Erməni lobbisinin rəhbərlərindən biri Xocalı qətliamını törətfiklərini etiraf etdi

ABŞ-dakı radikal erməni lobbisinin təhriki ilə Kaliforniya Ştat Senatında fevralın 28-də təşkil olunan, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələrdə lobbi nümayəndəsi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və təhrif olunmuş məlumatlar səsləndirilib.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, dinləmələrin ardınca zaldakılar şərh və suallar verməyə dəvət olunublar.

Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri faktlara əsaslanan çıxışlar edərək, səsləndirilən yalan məlumatları ifşa ediblər. Onlar həm senatorları, həm də çıxış edən erməni lobbisinin nümayəndəsini haqsız olduğunu bildirib, Sumqayıt hadisələrinə toxunulduğu halda niyə heç bir yerdə Xocalı faciəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş 1 milyona yaxın qaçqın və məcburi köçkün haqqında bəhs edilmədiyi, nəyə görə Azərbaycan icmasından heç kimin çıxış üçün dəvət olunmadığı və məsələlərə birtərəfli yanaşılması ilə bağlı suallar ünvanlayıblar. Suallardan yayınmağa çalışan senator E. Portantinoya erməni icmasının üzvləri dəstək verməyə çalışıblar.

Onlardan biri, Amerika Erməni Assambleyasının ABŞ-ın Qərb region üzrə direktoru Mihran Tumacan (Toumajan) çıxışında həm özünü, həm də bütün erməniləri çətin vəziyyətə salaraq, Ermənistanın Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı qırğın törətdiyini etiraf edib və dolaşıq fikirləri ilə əslində özlərini ifşa edib.

M. Tumacanın çıxışında bunları deyib: “Mən burada azərbaycanlı tələbələrin səsləndirdiyi fikirlərə cavab vermək istəyirəm. Onlar yanlış olaraq Xocalıda baş verənləri soyqırım adlandırırlar. Orada baş verənlər soyqırımı deyil, faciədir. Gənc yaşında həlak olmuş tanınmış azərbaycanlı jurnalist Çingiz Mustafayevin faciə yerindən çəkdiyi videolar açıq-aydın göstərir ki, Ermənistan silahlı qüvvələri Xocalıda yaşayan azərbaycanlıları öncədən xəbərdarlıq etmişdi ki, Xocalıda gərgin döyüşlər gedəcək. Bundan başqa, Ermənistan qoşunları mülki əhalinin sərbəst çıxması üçün dəhliz də açmışdı. Çoxlu azərbaycanlı bu dəhlizdən keçib gedə bildi, ancaq bir çoxu da keçə bilmədi. Çingiz Mustafayev və hadisə yerindən reportajlar hazırlayan digər azərbaycanlı jurnalistlər də qeyd ediblər ki, çoxlu sayda azərbaycanlı məhz o dəhlizdən keçməyi üçün öldürülüb”.

Faktiki olaraq erməni lobbisinin Amerikadakı rəhbərlərindən biri olan bu şəxs çıxışında Xocalıda azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsini etiraf edib.

Share: