Eşqi Bağırov Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor vəzifəsinə təyin olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Eşqi Bağırov Elm və Təhsil Nazirliyində əmək fəaliyyətinə 2014-cü ildən İnsan resursları şöbəsinin məsləhətçisi kimi başlayıb. O, 2016-2017-ci illərdə həmin şöbədə sektor müdiri, müdir müavini vəzifələrində, 2018-ci ildən isə şöbə müdiri vəzifəsində çalışıb. 2022-ci ildən nazirliyin Aparat rəhbərinin müavini səlahiyyətlərinin icrası ona həvalə edilib.
Həmçinin, Emin Əmrullayevin digər müvafiq əmri ilə Ülkər Səttarova Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Ü.Səttarova 2004-2016-cı illərdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda tədqiqatçı, 2014-2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Strateji planlaşdırma departamentinin müdiri, 2018-2020-ci illərdə strateji inkişaf üzrə prorektor olaraq fəaliyyət göstərib. 2020-2021-ci illərdə elm və təhsil nazirinin müşaviri, 2022-2023-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.