“Erməni həqiqət və ədalət mərkəzinin” ağ yalanı – 200 əsir?..

“Erməni həqiqət və ədalət mərkəzinin” ağ yalanı – 200 əsir?..

Faiq Balabəyli: “Torpaqlarımızın işğal olunmasında iştirakı olan, terror hadisələrini törədən hərbi əsir və onların təbirincə desək, girov götürülənlər varsa bunların hər biri qanuni olaraq saxlanılır”

“Azərbaycanda qanunsuz saxlanılan bütün siyasi məhbuslar, hərbi əsirlər və girovlar beynəlxalq hüquq normalarına uyğun olaraq dərhal azad edilməlidir”. Bu barədə Həqiqət və Ədalət Mərkəzinin “Azərbaycan bütün siyasi məhbusları, girovları və əsirləri azad etməlidir” başlıqlı hesabatında deyilir.

Image

Hesabatda qeyd olunur ki, 2020 və 2023-cü illərdə “Dağlıq Qarabağa qarşı” aparılan müharibələr zamanı Azərbaycan hakimiyyəti 200-ə yaxın erməni mülki və hərbçisini əsir götürüb: “Onlarla insan Azərbaycan həbsxanalarında qeyri-qanuni olaraq qalır, bəziləri məhkəməni gözləyir, digərləri isə qanunsuz olaraq uzun müddətə azadlıqdan məhrum ediliblər. 2020-ci ildən bəri Dağlıq Qarabağ və onun ətrafında, eləcə də Ermənistan sərhədlərində naməlum sayda erməni mülki şəxs Azərbaycan tərəfindən əsir götürülüb”.

Hesabatda bildirilir ki, guya Azərbaycan tərəfi 200-dən artıq dinc erməni vətəndaşını əsir kimi götürüb. Ancaq bu yalandır.

“Mülkü şəxsləri əsir və girov götürərək onlara işgəncə verən Ermənistan tərəfi olsa da, adıçəkilən Mərkəz diqqəti əsas məsələdən yayındırır, ölkəmizi suçlamaqdan çəkinmir”

Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bunları dedi: “Həqiqət və Ədalət Mərkəzinin bu cəfəngiyat dolu hesabatından da görünür ki, adına “Ədalət” və “Həqiqət” yarlığını yapışdıran bu mərkəz nə qədər saxta və tərəf saxlayan bir mərkəzdir. Birincisi,  torpaqlarımızın işğal olunmasında iştirakı olan, terror hadisələrini törədən hərbi əsir və onların təbirincə desək, girov götürülənlər varsa bunların hər biri qanuni olaraq saxlanılır. Əlbəttə, Azərbaycan Respublikasının qanunları çərçivəsində. Deyirlər ki, onlar beynəlxalq hüquq normalarına uyğun olaraq dərhal azad olunmalıdır. Niyə? Axı Azərbaycan tərəfi 2020-ci ilin sonlarında və sonrakı illərdə 100-lərlə erməni silahlı qüvvələrinin təxribatçı qoşun növlərinin təmsilçisi olan, eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi regionunda qanunsuz fəaliyyət göstərən silahlılarını əsir götürüb də qısa zaman kəsiyində də azad etmişdi. Həmin azad olunanlar yenidən silahlanıb ərzaimizdə dinc əhaliyə atəş açmaqdan, terror törətməkdən, ərazilərimizi minalamaqdan belə çəkinmədilər. Ünvanımıza da şər-böhtan yağdırdlar. Həqiqət və Ədalət Mərkəzinin funksionerləri bunları görmürmü? Mülkü şəxsləri əsir və girov götürərək onlara işgəncə verən Ermənistan tərəfi olsa da, adıçəkilən Mərkəz diqqəti əsas məsələdən yayındırır, ölkəmizi suçlamaqdan çəkinmir. O ki qaldı adıçəkilən həqiqətdən və ədalətdən uzaq olan Mərkəzin onlarla insan Azərbaycan həbsxanalarında qeyri-qanuni olaraq qalır, bəziləri məhkəməni gözləyir, digərləri isə qanunsuz olaraq uzun müddətə azadlıqdan məhrum edilib fikirlərinə, qəribədir, ərazimizdə ölüm, terror, işğalçılıq siyasəti yeridənlərin antiterror əməliyyatı və haqq savaşı zamanı əsir götürülərək ölkəmizin qanunları çərçivəsində həbsxanalarda saxlanması nə vaxtdan qeyri-qanuni olub? Cinayətkarı əlbəttə məhkəmə yolu ilə cəzasına çatdırmaq lazımdır ki, Azərbaycan da bunu əsas prinsip və qanun olaraq edir və etməlidir də. Əli silahı terror aktına imza atanların saxlanması tam qanunidir və əgər bu 200 nəfərdirsə, çox azdır. Xocalıda, Meşəlidə və digər yaşayış məskənlərində dinc əhalini qətlə yetirən bütün cinayətkarlar müəyyən edilib saxlanmalı və cəzalarını almalıdırlar”.

Günel CƏLİLOVA

Bakı-xəbər

 

Share: