(Əvvəli burda http://www.mustaqil.az/2017/11/04/qazaxistanli-r%C9%99fiq%C9%99l%C9%99rin-baki-mac%C9%99ralari-reportaj/;http://www.mustaqil.az/2017/11/07/2043/)
Şair Müzəffərin ürəyinin belə yuxa olmasını təsəvvür etməzdim. Rozaya dedim ki, ay insafsız, heç belə kişinin də ürəyinə xal salmaq olar?!
Roza Müzəffər kişinin boynunu qucaqladı:
– Onu atam kimi çox istəyirəm, o, mənim doğma atam kimidir.
Hiss etdim ki, qadın doğrudan da şairimizə məhrəm münasibət bəsləyir. Şair Müzəffərin siqaret çəkməkdən, az qala, qara ayaqqabı boyasının rəngini alan dodağı aşağı sallandı. Dodaqaltı mızıldandı. Deyəsən, Rozanın ona “ata” deməsi kişini heç açmadı. Kişinin halını görüb Rozaya dedim:
– Ay xanım, bu adam dizlərini yerə qoyub, sənə şeir yazır, sənsə bunun ümidlərini söndürürsən. Bunun övladlarına nə gəlib ki özünü buna övlad hesab edəsən? Sən şairimizin ilham pərisi olmalısan, ruhu göylərə təcalla eləsin, yazıb-yaratsın.
Azərbaycan dilində tələsik dediyim sözləri, deyəsən, o qədər də başa düşmədi. Şair Müzəffər isə boynunu çiyninə tərəf qısıb yazıq-yazıq üzümə baxdı, sanki demək istəyirdi ki, qadanı alım, gör bir neynirsən…
Artıq gec idi, bir azdan şam yeməyi başlayacaqdı. Roza hazırlaşmağa getdi.
Müzəffər kişi özünə çay süzdü. Ayağını ayağının üstünə aşırdı. Şairə dedim ki, səndən yazı yazmaq istəyirəm, əvvəlcə razılaşmadı. Sonra biləndə ki, söhbət onun keçmişindən, qanlı- qadalı ömründən gedir, razılıq verdi.
Qərara gəldik ki, şam yeməyindən sonra həyatını vərəqləsin. Amma buna heç vaxt da lazım olmadı. Söhbətimiz alındı.
Müzəffər kişi dəmiryolçu olub. Qarabağdandır. Qarabağ düşmən caynağına keçib işğal olunduqdan sonra Saatlıda məskunlaşıb. Həyat yoldaşı hələ Füzulidə olarkən, müharibədən əvvəl dünyasını dəyişib. O vaxtdan da gözü gözəyatımlı qadınlarda olsa da, heç kəslə ünsiyyət qurmayıb:
– El-oba cəmdəyimə tüpürər, – deyir – Buna baxma, yad yerin qızıdır, özü də başına and olsun, onların ikisi də bura gələndə fikirləşiblər ki, yaxşıca dincəlsinlər. İntəhası bir az yaşım çoxdur. Baxma, mən qadın düşkünü deyiləm, amma bu da keçilən azaraqalmış deyil.
“Bu” deyəndə Rozanı nəzərdə tuturdu. Bir şeir yazmaqla elə başa düşürdü ki, Rozanın saqqızını oğurlaya bilər. Elə zənn edir ki, Sovetlər vaxtının romantik həyatını yaşayırıq. İndi şeirə, şairə o qədər də doğmalıq yoxdur axı…
Şair Müzəffərə bu fikirdən daşınmağı da məsləhət görmədim, sadəcə, “söhbətimizin yekununda sarı simlərə toxunarıq. İndi isə ömrünün ötən anlarını vərəqlə”, – dedim.
Şair Müzəffər, “Soyuz”un hər yerində olmuşam”, – deyir – Hətta xarabaya qalmış Ermənistanda da. Bax, oturub fikirləşirəm ki, bunlar niyə bizə düşmən olsun? Arvadları ilə İrəvandan belə gəzərdik. “Uf” da demədən qulluğumuzda olardılar. Özlərini bazara çıxarmırdılar, könül quşu ki pərvaz elədi, o saat köksünə qonardılar. Düzdür, həmişə ehtiyat etmişik, onların məkrli olması məlumdur axı. Amma bu qədər olacağını hardan bilərdik.
– Şair, bu arvadların dərdi səni, deyəsən, “spisat” eləyəcək. De görüm, nə vaxt hiss elədin ki, şair olmalıydın, ola bilmədin?
Sözlərimə kəskin reaksiya verdi:
– Mən şairəm. Bayaqdan özün tərifləmirdin?!
– Şairsən e… kitabın da çıxıb. Amma sən rəhmətlik Bəxtiyar Vahabzadə, Cabir Novruz, Söhrab Tahir olmadın da, onu demək istəyirəm.
