2024-cü il sona çatdı, köçdü tarixin yaddaşına – ağrılı günləri, sevincli anları ilə. Ölkəmiz adına elə beynəlxalq layihələrə imza atıldı ki, bütün dünya “Azərbaycan” dedi. Təkcə elə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Beynəlxalq layihənin başlanmasını və uğurla sona çatmasını qeyd etsək, kifayətdir.
Əlbəttə, bədxahlarımız da az olmadı. Özlərini sivil, mədəni, inkişaf etmiş adlandıran elə ölkələr tapıldı ki, Avropanın mərkəzindən, okeanın o üzündən dişlərini qıcadılar, ağızlarının üfunətini dağıtdılar üstümüzə. Təbii ki, bunlar ancaq ürək bulandırdı. Qonşularımız tərəfindən də naqisliklər özünü az göstərmədi. Ermənistanı başa düşdük, onlar özlərini əbədi və əzəli olaraq Türkə nifrətlə böyüdüblər. Onları bu ruhda böyüdən Rusiyanın, İranın namərdcəsinə atdıqları addımlar da az olmadı və davam etməyəcəyi gözlənilmir.
Artıq son bir günü qalmış 2024-ün Rusiya tərəfindən edilən ən böyük qəbahəti, cinayəti bütün dünyaya bu ölkənin nə qədər iyrənc toxumalardan bərqərar olmasından xəbər verdi; Bakı-Qroznı reysində uçan təyyərəmizə atılan raketlər, sonra da bütün insani, əxlaqi, humanist addımlara zidd olan iyrənc qərar vermək, təyyarənin qəza enişinə icazə verməmək… Bu davranış nəyə, hansı əxlaqa, hansı bəşəri hisslərə sığa bilər ki? Bu onların xislətidir. Bütün dövrlərdə sərhədlərini nahaq qan tökməklə, basqın və soyğunçuluqla genişləndirən və möhkəmləndirən Rusiyadan daha nə gözləmək olar ki?
Arxada qoyacağımız 2024-cü ilin uğurlarla əhatələndiyini də yazdım. Elə bu uğurlardı ki, özünün düşmən xislətini heç kəsdən gizləməyən Fransa və digər Avropa ölkələrini, özünü dost kimi təqdim edib, məşhur nağılda olduğu kimi zəhərini sancmağa fürsət gəzən Rusiya, İran kimi qonşularımızı rahatsız edirlər. Azərbaycan Rusiyanın (SSRİ-nin) buxovlarından qurtulduqdan sonra sözünü deməyi bacardığına, Rusiyanın xeyir-duası ilə torpaqlarımızı əsarətdə saxlayan Ermənistandan cəmi 44 günə “bağırda-bağırda” alması, 23 saat ərzində keçirdiyi anti-terror əməliyyatı ilə təmizləməsi, bayraqlarımızı külli Qarabağın bütün ərazilərində dalğalandırması çoxlarına xoş olmadı, əlbəttə. Amma Azərbaycan olaraq hərbi və iqtisadi gücümüzü sərgiləyə bildik. Şair demişkən, sübut etdik ki, VAR MİLLƏTİMİN İMZASI İMZALAR İÇİNDƏ! Ən böyük qürur yerimiz qalib ölkənin vətəndaşı olmağımızdır.
İqtisadi uğurlar, dedim, əlbəttə, bu uğurlarda təmsilçisi olduğum Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinin də payı az deyil. Bu məni sevindirir. 40 ildən çox bir müddətdə çalışdığım sahənin ölkə iqtisadiyyatına verdiyi töhfələr, əldə etdiyi uğurlar təqdir ediləsidir. Beynəlxalq tədbirlərdə, ölkələrarası yükdaşımalarda, yeni gəmilərin tikilməsində, yeni iş yerlərinin açılmasında ASCO-nun göstəricilri kifayət qədər çoxdur. Müharibə iştirakçıları olan, dənizçi ixtisaslarına sahiblənən gənclərin işlə təmin edilməsində göstərilən diqqət və qayğı isə, birmənalı olaraq, digər strukturlar müqayisədə də həddindən artıq irəlidədir.
Biz də “Dənizçilədə Sosial Dəstək” İctimai Birliyi olaraq dənizçilərimizin sosial, mədəni həyatında yadda qalan layihələrə imza atdıq. Layihələrimizin davamı olaraq son, “Peşə təhsilindən dünya sualarına qədər” və “Xəzərin çirklənmədən qorunması təşəbbüsləri” adlanan layihələrimiz məhz 2024-cü ildə həyata keçirildi. “İqlim dəyişmələrinin fəsadları ilə mübarizə, COP29-un qlobal mirası” adl layihə təklifimiz də 2024-cuü ilin adına yazıldı.
İlin sonudur. Bir gündən sonra yeni – 2025-ci il ilk qədəmini atacaq. Hər kəsi 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə təbrik edirəm. Çox yaşayın, xoş yaşayın!
Faiq BALABƏYLİ
şair, AYB-nin üzvü, “DSD” İB-nin İdarə Heyətinin sədri, gəmi kapitanı