Goranboy rayonunda 8-ci sinif şagirdinin energetik içki içdikdən sonra ölməsi hadisəsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Vəfat edən yeniyetmənin atası, Qaraçinar kənd sakini Vaqif Qəhrəmanov Publika.az-a bildirib ki, oğlu Xəyal Qəhrəmanov idmançı olub və qan damarlarındakı tromb səbəbindən ölüb: “Oğlumun energetik içkidən vəfat etməsi ilə bağlı səslənən fikirlər düzgün deyil. Bir müddət əvvəl hamamdan çıxndan sonra qabırğasının altında ağrılar olduğunu dedi və həkimə apardıq. Orada bildirdilər ki, sətəlcəm, yəni pnevmaniya olub. Amma səhhəti yaxşılaşmadığı üçün Elmi-Tədqiqat Pediatriya İnstituna – OMD adı ilə tanınan xəstəxanaya apardıq. Orada dedilər ki, damarlarında tromb yaranıb. Daha sonra “Medistyle” xəstəxanasına yerləşdirdik, orada da eyni diaqnozu qoydular və trombun ürəkdə yarandığını bildirdilər. Biz analizləri Türkiyəyə də göndərdik, amma bu vəziyyətin hansı səbəbdən yaranmasını tapıb deyən olmadı. Təklif edildi ki, açıq ürək əməliyyatı keçirilsin və tromb çıxarılsın. Onda da artıq gec idi”.
V.Qəhrəmanov əlavə edib ki, oğlu bir çox yarışlarda iştirak edib, Türkiyədə yeniyetmələr arasında keçirilən dünya çempionatında çempion olub.
Qeyd edək ki, bir çox xəbərlərdə 15 yaşlı Xəyalın idmançı kimi məşq edərkən energetik içki qəbul etdiyini və bu səbbədən onun səhhətində ciddi problemlərin yarandığı qeyd edilib.