– Onlar şeir yazıb, paçka-paçka pul qazananda mən qatar sürürdüm. Vaxtım var idi?!
Şair Müzəffərlə söhbətimi yaddaşıma köçürürəm. Qələm-kağız götürsəm, diktofonu işə salsam, səmimi olmayacaq.
Şairin dirsəyinin altına qoyduğu kitaba fikir verirəm. Şairin “Ulu əcdadımın varisiyəm mən” şeirlər kitabı qalın üzlü kitabdır. Əlindən, gözündən bir an qırağa qoymur. Kitaba baxdığımı görüb dedi:
– Nəvələrimin təkidi ilə çap etdirdim.
Elə kitaba “Ön sözü” də nəvəsi yazmışdı.
Onunla söhbət etdikcə rəğbətimi qazanırdı. Bir elin, tayfanın ağsaqqalı adını daşıya biləcək adamdır. Zəmanənin nəbzini tuta bilməsə də, gözlərinin qabağındadır olacaqlar və olanlar. Hər şey haqda məntiqlə fikir yürüdür. Düzdür, şeirləri zəifdir, amma səmimidir. Özünün yaşantılarıdır. Doğulduğu kəndə, yaşadığı məkana, ətrafında baş verən eybəcərliklərə, haqqa nahaq qatanlara da etinasız qalmayıb. Bacardıqca qamçılayıb, yazıb, güzgü tutub.
– Müzəffər dayı, bu qədər sevgidən yazmısan, harda qadın görürsən “yaxınlaşırsan”, bunu nə ilə izah edərsən?
– And olsun qızıldan qiymətli başına, əgər onlara qarşı pis bir niyyətim varsa, daha mənim bu ağ saçlarım kəfənim olsun. Hamısı yurdumun, elimin qızları deyillərmi? Hamısının qəlbində bir bala dağı, nəvə dağı var. Hamısının ürəyi arı pətəyi kimi deşik-deşikdir. Könüllərini almırammı bu şeirlərlə?! Hamısı mənə “qardaş” demirmi bu başı örpəklilərin?
– Müzəffər dayı, bilirəm e, amma bax, bu vərəqini qatladığın yer var ha, aç o səhifədəki şeirə baxaq… Ver özüm oxuyum.
Kitabı könülsüz halda uzadır:
– Nə var ki burda? Məktub yazmışam da… Kimə lazım olsa, köçürüb istədiyinə göndərər.
Şeiri oxuyuram:
Quşların səsinə oyanıb gördüm
öz həyətindəsən, qonşunun qızı,
Xınanı o qədər qalın yaxmısan,
qorxuram deyələr, başı qırmızı.
Mən yazan məktuba cavab vermədin
dedin ki, qocalıb, ta əldən düşüb.
Əlimi uzatdm, niyə görmədin
əlim göydə qalıb, görən gülüşüb…
Kitabı şair Müzəffərə qaytarıram.
– Bu nədir, başdan-ayağa sevgidir, yaxşıdır e… Amma şeiri iki il qabaq yazmısan, 76 yaşında.
– Yox, 75 yaşımda yazmışam.
– Lap olsun 74 yaşında. Xalxın qızına əl niyə atırsan? Ayıbdır axı…
Səsimin və sözümün ciddiliyi Müzəffərə xoş gəlmədi:
– Oğlum yaşındasan, amma danışığına bax. Sən bilmirsən ki, şairin qocası, cavanı olmur?
– Niyə olmur, olur, bax, sən pensiya alırsan, mən yox, demək, sən qoca şairsən, mən cavan.
Şair razılaşmır, kürəyini yerə vermək istəmir ki istəmir:
– Yox, mən qoca dəmiryolçuyam və pensiya alıram, şair kimi ruhum cavandır, sevgi şeiri yazıram.
Məndən tamam küsüb. Könlünü alıram:
– Çox düzgün buyurdun. Atalar yaxşı deyib, Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma. Necə də müdrik sözlər dedin. Allahımdan həmişə razı qalmışam, mənim qarşıma sənin kimi müdrikləri çıxarıb, öyrənirəm, görürəm, götürürəm…
Sözlərim xoşuna gəldi. Ona görə də yerini bir qədər rahladı. Telefonunda saata baxdı. Şam yeməyinin vaxtına lap az qalırdı:
– Gedək toqqanın altını bərkidək, sonra danışarıq. O qonşu həyətdəki isə qonşunun dul baldızı idi. Hər səhər bağda gəzirdi ki, ona baxım…
Sonra əlini əlinə sürtdü, dili ilə dodaqlarını tumarladı:
– Bah, bir yaxşı arvad idi ki, amma mən ona heç gözümün ucu ilə də baxmadım.
– Şair, bəs şeir yazmısan axı…
– Mən şeirlərimin hamısını rəhmətlik arvadıma yazmışam, elə o Rozaya yazdıqlarımı da…
(ardı var)