmaması barədə qərar verilib. (teleqraf.com)