Müstəqil.Az AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramovun tarixçi-alim Vasif Qafarovun Xalq Cümhuriyyəti ilə bağlı səsləndirdiyi faktlarla bağlı müsahibəsini təqdim edir:
– Vasif Qafarovun Xalq Cümhuriyyəti ilə bağlı səsləndirdiyi faktlar böyük rezonans yaradıb. O bildirib ki, Tələt və Ənvər paşalar Qafqazda iki dövlətin – Azərbaycan və Gürcüstanın yaradılmasının tərəfdarı idi. Ancaq Xalq Cümhuriyyətinin qurucuları israrla erməni dövlətinin yaradılmasını istəyiblər və buna görə ermənilərə torpaq güzəşt etməyə hazır olduqlarını bildiriblər. Vasif Qafarovun sözləri nə dərəcədə həqiqəti əks etdirir?
– Vasif Qafarovun səsləndirdiyi fikirlər tarixi sənədlərdə öz əksini tapıb. Bu sənədləri o özü Türkiyə arxivlərində işləyərək toplayıb və ölkəmizə gətirib.
2009-cu ildən etibarən bu arxiv sənədlərini özü dissertasiya işi kimi müdafiə edib və monaqrafiya şəklində nəşr etdirib. Onu da qeyd edim ki, Vasif Qafarovun əlində olan tarixi sənədlər 1918-ci il mayın 13-dən başlayaraq, may ayının 29-na qədərki bir tarixi prosesi əhatə edir. Bu müddət ərzində aparılan bütün danışıqlar, rəsmi sənədləri Vasif Qafarov toplayıb. Məhz bu sənədlərə istinadən o, bu qədər əmin və rahatlıqla danışa bilir. Yəni o, nə deyirsə, doğru deyir.
Məsələ ondadır ki, Azərbaycanı danışıqlarda Məmməd Əmin Rəsulzadə və Məhəmmədhəsən Hacınski təmsil edirdi. May ayının 20-sindən sonra isə əlavə bir neçə insan danışıqlara qoşulur, o cümlədən İstanbuldan Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu.
Azərbaycan o zaman iki Gümrü şəhərinin və onun ətrafında olan ərazilərin ermənilərə verilməsində israr edirdi. Məsələ ondadır ki, Türkiyədə Tələt Paşa ilə Ənvar Paşadan başqa daha iki şəxs vardı. Bunlar Xəlil bəy Menteşe və Vəhim Paşa idi. Danışıqlar zamanı erməni dövlətinin yaranmasında ilk təşəbbüsü Xəlil bəy Menteşe irəli sürüb. Menteşe Azərbaycanın ermənilərə torpaq güzəştə getməsi təklifini səsləndirib.
Dediyim bu tarixi hadisələrin hər biri rəsmi sənədlərdə əksini tapıb və bizim əlimizdədir. Bu sənədləri tədqiq edən və bizə gətirən isə məhz Vasif Qafarovdur. Burada kiminsə xoşuna gəlmək, ya da kiməsə böhtan atmaqdan söhbət belə gedə bilməz.
– Vasif Qafarov Rəsulzadə və Hacınskinin Tələt və Ənvər paşaların erməni dövlətinin yaranmaması barədə mövqelərinə qarşı getdiklərini bildirib.
– Bəli, Rəsulzadə və Hacınski digər tərəfin mövqeyini müdafiə edib. Tarix elmi elə bir sahədir ki, o, yalnız faktlara söykənir. Özü də bir fakta yox, bir neçə fakta. Bu faktlar analiz edilir və ən sonda müəyyən bir fikir irəli sürülür. Bu mənada Vasif Qafarova qarşı hücum edənlər haqsızdır.
Bu məsələ ilə bağlı bütün sənədlər Tarix İnstitutundadır. Cəmil Həsənlinin bu gün Vaqif Qafarov kimi alimi tənqid və təhqir etməsi heç bir məntiqə sığmır. Cəmil Həsənli 2002-ci ildə Şəhidlər Xiyabanı tərəfdə ingilis və rus əsgərləri üçün abidə ucaltmaq istəyi ilə ingilis səfirlə birlikdə Tarix İnstitutuna gələn adamdır. İnstitutun ovaxtkı direktoru, mərhum akademik İqrar Əliyev Cəmil Həsənlinin yanında ingilis səfirinə “siz burada işğalçı idiniz, sizi heç kəs dəvət etməmişdi. Siz o lövhəni babanızın evində vura bilərsiniz. Şəhidlər Xiyabanı Azərbaycan xalqının müqəddəs yeridir” demişdi.
Cəmil Həsənli 26 Bakı komissarları məsələsində də çox canfəşanlıq edirdi. Biz yaxşı bilirik ki, Cəmil Həsənli Moskvadakı erməni tarixçiləri ilə əməkdaşlıq edir.
Yəni belə şəxsin Vasif Qafarovu milli tariximizlə bağlı ittiham etməsi saxtakarlıqdır.
Ölkə başçısı 2003-cü ilin sonunda AMEA Tarix İnstitutuna çağrış etdi. AXC dövrünün, o cümlədən İrəvanın ermənilərə verilməsinin tam və düzgün araşdırılmasını tapşırdı. Biz bu çağırışa cavab olaraq kollektiv bir monoqrafiya tərtib etdik. Bu monoqrafiyada Çar Rusiyasının Cənubi Qafqazı işğalı və erməniləri bu ərazilərə, o cümlədən İrəvan və Qarabağ xanlıqlarının ərazisinə köçürməsi məsələləri də öz əksini tapdı. Tarixi həqiqətlər nə idisə, biz onları ortaya qoyduq. Onu da qeyd edim ki, ermənilərdən heç kim bu tarixi həqiqətlərə etiraz edə bilmədi.
Rəsulzadə və Hacınskinin Tələt və Ənvər paşaların erməni dövlətinin yaranmaması barədə mövqelərinə qarşı getməsi məsələsi də doğrudur. Məsələ ondadır ki, Batumda danışıqlar zamanı Tələt və Ənvər paşaların mövqeyi ilə Xəlil bəy Menteşe ilə Vəhim Paşanın mövqeyi tam fərqli idi. Son nəticədə isə Azərbaycan tərəfi Xəlil bəy Menteşe ilə Vəhim Paşanın təklifini daha məqbul saydı. Belə olanda isə Osmanlı paşaları Gümrünü güzəştə getməkdən imtina etdi və İrəvan şəhəri də bu zaman gündəmə gəldi. Ermənilərə İrəvan və İrəvanın ətrafında təxminən 9 min kv.km-lik ərazi güzəştə gedildi ki, onlar bu ərazidə dövlətlərini yaratsınlar.
Lakin baxın, bu güzəştin nəticələri nə dərəcədə böyük faciələrə səbəb oldu. Bu gün İrəvanda artıq bir nəfər də olsun azərbaycanlı yaşamır. Üstəlik, Ermənilər Azərbaycanın torpaqları hesabına öz ərazilərini 29 min kv.km-ə çatdırdılar. Nəhayət, Qarabağa iddia etdilər…
Turan R.