Erməni araşdırmaçı jurnalist Qayane Zərgəryan Ermənistan ordusunda zabitlərin əsgərlərə qarşı qanunsuz hərəkətləri ilə bağlı yeni təfərrüatı açıqlayıb.
Bu barədə jurnalist özünün “Youtube” kanalında danışıb.
“Şiddətli döyülən hərbi qulluqçu ilə telefon danışığı zamanı məlum olub ki, onu vuran, sonra isə alçaldan zabitlərdən biri bölmənin komandiri, polkovnik Qarik Muradyandır.
Yeni xidmətə başlayan şəxsin sözlərinə görə, bundan sonra mübahisə başlayıb və o, özünü müdafiə etmək istəyib. “Özünə hörmət edən istənilən gənc eyni şeyi edərdi. Mən eyni şəkildə cavab verdim”, – deyə o bildirib.
Məlum olub ki, bu hadisədən sonra onu Qafan hərbi polisinə göndəriblər, orada onu ikinci dəfə döyüblər və bildiriblər ki, bunu əsgərin əmrə tabe olmadığı üçün edirlər.
“Mən onlara dedim ki, əmrləri yerinə yetirirəm, amma komandir nizamnaməyə uyğun olaraq əmr vermədi. Məni dörd nəfər döyürdü. Onların uniformalı hərbi polis olduqlarını açıq-aydın gördüm”, – deyə əsgər bildirib.
Ondan niyə bu barədə danışmadığını soruşanda sualıma cavab verərək dedi ki, qorxur, baş verənlərlə bağlı heç kimə heç nə deyə bilməyib, çünki yenidən döyülə və işgəncələrə məruz qala biləcəyini düşünüb.
Döyüldükdən sonra hərbi hissəyə göndərilsə də, qolu sındığı üçün xəstəxanaya köçürülüb.
“Əgər birimiz döyülürüksə, bunu gizli saxlayırıq və bu, normal hal sayılır. Döyülən başqa çağırışçılar da var, amma adlarını açıqlamaq istəmirəm. Onlar saçlarını yaxşı qırxdırmadıqlarına, ya da üzlərini qırxmadıqları üçün döyülüblər”, – deyə əsgər bildirib.
O, hərbi hospitalda olanda da ayağından travma aldığını və qolunun sındırıldığını deməyib, qorxub. Xəstəxanada isə tibb bacılarına verdikləri dərmanların onda allergik reaksiya yaratdığını və sağlamlığına çox pis təsir etdiyini deməsinə baxmayaraq, yenə də eyni preparatları verməyə davam ediblər.
Əsgər mənə dedi: “Mən hər hansı psixoloji xəstə deyiləm. Hərbi xidmətə çağırılmamışdan əvvəl tibbi müayinədən keçdim və kifayət qədər sağlam idim, lakin beş gün ərzində məni bu vəziyyətə gətirdilər”, – deyə jurnalist Zərqəryan kanalında söyləyib.
Xatırladaq ki, erməni araşdırmaçı jurnalist bundan əvvəl də Ermənistan ordusunun əsgərlərinin adi məişət şəraitlərinin olmamasından bəhs etmiş, onların hətta tualetə getmək üçün qonşuluqdakı kəndə yollandığını bildirib.