“Dünya çempionatında medal sıralamasında ikinci olmaq sıradan bir şey deyil”.
Bunu “Report”a açıqlamasında gənc oğlan cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Məmmədov Portuqaliyanın Odivelas şəhərində təşkil edilmiş dünya çempionatı ilə bağlı danışarkən deyib.
41 yaşlı mütəxəssis yalnız Yaponiya kollektivindən geri qaldıqlarını xatırladıb: “Budəfəki mundial son illərin ən güclü yarışlarından biri idi. Cüdoda Fransa və Cənubi Koreya kimi aparıcı ölkələr kişilərin mübarizəsində medal qazana bilmədilər. Yığmamızın çıxışını çox uğurlu qiymətləndirirəm. Bu, böyük nəticədir”.
2013-cü ildə Azərbaycana böyüklər kateqoriyasında ilk və yeganə dünya çempionluğunu qazandıran sabiq cüdoçu Portuqaliyada medal əldə etmiş idmançıların bu uğuru təkrarlamaq ehtimalına da toxunub:
“Bugünkü gənclər sabahın böyükləridir. Hazırda nəticə verirlərsə, əminəm ki, bir az çalışıb böyüklərdə də uğur qazana bilərlər. Rekorda gəlincə, kim əziyyət və zəhmət çəksə, intizamlı olsa, bəhrəsini də görəcək”.
Qeyd edək ki, yığmanın heyətində Vüsal Qələndərzadə (73 kq) qızıl, Nizami İmranov (60 kq) və Vüqar Talıbov (90 kq) gümüş mükafat əldə edib. Komanda medal sıralamasında ikinci yeri tutub.